İş №585: İnternet tanışlığından “ekstazi” alverinə qədər uzanan yol
15 noyabr 2008 13:10 (UTC +04:00)

İş №585: İnternet tanışlığından “ekstazi” alverinə qədər uzanan yol

Əvvəli - http://www.lent.az/news.php?id=11022

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə 585 saylı cinayət işinin məhkəmə baxışı başlayıb. Bir daha diqqətinizə çatdıraq ki, prosesdə Ali Məhkəmənin sabiq sədri Südabə Həsənovanın qardaşı, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və başqaları mühakimə olunurlar. Məhkəmə davam etməyində olsun, biz isə bu cinayət işinin istintaq materiallarını diqqətinizə çatdırmaqda davam edirik. Ötən yazımızda Orxan Nadirovun istintaq zamanı verdiyi ifadədən söhbət açırdıq.

Sürücünün bacarmadığını xalq artistinin oğlu bacardı

Qeyd etdiyimiz kimi, Y.Həsənov sürücüsünün Türkiyədən ekstazi gətirərkən tutulacağından ehtiyatlanıb, onu əliboş geri çağırır. Onun yerinə O.Nadirov Türkiyə gedir. Nadirov tapşırığın yerinə yetirilməsində çətinlik çəkmir. Çox maraqlıdır ki, həmin vaxt Bakıda hüquq-mühafizə orqanlarında ekstazi həblərinin gətiriləcəyi barədə məlumat olub. Amma O.Nadirov bu həbləri gətirməkdə heç bir çətinlik çəkməyib. O.Nadirov təlimata uyğun hərəkət edir. Təyyarə vasitəsilə Türkiyəyə gedən O.Nadirov elə hava limanındanca Y.Həsənovun verdiyi telefon nömrəsinə zəng edərək, Sezgin adlı birisinə artıq Türkiyədə olduğunu deyir. Səhəri gün onlar “Taksim” meydanında görüşürlər. Sezgin ilk görüşdəcə ona həbləri vermir. Bildirir ki, axşam səni hava limanına aparmaq üçün arxanca taksi göndərəcəm və həblər dolu çanta orada olacaq. Axşam görüşündə Sezgin bir aptekin qarşısında avtomobili dayandırıb uşaq üçün vitamin alacağını bildirsə də, oradan əlində çıxardığı qutuda Y.Həsənova çatacaq ekstazi həblərinin olduğunu bildirir. O.Nadirov ifadəsində bildirib ki, həmin həblərdən özünün də istifadə etmək istədiyini deyib. Türkiyəli alverçi isə bildirir ki, bu həblər ziyansızdır, amma yenə də bundan məsləhətlə istifadə etmək lazımdır, əks halda ziyanlı ola bilər. Sezgin dərmanları qara rəngli çantanın içərisindəki qış geyimlərinin arasında gizlədərək, O.Nadirova verir. Hava limanına gedərkən O.Nadirov artıq təyyarə biletinin hazır olduğunu görür. O, kassaya pul ödəmədən bileti götürüb, Bakıya gəlir. Y.Həsənovun əvvəlcədən bildiyi kimi, xalq artistinin oğlunu ciddi yoxlamadan keçirmirlər. Bakıda hava limanında isə onu artıq Y.Həsənovun sürücüsü H.Həsənov gözləyirdi. Sürücü ona bildirir ki, Mahir adlı dostları maşınla bir az irəlidə gedir və onlara çatmalıdırlar. O.Nadirov ifadəsində söyləyir ki, Mahirin kim olduğunu bilmir, yalnız onu bilir ki, atası uzun müddət Bakı Şəhər prokuroru olub və hörmətli şəxsdir. Və şəhərdə onların maşınına çatanda görür ki, orada Əli İsmayılov və Y.Həsənov da var və onların əhvalı yüksəkdir, sərxoş kimi görsənirlər. Y.Həsənovun evinə gedib, haqq-hesab edirlər.

Y.Həsənovun evinin qarşısında gözləyərkən O.Nadirov Əli İsmayılovdan “hamınız bura yığışmaqda xeyr ola” deyərək soruşur. Ə.İsmayılov isə deyir ki, bu gecə bağa gedib kef edəcəklər, tədbirdə qızlar da iştirak edəcək. Sonra O.Nadirov Y.Həsənovun başqa bir təlimatını yerinə yetirir – “Abşeron” mehmanxanasının yanında qalan avtomobilini gətirir. Avtomobili gətirəndə söhbətdən başa düşür ki, tədbir Mahirgilin bağ evində təşkil olunub. O isə həmin tədbirdə iştirak etmir, səhərə yaxın evlərinə gedir.

O.Nadirov ifadəsində onu da bildirir ki, onda Yalçının və Mahirin ekstazi qəbul etdiyini və satdıqlarını bilib. Eyni zamanda, o, söyləyib ki, Yalçının sürücüsünün Əli İsmayılova, Ruslan Zalıyevə, Cavidan Əliyevə və Mirəli Əliyevə dərman satdıqlarının da şahidi olub.

İnternet dostluğu ekstazi alverinə kimi inkişaf edir

Bu cinayət işinin ən maraqlı fiqurlarından biri də Türkiyədə yaşayan “Zulya” adı ilə tanınan Zubayə Qulamidir. Z.Qulami istintaqa ifadəsində özünü təqsirli bildiyini qeyd edir. Məlum olur ki, Zulya 2004-cü ilə kimi ailəsi ilə birlikdə Türkmənistan Respublikasında yaşayıb. Elə həmin il Azərbaycana qayıdıblar. Bir müddət burada mağazalarda çalışaraq ailəsini dolandırır, lakin sonra işləmək və daha çox pul qazanmaq üçün Türkiyəyə gedir. Orada bir müddət mağazalarda çalışan Zulya bir müddət sonra “Üç ar” şirkətinin meneceri ilə nikaha daxil olur. 2008-ci ildə isə Z.Qulami internet vasitəsi ilə “Layf Planet” çatında Bakıdan Ruslan adlı biri ilə tanış olur. Bu ilin yanvar ayında Zulya Bakıya gəlir və Ruslanla görüşürlər. İnternet dostları bir neçə gün Bakıda kafedə, Əyləncə Mərkəzində maraqlı günlər keçirirlər. Bu dostluq Zulya Türkiyəyə qayıtdıqdan sonra da internet vasitəsilə davam edir. 2008-ci ilin martında isə Ruslan Zulyadan ekstazi ilə maraqlanmağı xahiş edir.

Z.Qulami axtarışa çıxır və tezliklə Türkiyədəki tanışı Sərkandan öyrənir ki, ekstazi həblərini 5-6 dollara tapmaq mümkündür. Zulya Ruslana həbləri təşkil edə biləcəyini dedikdən sonra bu istiqamətdə SMS vasitəsilə bir xeyli yazışmalar olur. Ruslan ona bir dostunun külli miqdarda ekstazi alacağını yazır. Beləliklə, Zulya ilə Y.Həsənovun sürücüsü Həsən əlaqəyə çıxır və onlar Türkiyədə görüşürlər. Zulyanın ifadəsinə əsasən o, Həsəndən 5000 dollar alaraq tanışına verir və bunun əvəzində 1000 ədəd ekstazi həbi verilir.

Yəqin ki, diqqətli oxucular ziddiyyətli məqamları asanlıqla sezə bilirlər. Həsən ifadəsində həbləri 6 dollara aldığını və həblər üçün 6000 dollar verdiyini söyləmişdi. Beləliklə məlum olur ki, 5 dollarlıq həbi Həsən 6 dollara aldığını deyibmiş. Sonra da Həsənlə M.Mirsalamlının danışığına əsasən, Y.Həsənova 16 dollardan satılır.

Zulyanın bu işdə rolu burada bitir. İfadəsinə əsasən o, Ruslandan xahiş edir ki, bir də ona ekstazi üçün müraciət etməsin. Ruslan isə ona həblər Bakıya gəldikdən sonra bir daha təşəkkür edib. Zulya Bakıya gələndə isə Həsən onunla əlaqə saxlayaraq, həblərin yarısının saxta olduğunu bildirib. Zulya saxta və həqiqi həbləri özü görmək istəyib və Həsənə deyib ki, hər ikisindən gətir, alacam. Onlar metronun “Gənclik” stansiyasının yaxınlığında görüşürlər və Həsən 2 ədəd saxta, 2 ədəd isə həqiqi həb gətirir. Z.Qulaminin ifadəsinə əsasən o, bu həbləri Həsənlə ayrıldıqdan sonra atıb.

Uzun müddət Bakı Şəhər Prokurorluğuna rəhbərlik etmiş Ədalət Mirsalamovun oğlu Mahiri ekstazi ilə tanış edən bir maşın ustası – Əli İsmayılov olub. Bu şəxsin də istintaqa ifadəsində çox diqqət çəkən məqamlar var. Növbəti yazını gözləyin...

(Davamı var)


İş № 585: Prokurorun bağ evində ekstazi məclisi

Polis kapitanı istənilən qiymətə həb almağa hazır olduğunu deyirmiş

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə məşhurların övladlarının məhkəməsi davam edir. Ağır cinayətlərdə ittiham edilən Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və başqaları artıq fərqli ifadələrlə çıxış edirlər. Cinayət işi materiallarında isə tanış olduğumuz ifadələr bir-birinə çox uyğun gəlir. İstintaqa və ya məhkəməyə verilən ifadələrin hansının səmimi olduğunu müzakirə etmək fikrindən uzağıq. Bu dəfə isə sizin diqqətinizə Mahiri ekstazi ilə tanış edən maşın ustası Əli İsmayılovun istintaqa verdiyi ifadəni çatdıracağıq.

İstintaq zamanı Ə.İsmayılov özünü təqsirli bilib. O, uzun müddət Bakıda maşınların fərdi qaydada təmiri və xarici avtomobillərə aparatura quraşdırmaqla məşğul olub. Eyni zamanda, idmanın boks növü üzrə ustalığa namizəddir.

Prokuror oğlu elə danışıb ki, usta “ekstaz”a gəlib...

Ə.İsmayılov ifadəsində bildirir ki, Yalçın Həsənovla 2004-cü ildən tanışdır. Tez-tez ustaya müraciət edən Yalçınla münasibət getdikcə dostluğa çevrilir. Təxminən eyni vaxtda Mahir Mirsalamlı ilə də münasibət yaranır. 2007-ci ilin payızında Yalçın Həsənov Ə.İsmayılovu ekstazi ilə tanış edir. İfadəyə əsasən Y.Həsənovona deyib ki, ekstazi həbinin biri 50 dollardır və o, bu dərmanları satır, əgər lazım olarsa müraciət edə bilər. Ə.İsmayılov ifadəsində qeyd edir ki, orta təhsilli olsa da, ekstazinin nə olduğunu filmlərdən və mətbuatdan bilirmiş. Onu da bilirmiş ki, bu dərmanı əsasən diskotekalarda qəbul edirlər. Sonra o, M.Mirsalamlıya da ekstazinin dadına baxmağı və Y.Həsənovda bu dərmanların olması barədə söyləyir. Beləliklə, dostlar Y.Həsənova zəng edərək 2 ədəd həb istəyirlər. Yalçın isə həbin qurtardığını, yaxın günlərdə gətiriləcəyini deyir. Sonra M.Mirsalamlı ona artıq Y.Həsənovdan dərman alıb qəbul etməsindən, bunun gətirdiyi xoş təsirlərdən danışır. M.Mirsalamlıya ekstazi barədə ilk söhbəti Ə.İsmayılov açsa da ifadədə görsənir ki, əslində, Əlidə ekstaziyə marağı Mahir yaradır. Maşın ustasının ifadəsindən: “Mahir ekstazi barədə elə danışdı ki, hətta mümkün olacağı təqdirdə telefon vasitəilə belə ekstazi qəbul etmək həvəsi yarandı. Ekstazi ilə bağlı Mahirin danışıqları elə təsirli oldu ki, təkcə o deyil, istənilən adam bu söhbətdən sonra ekstazi qəbul etməyə qərar verə bilərdi”.

Bu telefon danışığından sonra Ə.İsmayılov M.Mirsalamlı ilə görüşür. Ə.İsmayılov Mahir və onun tanışları Lera, Fərəh, Ruslan Rüstəmovla birlikdə Mahirgilin Statistika İdarəsinin yaxınlığındakı evlərinə gedirlər. Mahir mətbəxdə cibindən 5 ədəd həb çıxarır. Həbin birini yarı bölüb, Ə.İsmayılovla qəbul edir. Bir para həb də Ruslan Rüstəmova verirlər. Qızlara isə həb verilmir.

Həbləri qəbul etdikdən sonra “Abşeron” mehmanxanasına bilyard oynamağa gedirlər. Ə.İsmayılov həbin təsirini hiss etmir. Bundan sonra Mahir ona bir ədəd bütöv həb verir. Həbi “Redbul” içkisi ilə qəbul edir və 20 dəqiqə sonra bunun təsirini hiss edir. O, öz hissləri ilə bağlı da maraqlı şeylər danışır. İfadəsinə əsasən, dərmanı qəbul etdikdən sonra özünü xeyli güclü hiss edir, musiqiyə qulaq asmaq, oynamaq, bədənindəki enerjini çıxartmaq istəyir. Eyni zamanda bildirir ki, həb onu xeyli mülayimləşdirib, hətta qarşısına çıxan adamlara yaxşılıq etmək istəyib.

Ekstazi ərköyünlər ayağına gətirir

Ekstazi Ə.İsmayılovu necə cəlb edirsə, növbəti gün də ondan istəyir. Yenə də Lera, Fərəh, Ruslan və Mahirlə birlikdə “Abşeron” mehmanxanasına gedirlər. Bu dəfə hamısı ekstazi qəbul edir. Mahir bildirir ki, həbləri Y.Həsənovdan alır. Bir qədər sonra Y.Həsənov və sürücüsü Həsən Həsənov da onların yanına gəlir. Bu zaman Ə.İsmayılov sürücüdən 2 ədəd həb alır. Beləliklə, Ə.İsmayılov mütəmadi olaraq H.Həsənovdan həb almağa başlayır. Bir gün Ə.İsmayılov ekstazi istəyəndə Y.Həsənov bildirir ki, həb yoxdur, ancaq yaxın günlərdə Bakıya gələcək və onunla Mahirə təklif edir ki, həblərin pulunu əvvəlcədən verin. Onlar razılaşır və təxminən 20 ədəd həbin pulunu - 1000 dolları Y.Həsənova verirlər. Həblərin gəlməsi bir qədər gecikəndə Mahirlə birlikdə pullarını geri tələb edirlər. Bu zaman isə Y.Həsənov deyir ki, həbləri İlhamə Quliyevanın oğlu Orxan artıq sabah gətirir. Sabahısı bazar günü olduğundan onlar - Lera, Fərəh, “Muxa” ləqəbli Mahmud və Ruslan Rüstəmovla birlikdə gündüzdən Mahirgilin bağ evlərinə gedirlər. Mahir bildirir ki, gecə ekstazi gələcək. Yeyib-içdikdən sonra bağ evindəki qonaqlara tapşırırlar ki, yatmayıb onları gözləsinlər, gedib hava limanından ekstazini gətirəcək və əylənəcəklər. Ə.İsmayılov Mahirlə birlikdə hava limanına gedir. Yolda Y.Həsənov zəng edib, onları “Abşeron” mehmanxanasına çağırır ki, hələ təyyarənin gəlməsinə var, gəlin bura birlikdə gedərik. Onlar da Yalçının dediyi kimi edirlər.

Bağ evində ekstazi məclisi

Ekstazi dostların ağlını necə məşğul edirsə, onlar hətta bu həblərin dalınca necə getdiklərini mobil telefon vasitəsilə videoya çəkirlər. Nədənsə dostlar bu görüntünü saxlayır və sonradan onu Mahirin telefonuna köçürürlər. Beləliklə, Y.Həsənovgilin evindən 20 ədəd həb alaraq, geriyə - bağ evinə qayıdırlar. Onlar geri qayıdanda artıq səhərə yaxın olur. Həbləri Mahir, Ə.İsmayılov və Ruslan hərəsi bir dənə qəbul edirlər. Hətta Mahir sonradan 3 ədəd həbi birdən qəbul edir.

Ə.İsmayılov ifadəsində onu da bildirir ki, Dövlət Yol Polisində işləyən Vüqar Əliyevi şəxsən tanıyır və onun Mahirdən biri 50 dollar olmaqla, bir neçə dəfə həb aldığını bilirmiş. Hətta 2007-ci ildə yeni il ərəfəsində polis kapitanı V.Əliyevonun telefonuna zəng edərək, 30 ədəd həb sifariş edib. Vüqar Ə.İsmayılova bildirir ki, yeni ilin tədarükünü indidən görmək və bayram günlərində rahatca əylənmək istəyir. Ə.İsmayılov isə polis kapitanına deyir ki, artıq həblərin biri 50 manata satılır. O isə “heç bir problem yoxdur” deyə, bildirir. Ə.İsmayılov bu məlumatı Mahirə çatdırır. Mahir Y.Həsənovdan 30 yox, 4 ədəd ekstazi götürür. Yalçından bir qədər ucuz alaraq başqalarına baha satmaqla, özləri üçün götürdükləri ekstazilərin də pulunu çıxarmış olublar. Bunları da istintaq zamanı Ə.İsmayılov etiraf edib.

Polis kapitanının dəfələrlə ekstazi sifariş etdiyi, hər dəfə də ən azı 5-9 həb aldığı qeyd edilir. Alqı-satqıda Ə.İsmayılov şəxsən iştirak etdiyini də söyləyib.

Ekstazi alveri dostları necə cəlb edirsə, bir dəfəyə sifarişlərin sayı 100-ə çatır. Bu həbləri sifariş edən kimlər idi? Növbəti yazıda...

(Davamı var)

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1786
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar