Qohum evliliyi istəyənlərə kəbin kəsilir? - Axundlardan CAVAB
17 sentyabr 2025 14:02 (UTC +04:00)

Qohum evliliyi istəyənlərə kəbin kəsilir? - Axundlardan CAVAB

0

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb. Qohum evliliyi ləğv olunduqdan sonra isə qanunlara görə, heç dini nikaha daxil olmaq mümkün deyil.

Amma maraqlıdır, “mütləq qohumumla evlənməliyəm”, “qoy, daha yaxın qohum olaq”, “yadı evimə gətirdiyimə, dayımın, xalamın qızını alaram”, fikirləri ilə yaşayanlar kəbinlə ər-arvad olmağa çalışırlarmı?

Heydər Məscidinin imamı Rüfət Qarayev Lent.az-a bildirib ki, qanun qüvvəyə mindikdən sonra qohum evliliyiylə bağlı müraciət edənlər olmayıb:

“Qohum evliliyi ilə bağlı müraciət olacağı təqdirdə, iyulun 1-dən etibarən qüvvəyə minən qanunu əsas gətirilərək, onların nikahları kəsilməyəcək. Digər tərəfdən isə Heydər Məscidində nikaha gələn hər kəsdən dövlət nikahının sənədi tələb olunur. Dövlət nikahı olmayan onlarla insan isə geri qaytarılır. Hər bir  halda, gənclərimizin dövlət nikahına düşmələri onlar üçün hüquqi baxımdan faydalıdır. Dini nikah Allahın vacib buyurduğu əməllərdən biridir”.

Təzəpir Məscidinin axundu Hacı Şamilin sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra qohum evliliyi üçün kəbinlə bağlı heç kim müraciət etməyib:

“Qanun bir ildən sonra qüvvəyə mindiyi üçün qohum evliliyi etmək istəyən hər kəs əvvəlcədən işini bitirmişdi”.

Qaraçuxur məscidindən də, Lent.az-a bildirildi ki, kəbin yalnız dövlətin rəsmi nikah kağızı təqdim olunduqda kəsilir:

“Bu gün də, kəbin üçün müraciət edənlər oldu. Lakin rəsmi nikahları olmadığından onlara “yox” cavabı verdik. Ümumiyyətlə, Qaraçuxur məscidində rəsmi nikahı olmayan şəxslərə kəbin kəsilmir”.  

Maraqlıdır, bəs görəsən, hələ də rəsmi nikah üçün müraciət edənlər olurmu? Onların statistikası aparılır?

Ədliyyə Nazirliyindən Lent.az-a bildirildi ki, qohum evliliyi istiqaməti üzrə statistika aparılmır.

Amma Lent.az-ın əldə etdiyi məlumata görə, hazırda birlikdə, toy-düyünlə evlənib yaşayan cütlüklər var, hansı ki, xala uşaqlarıdır. Çox maraqlıdır, ki, bu cütlüyün biri hüquqşünasdır. O, qanunları bilə-bilə belə bir addım atıb. Açıqlaması isə budur ki, biz vətəndaş nikahı ilə yaşayırıq, bunu heç kim qadağa edə bilməz. Hətta hüquqşünas onu da bildirib ki, əllərində dini nikahları belə var. Lakin bu nikahın harada kəsildiyini demədi: "Bölgələrdə bu işləri görən xüssusi insanlar var, kim istəyirsə onları rahatlıqla tapır". 

Ümid edirik ki, vətəndaşlarımız qohum evliliyinin hansı səbəblərdən ləğv olunduğunu anlayar və gələcək nəsillərinin sağlamlığı naminə bu fikirdən daşınarlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 507

Oxşar yazılar