Və 90 gündən sonra Qarabağa qayıtdıq... 
18 iyun 2022 21:18 (UTC +04:00)

Və 90 gündən sonra Qarabağa qayıtdıq... 

Dünya bir tarixi hadisəyə şahidlik etdi o vaxt: Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq tarixi torpaqlarını qaytarmağa nail oldu. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən  və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin -  Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 

Əslində, Zəfərə gedən yolu bir neçə şərtləndirən məqam oldu. Beləliklə, 

BİRİNCİ MƏQAM 

Heç kimə sirr deyil ki, atəşkəs dövründə peşəkar ordu quruculuğu, eyni zamanda, diplomatik cəbhədə qazanılmış uğurlar və ölkəmizin iqtisadi cəhətdən inkişafı Azərbaycanın mövqelərini günbəgün möhkəmləndirdi. Bunu da xüsusi vurğulamağa ehtiyac yoxdur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti nəticəsində ordumuzun inkişafında əsaslı dəyişikliklər oldu. Müasir ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Təsadüfi deyil ki, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil edilib. Və bu ordu az qala 30 il kağız üzərində qalan BMT-nin 4 qətnaməsini 44 günə təkbaşına həyata keçirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiyadan başqa çıxış yolu qalmadı. Azərbaycan tarixinə bu parlaq səhifələri yazmaq heç də asan olmadı.

İKİNCİ MƏQAM

Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq məqsədilə Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Amma Prezident İlham Əliyev yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqlərə mərd-mərdanə sinə gərərək onların hamısını dəf etdi, öz prinsipial mövqeyindən bir an belə dönmədi. Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi  oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan LİDER kimi mübarizlik rəmzinə çevrildi. 

ÜÇÜNCÜ MƏQAM

Ordumuz ən müasir silahlardan istifadə etməklə, minimal itkilər verərək qısa zaman kəsiyində düşmənin bütün hərbi texnikasını yerlə bir etdi. Azərbaycanın müzəffər Ordusunun yüksək peşəkarlıqla, əzmlə, qətiyyətlə apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında əsaslı dəyişikliklərə səbəb olacaq. Ən əsası isə yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq, ən möhtəşəm səhifəsidir. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi  darmadağın oldu. Düşmən ordunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. 2020-ci il noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin dekabrın 1-nə kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz və deməli qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalaması tariximizə ZƏFƏR HƏFTƏSİ kimi həkk olundu. Bu zəfərin formulu isə  Müzəffər Ali Baş Komandan-Xalq Birliyi və Azərbaycan əsgəridir. 

DÖRDÜNCÜ MƏQAM

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin müsahibələrinin birində ona ünvanlanan “Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualına cavabı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını daha da qürurlandırdı, yumruq kimi birləşməyə çağırdı. Dövlətimizin başçısı o vaxt demişdi ki, onu  ən çox kədərləndirən həm mülki vətəndaşlar, həm də əsgərlər arasında   itkilərimizdir. SİTAT: “Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu,  xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir.  Bildirirlər  ki, təki “Vətən sağ olsun!” .

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşərkən dövlətimizin başçısı bildirmişdi: “Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq» söyləyərək bildirmişdir ki, ona görə bu gün, müharibə başa çatandan dərhal sonra  sizə öz hörmətimi ifadə etmək üçün gəlmişəm: Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar”. 

BEŞİNCİ MƏQAM

Vətən müharibəsi günlərində xalqımıza xas olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin təcəssümü faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, bir yumruq kimi milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi

VƏ SONDA

Zaman, 2020-ci il, 10 avqustu

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq blokunun dənizə yola salınmasına start verilir. Həmin tədbirdə çıxış edən dövlət başçısının dediklərindən:
“Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Və  çox yox, 90 gündən sonra Qarabağa qayıtdıq... 


(Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsi üçün təqdim edilir)

# 3216
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar