Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün APA Media Qrupun qonağı olub.
Görüşdə Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıq imkanları və birgə informasiya təşəbbüsləri müzakirə olunub.
APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı səfir Birol Akgünə rəhbərlik etdiyi media qurumunun fəaliyyəti, strukturu və nəzdində fəaliyyət göstərən informasiya platformaları barədə ətraflı məlumat verib.
Vüsalə Mahirqızı, həmçinin, iki ölkənin media quruluşları arasında müxtəlif platformalarda əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb, bu kontekstdə qarşılıqlı təcrübə mübadiləsinin faydalı ola biləcəyini vurğulayıb.
Öz növbəsində, səfir Birol Akgün Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə olduğu kimi, media və informasiya mübadiləsi sahəsində də strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Diplomat bildirib ki, hər iki ölkənin media qurumları arasında sıx təmaslar, təcrübə və informasiya mübadiləsi regional və beynəlxalq informasiya siyasətində ortaq maraqların qorunması baxımından xüsusi əhəmiyyətə malikdir.
Səfir qeyd edib ki, media sahəsində koordinasiyalı fəaliyyət, birgə təşəbbüslər və informasiyanın obyektiv, zamanında yayılması iki qardaş ölkə arasında strateji tərəfdaşlığın mühüm dayaqlarından biridir.
Görüşdə regionda və dünyada gedən proseslər fonunda dezinformasiya ilə mübarizə və gələcək əməkdaşlıq mexanizmləri barədə də fikir mübadiləsi aparılıb.