Strasburqda bələdiyyə müzakirələri
05 aprel 2011 15:05 (UTC +04:00)

Strasburqda bələdiyyə müzakirələri

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının ekspertləri Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin dəvəti ilə Strasburqda 5 günlük işgüzar səfərdə olublar. Səfərdə məqsəd Azərbaycanda yerli özünüidarənin gücləndirilməsi istiqamətində Avropa Şurasının müvafiq qurumu ilə Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı arasında məsləhətləşmələr aparmaq olub.

Lent.az-ın məlumatına görə, Avropa Şurasının müxtəlif strukturlarını əhatə edən səlahiyyətli nümayəndələrlə keçirilən görüşlərdə Alyansı Abil Bayramov, Samir Əliyev və Elşad Mikayılov təmsil ediblər. Martın 27-dən aprelin 1-dək davam edən səfər çərçivəsində nümayəndə heyətinin ilk görüşü Konqresin Baş Katibi Andreas Kiefer və Yerli Hakimiyyət Palatasının icraçı katibi Jan-Filip Bozoulsla olub. Görüşdə Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti, Yerli Özünüidarə Haqqında Avropa Xartiyasından doğan öhdəliklərin yerinə yetirilməsi və Alyansla əməkdaşlıq məsələləri müzakirə edilib. Müzakirələr zamanı Kiefer bildirib ki, Konqres bundan sonra Azərbaycanda yerli özünüidarənin inkişafına diqqəti artıracaq və əksmərkəzləşmə islahatlarının sürətləndirilməsini təmin etmək məqsədilə hökumətlə əməkdaşlığı gücləndirəcək.

Baş katib onu da əlavə edib ki, Konqres qarşıdakı dövrdə monitorinq aparılacaq ölkələrin siyahısını təsdiq edib. Plana əsasən, 2012-ci ildə Azərbaycanda da monitorinq aparılacaq və ölkənin Avropa Xartiyasından irəli gələn öhdəlikləri nə dərəcədə yerinə yetirdiyi yoxlanılacaq.

Konqresin Monitorinq Komitəsinin katibi Stefani Poirel və Parlament Assambleyasının Monitorinq Departamentinin fəaliyyətdə olan başçısı Aqnieşka Naçilo ilə keçirilən görüşdə isə qeyd edilib ki, yeni qəbul edilmiş qaydaya görə üzv ölkələrdə 5 ildən gec olmamaq şərti ilə monitorinq aparılmalıdır. Azərbaycanda da gələn ilin 2-ci rübündən başlayaraq monitorinqə başlanacaq. Stefani Poirelin sözlərinə görə, monitorinq çərçivəsində ölkədə yerli özünüidarə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlər keçiriləcək və onların rəyləri hesabatda əksini tapacaq.

ALDA-nın layihə meneceri Meike Vesterhaus və Avropa layihələri və əməkdaşlıq fəaliyyətləri bölməsinin başçısı Marite Morasla görüşdə əsas diqqət vətəndaş cəmiyyəti, bələdiyyə assosiasiyaları, bələdiyyələr və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi olub. Xanım Vesterhaus bildirdi ki, təmsil etdiyi Yerli Demokratiya Agentlikləri Assosiasiyası (ALDA) Gürcüstan və Ermənistanda sonra Azərbaycanda da fəaliyyətini qurmaq niyyətindədir.

Bundan başqa nümayəndə heyəti Kommunikasiya və Seçki Müşahidəsi şöbəsinin rəhbəri Renate Zikmund, Siyasi İşlər və Demokratiya Baş Direktorluğunun məsləhətçisi Maykl İnqledov və eksperti Alina Tatarenko, Cari İşlər Komitəsinin katibi Dmitri Marçenkov, İnsan Haqları Komissarlığı ofisinin məsləhətçisi Anna Veber və başqaları ilə görüşlər keçirərək müzakirələr aparıblar.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar