“Azərbaycanın II Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu”
17 oktyabr 2012 16:03 (UTC +04:00)

“Azərbaycanın II Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu”

Bakıda “Azərbaycanın II Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu” mövzusunda beynəlxalq simpozium keçirilir.

APA-nın məlumatına görə, simpozium Avropa Azərbaycan Cəmiyyəti və “Yahad in Unum” təşkilatları tərəfindən təşkil olunub.

Simpoziumun açılış mərasimində çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov bildirib ki, II Dünya müharibəsi və Azərbaycanın bu müharibədə rolu mövzusu əvvəllər də tədqiq olunsa da, bu tədqiqatlar sovet ideologiyasına əsaslanıb. O, tədbir çərçivəsində beş əsas mövzu ətrafında müzakirələrin aparılacağını deyib. Bu mövzular “SSRİ və Almaniyanın II Dünya müharibəsində Qafqaz siyasəti”, “Azərbaycanın bu müharibədə rolu”, “Azərbaycan neftinin rolu”, “Qafqazda yəhudilərin xilas edilməsi” və “II Dünya müharibəsi dövründə əhalinin köçürülməsi məsələsi”dir. Tale Heydərov o dövrlərin hadisələrinin öyrənilməsinin vacibliyini vurğulayıb və xatırladıb ki, hazırda Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsi bu regionda azərbaycanlılara qarşı yönəlmiş ən irimiqyaslı təcavüz aktıdır.

“Yahad in Unum” Assosiasiyasının prezidenti, Holokost hadisələrinin tədqiqi ilə məşğul olan Patrik Despois bildirib ki, təmsil etdiyi təşkilat Azərbaycan xalqının II Dünya müharibəsində yəhudilərin taleyi ilə bağlı məlumatlandırılmasında maraqlıdır: “Çünki Ukraynada, Belarusda o dövrlərdə sağ qala bilmiş yəhudilərdən “Bunu necə bacardınız” deyə soruşduqda onlar cavab verirdilər: “Çünki Bakıya çata bildik, orada bizi yaxşı qarşıladılar, o çətin dövrdə orada yaşaya bildik və sonra geri qayıtdıq”. Başqa ölkələrdə də Azərbaycanın II Dünya müharibəsində oynadığı rol barədə az şey məlumdur. Bu barədə gənc nəslə danışmaq lazımdır, çünki onlar bizim gələcəyimizdir”.

ABŞ Xolokost Tədqiqat Mərkəzinin direktoru Pol Şapiro rəhbərlik etdiyi mərkəzin fəaliyyəti barədə danışıb, hər il 3 milyona yaxın insanın bu mərkəzi ziyarət etdiyini deyib: “Milyonlarla insan isə saytımıza daxil olaraq mərkəzin fəaliyyəti ilə tanış olur”.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, II Dünya müharibəsi insanlıq tarixində ən qanlı və dəhşətli müharibə olub və 67 il keçsə də, müharibə dövrünün tədqiqi davam edir: “Hətta 100 il keçsə belə, keçmişin səhvlərini təkrarlamamaq üçün bu müharibə xatırlanacaq və öyrəniləcək. Azərbaycan xalqı faşistlərə qarşı mübarizəyə qalxan əsas xalqlardan olub. Müharibəyə getmiş 645 min azərbaycanlıdan yarıdan çoxu həlak olub. Azərbaycan həmçinin hərbi texnika və aviasiyanın yanacaqla təminatının əsas hissəsini də öz üzərinə götürüb”.

Əli Həsənov Azərbaycanda müxtəlif millətlərin yaşadığını, ölkəmizin həmişə qonaqpərvərliyi və tolerantlığı ilə seçildiyini deyib. O bildirib ki, bəzi qüvvələr hələ də II Dünya müharibəsindəki faciələrdən lazımi dərs çıxara bilməyiblər. Azərbaycan xalqının da soyqırımına məruz qaldığını deyən Əli Həsənov buna Quba və Cocalıda törədilmiş hadisələri misal göstərib.

“Azərbaycan etnik və milli ayrı-seçkiliyə qarşı tolerantlıq siyasəti yürütməkdədir. Hesab edirik ki, ölkədə nə qədər çox dil işlənirsə, nə qədər çox xalq yaşayırsa, ölkə bir o qədər dövlətlidir.

Xatırladaq ki, simpoziumun işində Almaniya, ABŞ, Ukrayna, Fransa, Böyük Britaniya, Azərbaycandan alim və ekspertlər, diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Tədbir işini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1766

Oxşar yazılar