Bakının Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında baş vermiş püskürmənin aktivliyi hazırda dayanıb.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, vulkan püskürməsi bu gün saat 08:27-də baş verib. Hadisə güclü alovlanma ilə müşayiət olunub. İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən 4 hektar, orta qalınlığı 1,5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir.
Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər.
Xatırladaq ki, aktiv palçıq vulkanlarından hesab edilən Otman Bozdağ Palçıq Vulkanında son püskürmə 2018-ci il 23 sentyabr tarixində qeydə alınıb.
***
10:18
Bakıda palçıq vulkanı püskürüb.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bu gün saat 08:27-də Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.
Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.
Fövqəladə Hallar Nazirliyindən isə Lent.az-a bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib.
Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.
Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.