Latviyada bəzi xəritələrdə işğal altındakı torpaqlarımız mübahisəli ərazi kimi göstərilib – FOTO
04 aprel 2011 16:42 (UTC +04:00)

Latviyada bəzi xəritələrdə işğal altındakı torpaqlarımız mübahisəli ərazi kimi göstərilib – FOTO

Latviyanın “Yanya Seta” (Jāņa Sēta) nəşriyyatı tərəfindən nəşr olunan siyasi xəritələrdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları iki Qafqaz ölkəsi arasında mübahisəli ərazi kimi göstərilib. Bundan başqa Baltik ölkələri bazarında mühüm mövqeyə malik olan bu nəşriyyat xəritədə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını da göstərib.


“Yanya Seta” kartoqrafiya nəşriyyatı MMC-nin baş redaktoru Yanis Turlais bu faktı APA-ya belə şərh edib: “Bizim kartoqrafiya öz prinsiplərinə əməl edir – əraziləri de-fakto və de-yure göstərmək. Qarabağ hüquqi baxımdan Azərbaycan ərazisidir, lakin faktiki olaraq 20 ildir Ermənistanın nəzarətindədir, buna görə də biz həmin ərazini xəritədə ştrixlə göstərmişik. Böyük miqyaslı xəritələrdə xüsusi qeyd bölməsi olur və biz orada məlumat bölməsində vəziyyəti izah edirik. Təəssüf ki, kiçik ölçülü xəritələrdə izah üçün yer qalmır. Lakin biz Abxaziyanı, Cənubi Osetiyanı, yaxud Qarabağ ayrıca dövlət kimi təqdim etməyə hazırlaşmırıq”.


Yanis Turlais nəşriyyatın işğal altında olan əraziləri xüsusi rənglə ayırmasını səbəbini belə izah edib: “Biz bu xəritələri Baltikyanı ölkələrin vətəndaşları üçün hazırlayırıq. İstəyirik ki, vətəndaşlarımız hara getmək olar, yaxud getmək olmaz, bunu bilsinlər. Ştrixin rəngi özü çox şeydən xəbər verir. Xəritədə Azərbaycan ərazisi narıncı rəngdə, işğal altında olan ərazilər isə ağ-narıncı rəngdə verilib. Bizim kartoqrafiyanın əsas məqsədlərindən biri istifadəçilərə Dağlıq Qarabağ problemi barədə məlumat çatdırmaqdır”.

Baş redaktorun sözlərinə görə, bu yanaşma Azərbaycan tərəfdə neqativ reaksiya doğurmur: “Mən Frankfurt kitab yarmarkasında Azərbaycan və Gürcüstandan olan həmkarlarımla görüşürəm. Müxtəlif yanaşmalar var. Məsələn, ermənilər ümumiyyətlə istəyirlər ki, xəritədə Dağlıq Qarabağın rəngi Ermənistanla eyni rəngdə göstərilsin. Lakin Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımır. Bizim Azərbaycan ərazilərini xəritədə başqa rəngdə göstərmək üçün əsasımız yoxdur. Ötən ilin mayında Bakıda oldum və Bakı Kartoqrafiya Fabrikinin rəhbəri, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri ilə görüşdüm. Biz Azərbaycanın xüsusi inzibati xəritələrini hazırlamışıq”.

Bununla belə latviyalı kartoqraf hesab edir ki, Azərbaycan öz mövqeyini kifayət qədər yaxşı ifadə etmir: “Beynəlxalq səviyyədə Azərbaycanın mövqeyi eşidilmir. Biz yalnız Ermənistanın mövqeyini eşidirik. Azərbaycan kütləvi informasiya vasitələri ölkənin ərazilərinin 20 faizinin işğal olunması faktı barədə susmağa üstünlük verirlər. Siz səsinizi daha da yüksəltməli və haqlı olduğunuzu sübut etməlisiniz”.


Qeyd edək ki, “Yanya Seta” nəşriyyatının dərc etdiyi və Baltikyanı ölkələrdə istifadə olunan Avropanın siyasi xəritəsində Azərbaycanın işğal altında olan əraziləri ilə yanaşı Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Şimali Kipr Türk Cümhuriyyəti də analoji şəkildə ştrixlə göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358

Oxşar yazılar