Harvard Universiteti Rusiya prezidenti Vladimir Putinin mümkün varisi haqqında nəzəriyyə irəli sürüb.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, bu yaxınlarda 71 yaşlı Putin Tula vilayətinin 50 yaşlı qubernatoru, general-polkovnik Aleksey Dyumini özünə köməkçi təyin edib. Əvvəllər Dyumin Federal Mühafizə Xidmətində xidmət edib və Putini şəxsən qoruyub, 2014-cü ildə Krımın ilhaqı zamanı fərqlənib, bundan sonra müdafiə nazirinin müavini təyin edilib və Rusiya Qəhrəmanı adına layiq görülüb.
O, müntəzəm olaraq Putinlə hokkey oynayıb və 2016-cı ildə dövlət başçısını dağlarda ayının hücumundan necə xilas etdiyi barədə danışıb.
“BILD”in jurnalisti Filipp Pyatov Dyumini “ayılara qarşı cangüdən” adlandırır və qeyd edir ki, rusiyalı ekspertlər onu çoxdan Putinin mümkün varisi hesab edirlər. Onun köməkçi təyin edilməsindən sonra Rusiyada bir çoxları onu yenidən potensial varis kimi müzakirə edirlər.
Onun hərbçilər və təbliğatçılar arasında populyar olduğu, hətta “Vaqner” özəl hərbi şirkətinin keçmiş rəhbəri Yevgeni Priqojin tərəfindən də yüksək qiymətləndirildiyi qeyd edilir. Harvard Universitetinin Rusiya və Avrasiya Araşdırmaları üzrə Devis mərkəzi bu fikirlə razılaşır. ABŞ ekspertləri deyirlər ki, əgər Putin öz varisini seçmək qərarına gəlsə, çox güman ki, Aleksey Dyumin "ən yaxşı namizəd" olacaq.