Olimpiada iştirakçıları İctimai Teleradioda olublar - FOTO
07 aprel 2011 20:01 (UTC +04:00)

Olimpiada iştirakçıları İctimai Teleradioda olublar - FOTO

“İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi 5-ci Beynəlxalq Layihə Olimpiadanın iştirakçıları İctimai Televiziya və Radio Yayımları Şirkətində olublar.

İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən Lent.az-a verilən məlumata görə, İctimai Teleradio Olimpiadanın təşkilatçılarından biridir.

Müxtəlif dövlətlərdən olan tədbir iştirakçıları şirkətlə tanış olub, studiyalara baxıblar. Daha sonra İctimai Teleradionun konfrans zalında müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov xalqımızın inkişafında elmin rolundan, təhsilimizin uğurlarından və problemlərindən danışıb. O, bu olimpiadanın Azərbaycanda təşkil edilməsinin ölkəmizin təhsil sisteminin təkmilləşməsinə daha bir töhfə olduğunu bildirib. Baş direktor ayrı-ayrı xalqların daha da yaxınlaşması, dövlətlər arasında əlaqələrin qurulmasında İctimai Televiziyanın həyata keçirdiyi telekörpülərin rolundan danışıb.

Qeyd edək ki, “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası ənənəvi olaraq hər il aprel ayının birinci ongünlüyündə keçirilir. Müxtəlif ölkələri təmsil edən məktəblilər ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün layihələr təqdim edir. Sonda münsiflər heyəti həmin layihələri qiymətləndirərək qalibləri mükafatlandırır. Aprelin 8-9-da keçiriləcək Ətraf Mühitin Mühafizəsi 5-ci Beynəlxalq Layihə Olimpiadası bu dəfə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunub. 35 ölkədən 300-dək iştirakçının yarışacağı bu olimpiadada məqsəd gənc nəsli məlumatlandırmaq, məktəblilərdə ekoloji şüurunu inkişaf etdirməkdir. Olimpiada İctimai Televiziya ilə geniş işıqlandırılacaq.



1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar