Harri Kasparov Lent.az-a danışdı: “Heydər Əliyevin sayəsində duruş gətirdim” – MÜSAHİBƏ –
14 sentyabr 2012 11:00 (UTC +04:00)

Harri Kasparov Lent.az-a danışdı: “Heydər Əliyevin sayəsində duruş gətirdim” – MÜSAHİBƏ –


- Doğulub boya-başa çatdığınız Bakı barədə hansı xatirələriniz qalıb?

- Uşaqlıq xatirələri həmişə ildən-ilə güclənir. Aydındır ki, Bakı doğulub boya-başa çatdığım şəhərdir. Mənim uğurlarım bu şəhərlə bağlıdır. Bakılı kimi dünya çempionu olmuşam. Amma digər tərəfdən, həyat çox zəngindir. Bu səbəbdən, nələrsə artıq unudulmaqdadır. Az öncə Faiq Həsənovla (Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti – E.M.) şəhərin coğrafiyasını müzakirə etdik. Amma deyəsən, mən hələ də Bakının harada yerləşdiyini xatırlayıram (gülür). Hərçənd, mənə deyilənə görə, şəhər çox dəyişilib.

- Bakıya gəlmək istərdinizmi?

- Təəssüf ki, həyata keçməyən məsələlər var. Onlar arzu olaraq qalır. Biz elə bir dünyada yaşayırıq ki, sadəcə, etməli olduqlarımızı edirik. Fikrimcə, ən yaxın perspektivdə bu, təəssüf ki, mümkün deyil. Əlbəttə, istərdim ki, sonu olmadan davam edən məlum münaqişə nə zamansa həll olunsun, nəinki doğulduğum şəhər və ölkə, həm də hazırda ən maraqlı şahmat həyatının olduğu region səyahətçilər üçün açıq olsun.

- Axı Siz bakılısınız. Münaqişə Sizin Bakıya gəlişinizə niyə maneçilik törətsin ki...

- Vəziyyət elədir ki... Bilirsiniz, biz cəmiyyətdə yaşayırıq. Cəmiyyətdə yaşaya-yaşaya yaşamadığın görüntüsü yaratmaq olmaz. Mən istənilən münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyam. Lakin Zaqafqaziyadakı situasiya hələlik mənə Tiflisdən cənuba səfər planları qurma nöqteyi-nəzərindən az vədlər verir. Mən Gürcüstan paytaxtında tez-tez oluram. İnanmaq istərdim ki, münaqişənin həlli mənə böyüdüyüm diyara səfər imkanı verəcək.

- Siz kimin tərəfindəsiniz: Azərbaycanın, yoxsa milli mənsubiyyətlə bağlı olduğunuz Ermənistanın?

- Hazırkı şəraitdə mən bu barədə bir söz deyə bilmərəm. Münaqişə həmişə pis haldır. Mənim mövqeyim belədir ki, həll yolu nə qədər tez tapılsa, hamıya o qədər yaxşı olacaq. Mən artıq uzaqda yaşayıram. Orada nələrin olduğu və nə etməyin gərəkliyinə dair təsəvvürlərim var. Prinsipcə, mən bu konfliktdən uzağam. Çox istərdim ki, böyüdüyüm vaxt olan ənənələr hazırda dominantlıq edən neqativləri üstələsin.

- 2016-cı il Şahmat Olimpiadasına Bakı şəhərinin namizədliyi Ermənistan nümayəndələri tərəfindən birmənalı qarşılanmadı...

- Mən Beynəlxalq Şahmat Federasiyasının (FİDE – E.M.) Konqresində nümayəndə deyiləm. Səsvermə nümayəndələr arasında keçirilir. Təəssüf ki, yenə çox pis siyasi məqam yaranıb. Siyasət daim şahmata müdaxilə edir. Bu isə xoşuma gəlmir. Düzdür, özüm də Rusiyada siyasi fəaliyyətlə məşğulam. Amma idman, şahmatın maraqları ilə siyasi maraqların sərhədlərini bir-birindən ayıra bilirəm. Çox qorxuram ki, bu debatlar yenə çox siyasiləşdiriləcək. Təkrar edirəm: Biz vakuumda yaşadığımız görüntüsünü yarada bilmərik.

- Bir siyasətçi kimi Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini düşünmürsünüz?

- Bu, ayrıca mövzudur. Açıq-aşkar şəxsi düşüncələrimin hüdudlarından və şahmatdan kənara çıxan məsələlər barədə müsahibə vermək niyyətində deyiləm. Qorxuram ki, müsahibə 5 dəqiqəlik zaman kəsiyinə sığmaz.

- Sizdən sonra Azərbaycandan heç bir şahmatçı dünya çempionu ola bilməyib...

- Mən hesab edirəm ki, bu gün gördüklərimizin çoxu 1960 – 1970-ci illərdə aparılmış işlərin nəticəsidir. Fikrimcə, hazırda Azərbaycanın aparıcı şahmat ölkələrindən biri olması təsadüfi deyil. Dünya çempionu olduğum vaxt Azərbaycanda başqa iddialı şahmatçı yox idi. Teymur Rəcəbov mənim dünya çempionluğumdan sonra doğuldu (gülür). Əlbəttə, ölkədə bu qədər güclü şahmatçının olması, intensiv inkişafın getməsi faktı mənə də xoşdur. Başa düşürəm ki, dünya çempionluğu qazanmağım faktı ilə də əlaqəlidir. Faiq Həsənov, vaxtilə “Pionerlər evi”ndə yanına getdiyim mərhum Fuad Cəfərov çox böyük işlər görüb. Hələ də Elmar Məhərrəmovla dostluq münasibətlərim var. O, hazırda Dubayda yaşayır. Bir-birimizi 40 ildir ki, tanıyırıq. Hesab edirəm ki, şahmatınızdakı inkişaf təsadüfi deyil. İnkişafın davam edəcəyinə əminəm. Bu da mənə müəyyən qürur verir. Çünki mənim də hansısa təsirim olub.

- Dünya şahmat tacı uğrunda matçda yendiyiniz Anatoli Karpov bildirib ki, Harri Kasparova Azərbaycanın mərhum rəhbəri Heydər Əliyev və hətta parapsixoloq kömək edib...

- Ümumiyyətlə, Heydər Əliyev mənim bütün şahmat həyatımda həlledici rol oynayıb. O, Karpovla mübarizədə qeyri-bərabər şəraitin təminatçısı yox, müdafiəçi kimi dəstək verib. Təəssüf ki, həmin illərdə Karpovun arxasında nəhəng partiya maşını durmuşdu. Əlbəttə, bakılı oğlanın dünya çempionu olmasını heç kim istəmirdi. 1979 – 1984-cü illərdə Əliyevin dəstəyi olmasaydı, şahmat taxtası arxasında Karpovdan güclü olduğumu sübut edə bilməzdim. Mən bunu xatırlayıram və hər zaman deyirəm. Hazırda bu məsələ mənim üçün hansısa konfliktin bir hissəsi ola bilməz. Əliyevin oynadığı həlledici rol sayəsində mənə qarşı, xüsusən, 1982 – 1984-cü illərdə şahmatdankənar metodların istifadə olunduğu siyasi mübarizədə duruş gətirməyi bacardım.

- Lakin dünya çempionluğundan sonra Siz qazancınızı Bakıdakı erməni əhali arasında bölüşdürəcəyinizi açıqladınız...

- 1990-cı ildə şahmat tacımı satdım və onu hazırkı FİDE prezidenti Kirsan İllümjinov aldı. Pulları həmin ilin yanvarında dəqiq bölgü əsasında Bakıdan olan qaçqınlara payladım. 6500-dək qaçqın ailə arasında biz də var idik.

- Ermənistandan da azərbaycanlılar qaçqın düşmüşdü. Pulları onlar arasında bölüşdürə bilməzdiniz?

- Mən bir nəfərəm və Bakıdan qaçanlara mənsub idim (Harri Kasparovun anası Klara ermənidir – E.M.). Fikrimcə, humanitar problemləri hamı birgə həll etməlidir. Bir nəfər bütün problemləri yoluna qoya bilməz.

- Elə buna görəmi Bakıya qayıtmaq istəmirsiniz?

- Burada söhbət təkcə mənim qayıdışımdan getmir. Məsələ ondadır ki, vəziyyət normallaşmalıdır. Mən öz statusumdan digər insanların edə bilmədikləri üçün yararlana bilmərəm. Bu, mənim üçün prinsipial məsələdir. Əlbəttə, Bakıya səyahətlərin bərpa olunmasını istərdim. Lakin təəssüf ki, bu, məndən asılı deyil.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7388

Oxşar yazılar