Bu gün VƏTƏN adamın doğum günüdür. Ölkə Prezidenti, Ali Baş Komandanın 63 yaşı tamam olur. 63 illik ömrün 21 ili xalqın taleyi ilə bağlanıb, çiyninə dağlar qədər ağır bir missiyanı götürüb. Bu şərəfli yolu elə gedib ki, Azərbaycan deyəndə İlham Əliyev, İlham Əliyev deyəndə Azərbaycan sözü yada düşür.
Müasir Azərbaycanın portretini çəkəsi olsaq, bu tabloda bütün çətinliklərin içərisindən öz gücü ilə qalib kimi sıyrılıb çıxmağı bacarmış güclü bir ölkə, qüdrətli ordu, sürətlə böyüyən iqtisadiyyat, beynəlxalq arenada söz sahibi olan bir ölkəni təsvir etmək lazım gələcək.
Öz tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanın bu günkü reallıqlarının arxasında isə dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı İlham Əliyevin böyük siyasəti dayanır. Bu 21 ili əsrlərə bərabər adlandırsaq yanılmarıq.
Bu 21 il ərzində yaşanan hər ay, hər il xalqın doğru seçim etdiyini göstərdi. Onun praqmatik və çevik siyasəti, ölkədə və dünyada baş verənlərə sistemli, balanslı yanaşması Azərbaycanı qlobal çağırışlara cavab verən, regionda söz sahibi olan ölkəyə çevirdi.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar. Məhz İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində milyonlarla qaçqını olan, torpaqları işğal altında olan ölkə güclənib söz sahibinə çevrilib.
Azərbaycan İlham Əliyevə söykəndi, İlham Əliyev Azərbaycana və bu gün görünən mənzərə möhtəşəmdir – Qalib ölkə, Müzəffər Prezident.
İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağıdır, investorların maraq mərkəzindədir. İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ən böyük beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edərək qlobal problemlərin həllində əhəmiyyətli rol oynayır.
Onun Azərbaycanı regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilməkdədir.
İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. İtirilmiş torpaqlarını geri almağı bacaran sərkərdə sayəsində biz qalib xalq, qalib dövlətin vətəndaşlarına çevrilmişik.
O, 30 illik məşəqqətli bir yolu 44 gün içərisində keçib zəfərlə taclandıran, dünya hərb tarixinə adını qızıl hərflərlə yazdıran liderdir. İlham Əliyevin liderlik etdiyi Azərbaycan bu gün Böyük Qayıdış planlarını reallaşdırır, türkçülük, turançılıq ideyalarını ideya, xəyal olmaqdan çıxarıb həqiqətə çevirir.
Azərbaycan gələcəkdə tarixlərdə əfsanə, inanılmaz kimi görünəcək möhtəşəm günlərini yaşayır və yaradır - Quran əllər isə İlham Əliyevindir. Dəmir yumruqlu, dəmir iradəli liderin.
İki əsrlik problemi həll etmiş Prezident İlham Əliyev əldə olunmuş qələbə ilə kifayətlənmir. Azərbaycan böyük bir sürətlə yaralarını sağaldır, işğal altında xarabazara çevrilmiş Qarabağı, Şərqi Zəngəzuru yenidən qurur, gülüstana çevirir. 44 günlük müharibə zamanı Prezidentin ətrafında sıx birləşmiş xalq indi də yaradıcılıq, quruculuq, abadlıq işləri üçün çiyin-çiyinə dayanıb.
İlham Əliyev öz tükənməz enerjisi, hərtərəfli siyasəti, iradəsi, əzmi ilə yenə xalqın önündə, işinin başındadır. Nə qədər ki, İlham Əliyev var, xalq olaraq bizim bu günümüzdən, sabahımızdan narahatlığımız yoxdur. O nəyi nə zaman və necə etməyin zamanını yaxşı bilir, o düşünür, problemləri həll edir, o qurur, o yaradır. Sevgi və hörməti heç kim heç kimdən zorla ala, tələb edə bilməz. Bunu insan öz əməli, əz əməyi ilə qazanır. İlham Əliyev kimi. Bir xalq, bir vətən üçün güclü lider Allahın lütfü deməkdir. Bizim Prezident bu mənada Tanrının Azərbaycana, eləcə də türk dünyasına bəxş etdiyi ərməğandır. O, VƏTƏNin söykəndiyi insandır.