Xəbər verdiyimiz kimi, Türkiyədə “Coca-Cola” içkisi ilə bağlı səs-küylü məhkəmə prosesi olub. Prosesin nəticəsi o qədər də ürəkaçan deyil. Xatırladaq ki, Müqəddəs Nikolay Fondu içkinin gizli komponentini açıqlamasını tələb edib. İçkinin tərkibində, etiketdə qeyd edilənlərdən başqa, daha bir komponentin olmasını firma özü də gizlətmirdi. Məhsulun etiketində şəkər, fosfat turşusu, kofein, karamel və karbonatdan başqa bu günə qədər naməlum olan bir maddənin də varlığı qeyd olunur.
“Coca-Cola” rəqib firmaların bu texnologiyanı oğurlaya biləcəyindən ehtiyatlanaraq 1886-cı ildən bəri onu sirr kimi saxlayırdı. Elə iddiaçı da gizli komponentin insan orqanizmi üçün zərərli ola biləcəyini əsas gətirərək, firmanı məhkəməyə verib. Məhkəmə iddianı qəbul edib və firma öz sirrini açmalı olub. Sirli maddə isə karmin və ya koşenil adlanan təbii boyaq maddəsi imiş. Mütəxəssislərin rəyinə görə, onu koşenil adlı soxulcanlardan alırlar. Qida sənayesində bu maddəyə karmin turşusu da deyirlər. Bundan başqa, iki il öncə Yəmənin Qida Sənayesi Nazirliyi bu içkinin tərkibində donuz piyindən alınan pepsin maddəsinin olduğunu üzə çıxarmışdı və bundan sonra həmin firmanın məhsullarının ölkə ərazisində satışına qadağa qoyuldu.
Soxulcandan alınan turşunun və donuz piyinin insan orqanizmi üçün nə qədər təhlükəli ola biləcəyini öyrənmək üçün kiçik bir araşdırma apardıq. Bu içkidən ən çox uşaqlar istifadə etdiyinə görə vəziyyət bir qədər də qəlizləşir. Ona görə də ilk olaraq Tibb Universiteti 1-ci uşaq xəstəlikləri kafedrasının assistenti və tədris hissə müdiri Sara Mansurovaya müraciət etdik. Sara xanım bu məlumatı eşidəndə təəccübünü gizlədə bilmədi. Pediatr bildirir ki, əgər boya maddəsini soxulcandan alıblarsa, bu, artıq təhlükəlidir: “Bu bir çox infeksion xəstəliklər törədə bilər. Bundan başqa, qaraciyərə toksiki təsir göstərər. Çox yaxşı olardı ki, adı çəkilən maddə laboratoriyada hərtərəfli təhlil edilsin. Bu təhlillərə qədər isə təhlükə riskinin çox olduğunu deyə bilərəm”.
Həkim eyni zamanda onu da bildirdi ki, adı çəkilən maddə gələcəkdə allergik xəstəliklərə səbəb ola, qaraciyərin, öd kisəsinin funksiyasını poza bilər. Eyni zamanda, böyrəklərin də işinin pozulması təhlükəsi var. Sara xanım “bunun immunitetə nə qədər təsir göstərəcəyini isə hələ bilmirik” söylədi.
Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, ümumiyyətlə, qəbul etdiyimiz içkilərin tərkibinin araşdırılması çox ciddi zərurətdir: “Nəzərə alaq ki, onların keyfiyyət parametrlərinə cavab verməsi, qablaşdırılması, saxlanılması ilə bağlı xeyli irad tutula biləcək məqamlar var. Bu məsələlər demək olar ki, vaxtaşırı gündəmə gətirilir. İçkinin tərkibi çox ciddi məsələdir. Türkiyə kimi bir ölkədə adı çəkilən içkinin tərkibinin nəzarətdə olmaması, açığı, bir qədər şübhəli görünür. Orada elə strukturlar var ki, onlar hələ Azərbaycanda mövcud deyil. Bu içkilərdə yüksək keyfiyyətin olmadığı əslində hamıya aydındır”.
Professor müxtəlif konservləşdirilmiş və qablaşdırılmış qidaların tərkibində qida əlavələrinin olduğundan da söz açdı. Bu əlavələr əsasən həmin qidaların uzun müddət saxlanılması üçün istifadə olunur. Bu əlavələrdən qidaya hansı miqdarda qatılması E işarəsi və rəqəmlərlə göstərilir. Məsələn, E 110 və s. Bu, qida əlavəsinin kodudur. Barəsində söz açdığımız və başqa içkilərdə isə bu kod və seriya göstərilmir. Professor bunun özünü xeyli şübhəli olduğunu deyir: “Məsələnin ən narahat edici tərəfi budur ki, bu içkilərdən ən çox millətin genefondu olan uşaqlar istifadə edir. Təbii ki, bunlar uşaqların orqanizminə təsirsiz ötüşmür”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, 120 ildir, “Coca-cola”nın tərkib sirrini öyrənmək heç kimə nəsib olmayıb: ““Coca-cola” firması 120 ildən də çoxdur ki, istehlakçılara öz tərkibi ilə bağlı məlumat verməkdən imtina edir. Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bu firmanın məhsuluna mal nişanı verilir. Amma mal nişanı verildiyi halda, məhsulun tərkibi haqqında heç bir məlumat yoxdur”.
E.Hüseynovun sözlərinə görə, məhsulun tərkibinin öyrənilməsi, onun satışına məhdudiyyət qoyulması mümkün deyil. Bunun əsas səbəbi isə məhsulun mal nişanının istehlakçının beyninə yerləşməsidir. Adı çəkilən firmanın yerləşdiyi hər bir ölkədə çox böyük vergi ödəyicisinə çevrildiyini bildirən AİB sədri bu məhsulun istehlakının tərəfdarı olmadığını da deyir. O, “biz “Coca-cola”nın tərkibi haqqında heç bir məlumata sahib deyilik” söyləyir.
Bəzi mətbuat orqanlarında qeyd edirlər ki, içkinin tərkibində bir neçə ekzotik bitki yağı və qurudulmuş həşəratlardan - qırmızı böcəklərdən alınan ekstrakt da daxildir. Bu həşəratın isə Azərbaycan, Ermənistan, Polşada yaşadığı bildirilir. Amma bu böcəyin ən çox sevdiyi bitki Meksika kaktuslarıdır. Onu da qeyd edirlər ki, həşəratdan alınan rəng maddəsi zərərli deyil. Həmin maddədən qədim dövrlərdə parçaların rənglənməsində də istifadə olunub. Artıq 100 ildən çoxdur ki, bu ekstrakt qida məhsullarının istehsalında da istifadə olunur.
“Coca-cola” firmasının yerli nümayəndəliyindən isə bu fikirləri inkar etdilər. Firmanın Azərbaycandakı şirkətinin Əməliyyatlar Üzrə meneceri Əsəd Şirinov əvvəlcə onu dedi ki, firma hansısa məhkəmədə soxulcanlardan və ya böcəklərdən alınan maddədən istifadə etdiyini etiraf etməyib: “Coca-cola”da rəng kimi yalnız karameldən istifadə olunur. Karmin turşusu kimi bir şey bizim maddənin tərkibində yoxdur. Heç məhkəmədə açıqlanan sənədlərdə də bu maddənin adına rast gələ bilməzsiniz. Bunlar hamısı uydurmadır. İnformasiya olduğu kimi yayılmadığından səhv nəticələrə gəlirlər”.
Şirinov deyir ki, karamelin orqanizmə heç bir təhlükəsi ola bilməz. Həmsöhbətim onu da deyir ki, əslində dünyada karmin adlı boyaq maddəsindən istifadə edilir, lakin “Coca-cola”da bunu axtarmağa dəyməz.
Əsəd Şirinov onu da bildirdi ki, “Coca-cola” heç bir məhkəməni uduzmayıb: “Bu içkidə böcək qanı, soxulcan axtarılması doğru deyil. Firma hansı məhkəmədə bunu etiraf edib ki? Bu söz-söhbətləri maraqlı qüvvələr yayır. Siz doğrudan da fikirləşirsiniz ki, firma Ermənistanda və ya Azərbaycanda yaşayan həşəratlardan istifadə edir? İnformasiya yayanlar da gərək bir qədər məntiqli düşünsünlər”.
Səbinə Əvəzqızı
“Soxulcanlı “Coca-cola”” qalmaqal yaratdı
1902