15 iyun ŞUŞA BƏYANNAMƏSİ:  Region və dünya üçün tarixi hadisə
16 iyun 2022 12:28 (UTC +04:00)

15 iyun ŞUŞA BƏYANNAMƏSİ: Region və dünya üçün tarixi hadisə

2021-ci il iyun ayının 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mühüm əhəmiyyətli sənəd imzalandı. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi iki qardaş ölkənin tarixinə, 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizə yaraşan möhtəşəm hadisə idi. 

Bakı-Ankara münasibətlərini daha üstün səviyyəyə qaldıran sənəd, regional əhəmiyyətli bütün əməli fəaliyyət sahələrini əhatə edir. Azərbaycan və Türkiyənin dövlət başçıları tərəfindən imzalanan sənəd bu il fevralın 1-də Azərbaycanda, 3-də isə qardaş ölkədə tarixi sənəd kimi rəsmi surətdə ratifikasiya edilib. Bəyannamə iki dövlət arasında gələcək strateji hədəfləri müəyyənləşdirən yol xəritəsi kimi də xarakterizə olunur. Regional təhlükəsizliyə, sülhə, müttəfiqliyə və əməkdaşlığın inkişafına əsaslanan belə bir sənədin Azərbaycanın Milli Qurtuluş Günündə işğaldan azad edilən Şuşada imzalanması dostluğun və qardaşlığın ən yüksək səviyyədə təqdimatı idi. Bu təqdimat həm də dünyaya Azərbaycanla Türkiyənin birliyinin sarsılmaz və əbədi olduğunu göstərdi. Bəyənnamə Azərbaycanla Türkiyəni dünya miqyasında daha güclü mərkəzə, regionda söz sahibinə çevirib. Belə ki, regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən sənəd bölgənin uzunmüddətli inkişaf konsepsiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayır. 

Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. 
İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. 

Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. 

Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. 

Müqavilədə digər vacib məqamlardan biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri yer alır. Sənəddə xüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə Naxçıvan 
Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək. 

Heç kimə sirr deyil ki, tarixən bir-birimizə arxa-dayaq olmağımız bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir. Lakin bununla yanaşı, regionda və dünyada gedən prosesləri, geosiyasi vəziyyəti düzgün təhlil edərək, gələcək strateji hədəfləri müəyyən etmək və qarşılıqlı etimad və etibar əsasında qərarlar qəbul etmək vacibdir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti, həyata keçirdikləri siyasət iki qardaş dövlət üçün deyil, həm də Türk dünyasi, region və dünya üçün tarixi hadisədir.

# 2013
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar