Qüdrət Həsənquliyev
27 mart 2022 11:40 (UTC +04:00)

Qüdrət Həsənquliyev

"Bu, Azərbaycanın növbəti xəbərdarlığıdır”

“Hərbçilərimizin Fərrux yüksəkliyinə qalxması Qarabağda yeni müdafiə istehkamları qurmaq istəyən təxribatçılara cavab olmaqla separatizmi dəstəkləyən və Azərbaycanın ərazi bütövlüyünü tanımayan Ermənistana və Qarabağdakı separatçı ermənilərə növbəti xəbərdarlıqdır”.

Lent.az-ın xəbərinə görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənquliyev deyib ki, 10 noyabr sazişi icra olunmalı, Ermənistan Azərbaycanın Qarabağ üzərində suveren hüquqları tanınmalıdır: “Biz növbəti 30 il mənasız danışıqlar aparmayacağıq. Qarabağdakı erməni separatçıları o qədər qudurublar ki, Ağdərədən Kəlbəcərə keçib gedən bizim avtomobilləri saxlayıb yoxlayırlar. 10 noyabr birgə Bəyanatına uyğun olaraq kommunikasiyalar açılmalı, bizim avtomobillər yoxlamasız öz torpaqlarımızda - Qarabağda sərbəst hərəkət etməlidir. Bizim dinc erməni sakinləri ilə işimiz yoxdur. Ermənistan sülh və Qarabağdakı ermənilərin orada qalıb yaşamasını istəyirsə, onların Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına kömək etməlidir. ““Artsax”ın Azərbaycanın ərazi bütövlüyünə heç bir aidiyyatı yoxdur”, yaxud ““Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq” deməklə onlar bizi daha qəti addımlar atmağa təhrik edirlər və biz də bu addımları atacağıq. Xocalı təcili olaraq boşaldılmalı, həmin qəsəbənin azərbaycanlı sakinləri öz yurd - yuvalarına qayıtmalıdırlar. Ermənistan Xocalı soyqırımını tanımalı, qəsəbənin sakinlərinə kompensasiya ödəməli, həmin cinayəti törətmiş caniləri məsuliyyətə cəlb etməlidir. Yalnız bu yolla xalqlarımızı barışdıra bilərik. Ermənilərin təhlükəsizliyinə Azərbaycan hökuməti hamıdan daha yaxşı təminat verir. Paşinyan gözünü Fransadan Makrondan çəkməli, xarici təsirlərə boyun əyib Zəngəzur dəhlizinin açılmasına mane olmamalı, keçmişdən ibrət dərsi götürməlidir. Heç kim Ermənistana işğalçı siyasətini davam etdirməkdə kömək edə bilməyəcək. Dövr dəyişib, Paşinyan bunu anlamalıdır. O, həmçinin Qərbdə rahat yaşayan erməni diasporunun əlində oyuncağa çevrilməməli, müharibə cinayətləri törətmiş Köçəryan və Sarkisyanın onu devirəcəyindən qorxmamalı, xalqlarımızın dinc-yanaşı yaşaması üçün Azərbaycanın ərazi bütövlüyünü tanımalı və Azərbaycanla sülh sazişi imzalamalıdır”.

Deputat qeyd edib ki, Rusiyadan gələn bəyanatların cavabı müvafiq dövlət orqanlarımız tərəfindən verilib: “Onlar bəyanatlarını versin, biz də öz işimizi görməli, ərazi bütövlüyümüzü bərpa etməliyik. Narahatçılığa əsas yoxdur. Satqın ermənilərə görə Rusiya Azərbaycanda ikinci cəbhə açmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7470
avatar

Oxşar yazılar