Elman Abdullayev: “Elşad İskəndərov Azərbaycan XİN-ə bərpa olunub”
“Elşad İskəndərov Azərbaycan Xarici İşlər Nazirliyi sisteminə bərpa olunub”.
	
	 
Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O xatırladıb ki, E. İskəndərov əvvəllər Azərbaycan XİN-in əməkdaşı olub: “Hazırda o, XİN-ə bərpa edilib və 6 iyun tarixindən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi vəzifəsinə təyin edilərək İstanbula ezam olunub”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İskəndərov daha əvvəl də Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi vəzifəsində çalışıb.
***
11.56
Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Elşad İskəndərov Xarici İşlər Nazirliyində idarə rəisi təyin olunub.
Qeyd edək ki, mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Elşad İskəndərov vəzifəsindən azad olunmuşdu. O, son dövrlər Azərbaycan mətbuatında nurçuluqda ittiham olunan əsas şəxslərdən biri idi. Vəzifəsindən azad olunandan bir neçə gün sonra E. İskəndərov Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edilmişdi.
“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün E. İskəndərovun özü ilə də əlaqə saxlayıb. O, XİN-də idarə rəisi vəzifəsinə təyin olunduğunu təsdiqləyib. Lakin idarənin adını açıqlamaq istəməyib:
“Nazirlə məsləhətləşdikdən sonra açıqlama verə bilərəm. Hələ ki, danışmaq istəmirəm”.
XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bu barədə məlumatsız olduğunu bildirib.
 
                 
                             
    