Fransanın ATƏT-dəki səfirindən ermənilərə şərt - FOTO
11 sentyabr 2012 17:12 (UTC +04:00)

Fransanın ATƏT-dəki səfirindən ermənilərə şərt - FOTO

Bu gün ATƏT-ə üzv ölkələrin səfirləri Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının baş qərargahında olublar.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasından Lent.az-a verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov, İcmanın İdarə Heyətinin üzvləri, İcmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, eləcədə ətraf rayonlardan olan nümayəndələr iştirak ediblər.

Bayram Səfərov Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri barədə məlumat verib. Artıq iyirmi ildir ki, münaqişənin həllinə çalışan beynəlxalq qurumların ikili standartlara yol verdiyini və konfliktin həllində qətiyyətli mövqe göstərmədiklərini iştirakçıların diqqətinə çatdıran Bayram Səfərov bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna biləcəyini vurğulayıb. Görüşdə iştirak edən Norveçin ATƏT-dəki səfiri Robert Kvile iki gün öncə ATƏT səfirlərinin Ermənistana səfərinin olduğu və artıq iki gündür Azərbaycanda olduqlarını, Ermənistanda da olduqları zaman Dağlıq Qarabağ əsas mövzu olduğunu bildirib.

Qaçqın və məcburi köçkünlərin bugünkü durumundan xəbərdar olduqlarını söyləyən Fransanın ATƏT-dəki səfiri François Alabrune bu münaqişənin həlli üçün tərəflər arasında görüşlərin keçirilməsini, ortaq təmas nöqtəsinin tapılmasını vacib sayıb. Onun sözlərinə görə, münaqişənin həllində yeni bir mərhələyə qədəm qoymaq üçün işğal olunmuş rayonlardan olan məcburi köçkünlərin ən qısa zamanda öz torpaqlarına qaytarılması vacib şərtdir.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov isə beynəlxalq qurumların ikili standartlara son qoymasının, münaqişənin konstruktiv həll olunmasının və köçkünlərin yaxın zamanda öz doğma yurd yuvalarına qayıtmasının təmin edilməsinin hər bir azərbaycanlının arzusu və istəyi olduğunu dilə gətirib.

Millət vəkili Elman Məmmədov əslən Xocalı şəhərindən olduğunu qeyd edərək bildirib ki, Xocalıda törədilən vəhşiliklərin şəxsən şahidi olub. Bu ağrı-acını bu günə qədər nəinki Xocalıdan olan, eləcədə digər soydaşlarımız hələ də yaşayırlar. Millət vəkili ATƏT səfirlərinin simasında bütün dünya birliyini bu vəhşiliyə, soyqırıma layiqli hüquqi qiymət verməyə çağırıb.

Görüşdə iştirak edən digər üzv ölkələrdən Lüksemburq, Yunanıstan, İsveçrə və Türkiyə səfiri çıxış edərək münaqişənin həlli ilə bağlı öz fikir və təkliflərini irəli sürüblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2178

Oxşar yazılar