İran Prezidenti Məsud Pezeşkian ötən ay İranın Ali Milli Təhlükəsizlik Şurasının iclasına edilən İsrail hava zərbəsi zamanı ayağından yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə The Times of Israel geniş məqalə ilə çıxış edib. Xəbərin ilk mənbəsi kimi isə İranın “Fars” agentliyi göstərilir.
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın olan bu agentlik hücumun 16 iyun tarixində baş verdiyini qeyd edir. Həmin gün İranın qərbindəki bir binanın aşağı mərtəbələrinə zərbə endirilib.
Həmin gün binada iclas olub. Orada Prezident Pezeşkianla birlikdə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, Məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsini Əcəi və digər yüksək rütbəli rəsmilər də iştirak edirmiş.
İddiaya görə, zərbə İsrailin İranın nüvə və ballistik raket proqramlarına qarşı başlatdığı hava kampaniyasının dördüncü günü həyata keçirilib.
Məlumata görə, altı bomba və ya raket binanın giriş və çıxış nöqtələrini hədəf alıb. Bunun məqsədi içəridəkilərin binadan çıxmasının və binaya havanın daxil olmasının qarşısını almaq olub.
Bina elektrik enerjisindən məhrum olsa da, rəsmilər fövqəladə çıxış lyuku vasitəsilə oradan qaça biliblər. Hesabatda qeyd olunur ki, prezident Pezeşkian və bir neçə nəfər qaçarkən ayaqlarından yaralanıblar.
Ötən həftə Pezeşkian amerikalı mühafizəkar şərhçi Taker Karlsona verdiyi müsahibədə İsraili onu qətlə yetirməyə cəhd etməkdə ittiham edib. O bildirib: “Həmin iclasda idim və onların casusları sayəsində əldə etdikləri kəşfiyyat məlumatı ilə toplantı keçirilən ərazini bombalamağa çalışdılar”.
“Fars” agentliyi İsrailin hücumu dəqiqliklə planlaşdırıb həyata keçirdiyini nəzərə alaraq, iranlı rəsmilərin içəridən məlumat sızması ehtimalını araşdırmağa başladığını da qeyd edib.
Məlumatda hücumun dəqiq yeri göstərilməyib. Lakin “Iran International” portalı 16 iyun tarixində Tehranın qərbində yerləşən Şahrak-e Qərb bölgəsinə İsrail hücumu barədə xəbər yaymışdı.
Ötən həftə SEPAH generalı Möhsün Rzai dövlət mediasına bildirib ki, İsrail Ali Milli Təhlükəsizlik Şurasının toplantısının keçirildiyi yeri bombalayıb, lakin şura üzvlərindən heç biri xəsarət almayıb (“Iran International”un məlumatına əsasən).
Onu da qeyd edək ki, siyasi liderlər hücumlardan qorunmasına imkan verildiyi bildirilir. Ötən həftə İsrailin müdafiə naziri İsrail Kats bəyan edib ki, “rejim dəyişikliyi bu müharibənin məqsədi deyildi.”