Xəlil Akıncı: “Azərbaycan ləhcəsi ilə öz türkcəmi düzəldirəm” – MÜSAHİBƏ
27 sentyabr 2010 11:36 (UTC +04:00)

Xəlil Akıncı: “Azərbaycan ləhcəsi ilə öz türkcəmi düzəldirəm” – MÜSAHİBƏ

Türkdilli ölkələr Şurasının baş katibi, səfir Xəlil Akıncının APA-ya müsahibəsi


- Yeni işinizdə sizə uğurlar arzu edirik. Bu addım zərurətdən doğdu, elə deyilmi?

- Türk dövlətləri 18 il ərzində 10 zirvə toplantısı keçirib. 1992-ci ildə Ankarada birinci zirvə toplantısı oldu, 1994-cü ildə İstanbulda ikinci toplantını təşkil etdik. Həmişə vahid bir təşkilat yaratmaq arzusu vardı. 1995-ci ildə Daşkənddə işləri daimi və sistemli hala gətirmək məqsədilə təşkilat yaradılması qərarlaşdırılsa da, bu qərar həyata keçmədi. O vaxt qəbul edilən qərara görə, yaradılması nəzərdə tutulan təşkilatın mərkəzinin növbəti zirvə toplantısının keçiriləcəyi ölkə olması planlaşdırılmışdı. Ancaq keçən il Naxçıvanda keçirilən zirvə toplantısında Türk ölkələri Əməkdaşlıq Şurasının yaradılmasına dair qərar qəbul edildi. Bu şuranın tərkibinə dövlət başçıları şurası, xarici işlər nazirləri şurası, təcrübəli məmurlar şurası, ağsaqqallar şurası və katiblik daxildir. Yəni proqramı və nizamnaməsi etibarilə tam tərkibli beynəlxalq təşkilat yaradılıb.


- Türkiyə Sovet İttifaqından ayrılan qardaş ölkələrin müstəqilliyini hamıdan əvvəl tanıdı. Ancaq geriyə dönüb baxanda o ölkələrlə münasibətlərin istənilən səviyyədə olmadığı görünür. Siz də bu cür düşünürsünüzmü?

- Siz hansı nəticəsini gözləyirsiniz ki? Baxın, min ildir ayrı olan dövlətlərdən söhbət gedir. Bizə ən yaxın olan Azərbaycan 1822-ci ilə qədər İran, ondan sonra isə Rusiya hegemoniyası altında olub. 1918-20-ci illər arasındakı qısa müstəqillik dönəmindən sonra sovet hegemoniyasının altına düşüb. Coğrafi baxımdan bizə uzaq olan Orta Asiya onsuz da bizdən qopmuşdu. Bu min illik məsafəni 18 ildə qət etmək mümkündürmü? Bunlar səbir tələb edən işlərdir. İndi bu ölkələrin hamısı müstəqildir. Özləri barədə qərarları özləri qəbul edirlər. Bu ölkələri birləşdirib vahid dövlət halına gətirmək fikrimiz də yoxdur. Söhbət dövlətlərarası əməkdaşlıqdan gedir.


- Belə başa düşdük ki, əməkdaşlıq deyərkən daha çox mədəni-iqtisadi əməkdaşlıq nəzərdə tutulur.

- İstanbul zirvəsinin yekun Bəyannaməsinə baxsanız, mədəni-iqtisadi əməkdaşlıqdan başqa ölkələr arasında siyasi həmrəyliyin inkişafının da nəzərdə tutulduğunu görəcəksiniz. Ancaq hər dövlətin öz kimliyini qoruması şərti ilə.


- Bu durumda əməkdaşlıq necə dərinləşə bilər?

- Dərinləşər, çünki müştərək mənafelərimiz çoxdur. Bütün türkdilli dövlətlərdə siyasi iradə var. Bunu inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Siyasi iradə olduqdan sonra bu əməkdaşlığı inkişaf etdirmək vəzifəsi təşkilatın üzərinə düşür.


- Siyasi iradədən bəhs edirsiniz. Ancaq uzun müddətdən bəri Özbəkistan bu zirvə toplantılarında iştirak etmir. Bunu necə qiymətləndirirsiniz?

- Bu dəfə Türkmənistan da zirvə toplantısında iştirak etdi. Neytrallıq statusuna görə daha əvvəl Türkmənistan da bu zirvə toplantılarında iştirak etməyəcəyini bildirmişdi. Məncə günlərin bir günü Özbəkistan da burada iştirak edəcək.


- Əməkdaşlıq Şurasının tərkibinə daxil olan alt şuralarla bağlı məlumat verə bilərsinizmi?

- Şura sentyabrın 16-da yaradılıb. İlk növbədə bəzi sənədləşmələri tamamlamalıyıq. Bizim başlanğıc nöqtəmiz Naxçıvan sazişidir. İndi maliyyə protokolu imzalanacaq. Sənədlərin bütün dövlətlərin yekdil səsiylə qəbul edilməsi lazımdır.


- Maliyyə protokolu deyəndə nəyi nəzərdə tutursunuz?

- Hər dövlətin təşkilata üzvlük haqqı ödəməsindən söhbət gedir. Çünki şurada çalışanlara maaş veriləcək. Bu ilin xərclərini Türkiyə ödəyəcək. Ancaq daha sonra hər kəs üzvlük haqqı verməlidir.


- Üzvlük haqqı nə qədər olacaq?

- Onu bilmirəm. Məsələni xarici işlər nazirləri müzakirə edəcəklər. Büdcə hazırlanacaq və hər ölkənin milli gəlirinə və BMT-yə verdiyi üzvlük haqqına görə üzvlük haqqı ödənəcək. Astanadakı Türk Akademiyası da eyni şəkildə işləyəcək. Azərbaycandakı Türk PA-nın ilk xərclərini də Bakı ödədi. Maliyyə protokolunu təşkilata üzv dövlətlər təsdiq edəcək.


- Təşkilata üzv olan ölkələrin üsul-idarə formaları onun fəaliyyəti baxımından gələcəkdə sıxıntı yarada bilərmi?

- Bu, dövlətlərarası bir təşkilatdır. Hər dövlət özünü necə idarə edəcəksə, bu, onun öz işidir. Bu təşkilat sadəcə əməkdaşlığı nəzərdə tutur. Prezident və ya parlament sistemləri bizim qurduğumuz bu təşkilatı maraqlandırmır.


- Son illərdə Türkiyənin Orta Şərq siyasətinin uğurlarından danışılır. Bəzən Türkiyənin bu siyasəti Qafqazda da həyata keçirməsinin lüzumundan bəhs edilir. İki il əvvəlki Rusiya-Gürcüstan müharibəsindən sonra Ankara Moskvaya Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması yaratmağı təklif etdi. Ancaq işlər texniki səviyyədə bir az müzakirə edildikdən sonra davam etdirilmədi. Sizin təşkilatınızın bu baxımdan fərqi nə olacaq?

- Hər şey dövlətlərin mövqeyindən asılıdır. Bu, vaxt içində bəlli olacaq. Təşkilatımız bir neçə gündür yaradılıb.


- Dövlət başçıları ilə görüşmək üçün nizamnamə sizə səlahiyyət verirmi?

- Nizamnamə hələ qəbul edilməyib. Naxçıvan sazişi mənim bu istiqamətdəki fəaliyyətimə mane olmur. Mane olmursa, deməli, səlahiyyətim var.


- Bölgənin ən böyük sıxıntısı Azərbaycan torpaqlarının 20%-nin uzun müddətdən bəri erməni işğalı altında olmasıdır. Yeni qurulan şuranın bu məsələyə aktiv müdaxiləsinin şahidi ola biləcəyikmi?

- Mən bununla bağlı fikirlərimi bundan əvvəlki vəzifəm zamanı (Türkiyənin Rusiyadakı səfiri – APA.) bəyan etmişəm. O vaxt açıqlama səlahiyyətim də var idi. Ancaq indi təşkilatın baş katibi kimi bu məsələ ilə bağlı bir şey deyə bilməyəcəyəm. Şəxsi fikirlərimi öyrənmək istəyirsinizsə, daha əvvəl dediklərimə baxın. Amma əlbəttə ki, bir tərəf türk dövləti, o biri tərəf başqa dövlətdirsə, biz türk dövlətinin tərəfindəyik.


- Orta Asiya dövlətlərinin Azərbaycanın işğal altındakı torpaqları və Dağlıq Qarabağ məsələsinə lazımi diqqət yetirməməsi tənqid edilir. Bundan sonra o ölkələrin diqqətinin məsələyə aktiv şəkildə yönəlməsi üçün hansı işləri görməyi düşünürsünüz?

- Son bəyanat keçən il Naxçıvanda qəbul edilən bəyanatın eynisidir. Digər dövlətlər də Azərbaycana dəstək verdilər. Əgər dövlət başçılarının imzaladığı bəyanatda bu dəstək varsa, başqa nə axtarırsınız?


- Naxçıvan sazişinə istinad edirsiniz, işin arxasında siyasi iradənin olduğunu vurğulayırsınız. Ancaq reallığa gələndə bəlkə də asanlıqla həll edilə biləcək məsələlərin hələ də gündəlikdə qaldığını görürük. Məsələn, təşkilatın üzvü olan ölkələr bir-birindən viza istəyir. Bununla bağlı sürətlə hansı işləri görməyi düşünürsünüz?


- Bu istiqamətdə lazımi işlər görüləcək. Əslində dövlətlər arasında işlər görülür. Bunlar müştərək məsələlər olduğundan katibliyimiz də bu işlərlə məşğul olacaq. Viza məsələsi müştərək bir problemdir.


- Bakıda Türk Mədəniyyət İrsini Qoruma Fondu yaradılacaq. Bu işin çərçivəsi bəllidirmi?


- Bu, özəl bir fond olacaq, ancaq TÜRKSOY-la yaxın əməkdaşlıq edəcək.


- TÜRKSOY-un gördüyü işlər kifayət etmirmi?

- Görülməsi lazım olan o qədər çox iş var ki... Məsələn, arxeoloji qazıntılar sahəsində. Hələ bizim ata yurdumuz sayılan Altayda, Monqolustanda arxeoloji qazıntılarımız tamamlanmayıb. Bakıdakı fond bu işlərə maliyyə dəstəyi verəcək. Astanada Türk Tarix Muzeyi yaradırıq. Bunlar vaxt istəyən şeylərdir. Bir az səbirli olmaq lazımdır.


- Əməkdaşlıq Şurasında Özbəkistanın olmaması işi yarımçıq qoymurmu?

- Biz yolumuza davam edirik. Karvan yoldadır. Özbəkistanın da bir gün karvana qatılacağına inanıram. Türkiyə prezidenti zirvədən hər kəsə salam göndərdi. Biz də gözləyirik. Özbəkistanın bu təşkilatdan kənarda qalmasına ciddi səbəb yoxdur. Bu, türk dünyasında min ildən bəri həyata keçirilən çox önəmli bir hadisədir.


- Türk ölkələri arasında müştərək dil və əlifbadan söhbət gedir. Bununla bağlı katibliyiniz hansı işləri görməyi planlaşdırır?

- Mütləq müştərək əlifba ilə bağlı işlər görəcəyik. Hamımız latın əlifbasına keçəcəyik. Latın əlifbasında fərqli hərflərdən istifadə edirik. Əlifba birliyi ideyası Mirzə Fətəli Axundzadə ilə başlayıb. Axundzadə Osmanlı padşahının yanına gəlib ərəb əlifbasının sadələşdirilməsi üçün layihəsini verib. 2-3 il sonra isə yenidən gəlib latın əlifbasına keçməyi təklif edib. 1920-ci ildə Bakıda keçirilən ilk Türkologiya Konqresində latın əlifbasına keçmək barədə qərar qəbul edilib. 1917-də yakutlar latın əlifbasına keçiblər, 1926-cı ildə Azərbaycan, 1929-cu ildə isə biz latın əlifbasına keçdik. Şəxsi fikrimə görə, əlifbamızda nöqsanlar var. Bunları aradan qaldırıb mütləq müştərək əlifbaya keçməliyik. 1929-cu ildə Bakıda çıxan türkcə-rusca lüğətin bir surəti məndə var. Diqqət edin ki, o vaxt Azərbaycan dili yox, türk dili deyilirdi.


- Niyə ingilis dili? Türkcə ola bilməzdimi?

- Bütün beynəlxalq təşkilatların dili ingiliscədir. Biz də beynəlxalq təşkilat yaratmışıq. Ona görə də təşkilatın dilinin ingiliscə olması da normaldır. Biz uzun müddət zirvə toplantılarında rus dilindən də istifadə etdik və heç bir sıxıntı yaranmadı.

- Azərbaycanla Türkiyənin bir-birini başa düşməsi məsələsində heç bir problem yoxdur. Ancaq Orta Asiya dövlət başçılarının Anadolu türkcəsini öyrənməsi bu qədərmi çətindir?

- Bu, onların öz işidir. İndi işlər ortaq dilə doğru gedir. Məsələn, artıq mən “siqara içmək” demirəm, “siqaret çəkmək” deyirəm. “Xoşuma getdi” demirəm. Xoşuma gələn bir şey niyə qaçıb getsin ki? “Xoşuma gəldi” deyirəm. Azərbaycan ləhcəsindən istifadə edərək öz türkcəmi düzəldirəm. Bunu hər kəsin etməsi lazımdır.
# 718

Oxşar yazılar