Emin Həsənli: “Ali məktəblərdə hərbi dərslər keçirilsin” – TƏKLİF
03 oktyabr 2012 13:13 (UTC +04:00)

Emin Həsənli: “Ali məktəblərdə hərbi dərslər keçirilsin” – TƏKLİF

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB)sədri Emin Həsənli ali məktəblərdə hərbi dərslərin keçirilməsini təklif edib. Emin Həsənli Lent.az-a açıqlamasında deyib ki, hazırda atəşkəs rejimidir, ancaq bu nə sülh, nə müharibədir, düşmən də tez-tez atəşkəs rejimini pozur.


Azərbaycanın həssas regionda yerləşdiyini qeyd edən TOHGMİB bildirib ki, gənclərimizin hərbi hazırlığı yüksək səviyyədə olmalıdır. Onun sözlərinə görə, sovetlər dönəmi ali məktəblərdə hərbi kafedralar olub, sonradan bu kafedralar ləğv edilib. Ali təhsilli gənclər Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində kurs keçdikdən sonra zabit kimi də xidmət edə bilər: “Söhbət ali məktəblərdə hərbi kafedraların bərpa edilməsindən getmir. Ali məktəblərdə hərbi dərslər keçirilsə, yaxşı olar. Həm də gənclərimizin fövqəladə vəziyyətlərə hazırlığı da diqqət mərkəzində olmalıdır. Zəlzələ, yanğın zamanı nə etmək lazımdır, gənclər bunları bilməlidirlər. Mülki və fövqəladə hazırlıq birgə, hərbi hazırlıq isə ayrıca dərs kimi keçirilməlidir. Keçmişdə ali məktəblərdə hərbi kafedralar fəaliyyət göstərən zaman tələbələr hərbi hissələrdə təcrübədə olurdular. İndi yaxşı olardı ki, ildə bir həftə, on gün də olsa, hərbi hissələrlə əməkdaşlıq olsun, təlim mərkəzlərindən istifadə edilsin”.


Emin Həsənli hesab edir ki, ali məktəblərdə hərbi dərslərin keçirilməsi həm tələbələrdə həm orduya marağı artıracaq, həm məlumatlı olacaq, həm də bu dərslər onların gələcəkdə hərbi xidmətə hazırlığını təmin edəcək. O, orta məktəblərin 9-11 siniflərdə çağırışaqədər gənclərin hərbi hazırlığı ilə bağlı işi də sürətləndirməyi vacib sayıb: “Həm orta məktəbdə, həm də ali məktəblərdə bu addımlar atılmalıdır ki, sabah gənclərimiz hərbi qulluq zamanı tam hazırlıqlı olsunlar. Əsgərliyə gedənə qədər həm mənəvi, həm psixoloji cəhətdən hazırlıqlı, ümumi ibtidai hərbi biliklərə yiyələnmiş olsunlar”.


TOHGMİB sədri vurğulayıb ki, gələcəkdə peşəkar ordu quruculuğuna keçsək, alternativ xidmət məsələsi, o cümlədən magistrlərə güzəşt məsələsi öz həllini tapacaq. Bir müddətdən sonra hərbi xidmətlə bağlı yaş limiti də endirilə bilər: “Yaxın vaxtlarda bu məsələlər həllini tapacaq. Amma bütün bunlara baxmayaraq, hər bir gəncimizin hərbi xidmətə hazırlanması məsələsi gündəmdə olmalıdır. Biz sabah peşəkar orduya keçsək də, ehtiyatda olan gənclərimiz hazırlıqlı olmalıdırlar. Bu baxımdan universitetlərdə hərbi dərslərin keçirilməsinə hazırlıq sürətlənməlidir. Eyni zamanda orta məktəblərdə də hərbi hazırlıq dərsləri yüksək səviyyədə olmalıdır. Bütün bunlara görə də həmin dərsləri deyəcək müəllimlər xüsusi kurslardan keçirilməlidirlər. Yaxşı olar ki, bu kursları Müdafiə Nazirliyi və Təhsil Nazirliyi birgə təşkil etsin, müəllimlər hərbi təlim-tədris mərkəzlərində, hərbi məktəblərdə bu kursları keçsinlər. Ordu məsələsi tək Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin işi deyil. Uşaq bağçası, məktəb, ali məktəb dönəmi diqqət mərkəzində olmalıdır. Bu işdə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, QHT-lər və mətbuatın üzərinə çox böyük yük düşür. Gənc hərbi qulluğa qədər orduya tam hazırlanmalı, ordu da ictimaiyyətin diqqət və qayğısını görməlidir. Gənclər ordudan tərxis edildikdən sonra da hazırlıq davam etməlidir ki, müharibə başlayanda hazırlıqlı olsunlar”.


İndiyə qədər də bu sahədə islahatların aparıldığını qeyd edən Emin Həsənlinin sözlərinə görə, Müdafiə Nazirliyi tərəfindən təlim-tədris mərkəzlərinin yaradılması, müasir texnologiyalardan istifadə edilməsi, hərbi təhsil müəssisələrində kadr potensialının hazırlanması, eyni zamanda ictimaiyyətlə əlaqənin get-gedə sıxlaşması göz önündədir: “Ali məktəblərdə hərbi dərslərin keçirilməsi bu yöndə işləri sürətləndirəcək”.
# 1802

Oxşar yazılar