Ərdoğan Azərbaycan prezidentinə məktubunda zəmanət verib
10 aprel 2010 15:30 (UTC +04:00)

Ərdoğan Azərbaycan prezidentinə məktubunda zəmanət verib

“Sözümüz sözdür, heç narahat olmayın”

Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyinin Aparat rəhbəri, baş nazirin xüsusi elçisi Firudin Sinirlioğlu Rəcəb Tayyib Ərdoğanın prezident İlham Əliyevə çatdırdığı xüsusi məktubunun bəzi detalları açıqlanıb. Lent.az-ın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Sinirlioğlu İlham Əliyevə Azərbaycan dilində zəmanət verib. O, Azərbaycan prezidentinə Ərdoğanın məktubunda yer alan “Sözümüz sözdür, heç merak etmeyin” ifadəsini Azərbaycan türkcəsində təkrarlayaraq “Sözümüz sözdür heç narahat olmayın” deyib.

Ərdoğanın İlham Əliyevə məktubunda Dağlıq Qarabağ məsələsinin həllində Türkiyənin mövqeyində heç bir dəyişiklik olmadığı da vurğulanıb: “Ermənistanla əlaqələri normallaşdırmaq istəyirik, ancaq Sizin maraqlarınızı da sona qədər qoruyacağıq. Bizim üçün Ermənistanla əlaqələrin normalaşdırılması Dağlıq Qarabağ probleminin həllindən keçir. Sözümüz sözdür...”

Qeyd edək ki, Sinirlioğlunun İ.Əliyevin qəbulunda olmasıyla bağlı qısa məlumatlar verilmişdi. Belə ki, Sinirlioğlu Türkiyə prezidenti Abdullah Gülün və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını və Türkiyə baş nazirinin məktubunu Azərbaycan dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların vəziyyəti barədə danışıb. Firudin Sinirlioğlu Türkiyə-Ermənistan münasibətlərinin hazırkı durumu barədə məlumat verib. Görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafı və perspektivlərinə dair məsələlər müzakirə edilib. Dövlət başçısı prezident Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.
# 466

Oxşar yazılar