Azərbaycan gəncləri Almaniyada toplaşdı - FOTO
29 noyabr 2010 12:46 (UTC +04:00)

Azərbaycan gəncləri Almaniyada toplaşdı - FOTO

Noyabrın 27-də Almaniyanın Frankfurt şəhərində start götürən Dünya Azərbaycanlı Gənclərinin I Konqresi öz işini başa çatdırıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, konqres iki gün davam edib. Tədbirin rəsmi açılış mərasimində Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Gənclər və idman naziri Azad Rəhimov, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və gənclər təşkilatlarının rəhbərləri geniş məruzə ilə çıxış ediblər. Qeyd edilib ki, gənclərin ölkənin dövlət idarəetmə və seçkili orqanlarında təmsilçiliyi ildən-ilə artmaqdadır. Belə ki, hazırda Azərbaycanda bələdiyyə üzvlərinin təxminən 30 faizə qədəri gənclərdir, onlardan 326-sı bələdiyyə sədridir.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, hazırda Azərbaycan gəncləri 30-a yaxın nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, bir neçə beynəlxalq gənclər platformalarının yaradılması təşəbbüsü ilə çıxış edirlər. O, buna misal olaraq İslam Konfransı Təşkilatının Gənclər Forumunu, GUAM ölkələri Gənclər Forumunu və digərlərini qeyd edib. Onun sözlərinə görə, son 4 ildə Azərbaycan Avropa Gənclər Fondu tərəfindən ayrılmış qrantları əldə edən gənclər təşkilatlarının sayı baxımından Avropa miqyasında lider ölkədir. Son beş il ərzində 8 mindən artıq gənc (buraya müxtəlif ölkələrdən gələn gənclər və Azərbaycanda müxtəlif ölkələrə gedən gənclər aiddir) Gənclər və İdman Nazirliyinin xətti ilə keçirilən layihələr çərçivəsində beynəlxalq mübadilələrdə iştirak ediblər.

Ötən axşam öz işini yekunlaşdıran konqresdə iştirak edənlər bu gün geri dönəcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar