Mətbuat Şurası Ramin Deko ilə bağlı DİN-ə müraciət edib
05 aprel 2011 18:27 (UTC +04:00)

Mətbuat Şurası Ramin Deko ilə bağlı DİN-ə müraciət edib

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azadlıq” qəzetinin əməkdaşı Ramin Cəbrayılzadə (Ramin Deko) ilə bağlı insidentlə əlaqədar bu nəşrin redaksiyasında olub.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, qəzetin rəhbərliyi ilə görüş keçirən Əflatun Amaşov son günlər “Azadlıq”ın əməkdaşları ilə bağlı hadisələrin ölkədə söz və mətbuat azadlığına dair vəziyyətə təsir göstərə biləcəyini vurğulayıb.

Mətbuat Şurasının sədri deyib ki, olayın kimlər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq günahkarların müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi vacibdir: “Mətbuat Şurası Seymur Həziyevlə də əlaqədar Daxili İşlər Nazirliyinə müraciət ünvanladı. Müraciət əsasında Ramil Usubovla görüşdük. Nazir məsələnin dərindən araşdırılması məqsədilə xüsusi tapşırıq verdi. Ramin Deko ilə bağlı da aidiyyatı instansiyalara müraciət ünvanlayacağıq. Mətbuat Şurası hər iki olayla əlaqədar araşdırmaları diqqət mərkəzində saxlayacaq”.

Qeyd edək ki, bu gün Mətbuat Şurası “Azadlıq” qəzetinin əməkdaşı Ramin Cəbrayılzadə ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, Ramin Deko ilə əlaqədar insident son on gündə jurnalistlərlə bağlı qeydə alınan növbəti xoşagəlməz hadisədir: “Bu cür olayların təkrarlanması onda hansısa qüvvələrin maraqlı olduqları ehtimalını atrırır və bunun digər jurnalistlərlə də baş verəcəyinə dair narahatçılıq yaradır”.

Məktubda daxili işlər naziri Ramil Usubovdan Ramin Deko ilə bağlı insidentin də dərindən araşdırılmasını diqqətdə saxlamaq, günahkarların layiqli cəzalarını almalarına kömək göstərmək xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar