Şəhriyardan “bac alan”, “imama salam” verən, dünyadan nisgillə köçən şair – ŞƏHİD ZİYALI
06 yanvar 2021 20:15 (UTC +04:00)

Şəhriyardan “bac alan”, “imama salam” verən, dünyadan nisgillə köçən şair – ŞƏHİD ZİYALI

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda elmi, sənəti, düşüncəsi ilə mübarizə aparıb, bu yolda fəda olanlar haqqındadır.

O taylı-bu taylı Azərbaycanın simvolu şair Şəhriyar “Səhəndiyyə” adlı poemasını bu misraların müəllifinə ithaf edib: “Mən bu şeiri Azərbaycan şairi Bulud Qaraçorlu Səhəndə ithaf etmişəm. Bundan başqa, həmin əsərdə eyham şeir sənətindən də faydalanaraq, bəzən “Səhənd” dağına üz tutmuşam. Şair Səhəndin məndə buraxdığı təsiri heç kimsə qoya bilməmişdi... O elə bir şair idi ki, mən Şəhriyardan bac alırdı".

Böyük Şəhriyarın dilindən belə qiymət almaq hər bəxtəvərə qismət olmazdı.

Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim,

Başı tufanlı Səhəndim, ürəyi qanlı Səhəndim...

Lent.az-ın “Şəhid ziyalı” layihəsinin qəhrəmanı 1945-46-cı illərdə Pişəvərinin rəhbərliyi ilə milli azadlıq hərəkatının sıralarında olan Azərbaycan şairi Bulud Qaraçorlu – Səhənddır.

Bulut Qaraçorlu Səhənd Azərbaycanın tarixindən xəbər verən Marağa şəhərində, 1926-cı ildə anadan olub. Əsli Qaraçorlulardandır. Göytürk dövlətini yaradan Aşina oğulları dəmirçi olublar və onlar xüsusi qılınc hazırlayırdılar. İki tayfa idilər və hər tayfa da istehsal etdiyi qılınca öz adını vermişdi. Tayfalardan birinin adı “Bilgətəkini”, digəri isə “Qaraçori” idi. Hər iki tayfa hazırladıqları qılıncın üstünə öz nişanlarını həkk edirdilər. Göytürk imperiyasının sərhədləri Azərbaycanı da əhatə edirdi. Bulud Qaraçorlunun nəsli Göytürkləri yaradan həmin Qaraçori tayfasına gedib çıxır. Etimoloqlar “Kara-Çur” sözünün qədim türk dilində “kara-qaraşın, güclü” və “çur-döyüşçü” sözlərindən əmələ gəldiyini deyirlər.

Valideynləri təhsilli olmayıblar, sənətkarlıqla ad qazanıblar. Atası yalnız adını yazmağı öyrənib. Səhənd özü yazırdı ki, yalnız anası oxumağı bilib, o da Qurandan qeyri heç nə oxumayıb. Onu da yazır ki, savadlı olmasalar da ona savadı məhz valideynləri verib. Onların oxşamaları, nağılları, söhbətləri, öyüdləri, Azərbaycan-onun ikiyə haçalanmış həsrətinin yanğılı hekayətləri qanına, yaddaşına elə hopdu ki, ondan yalnız Bulud Qaraçorlu Səhənd yetişə bilərdi. 

İlk təhsilini Marağada alan Bulut 17 yaşında ikən Razi təxəllüsü ilə şeirlər yazıb. Taleyin töhfəsimi, təsadüfmü, zərurətmi, nə bilək, şairin gənclik illəri 40-cı illərdə İranda Azərbaycan xalqının milli azadlıq hərəkatı ilə eyni vaxta təsadüf edir. 

Keçmişdən söz açmağım yasaq

Gələcəyimdən danışmağım yasaq,

Ata-babamın adını çəkməyim yasaq

Anamdan ad aparmağım yasaq.

1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycanda Milli Hökumətin qurulması Səhəndin şeirlərində əks olunur. Vətənində aparılan islahatlar, ölkəsinin gələcəyi barədə xoş ümidlər onun ruhunu hədsiz yüksəkliklərə qaldırmışdı, şeirləri deyir bunu.

Mənim də əlimdən bu gəlir ancaq,

Səni keçmişimlə eyləyim tanış,

Başuca yaşamaq istəsən əgər,

Bax gör babaların necə yaşarmış!

Nə yazıq ki, çox uzun sürmədi bu xoşbəxtlik. Həm də çox böyük məyusluq və mənəvi tənəzzüllə bitdi. Azərbaycan yenidən işğal altına düşdü.

1945-ci ildə dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti" - BMT fəaliyyətə cənub Azərbaycanda qalxmış Milli Azadlıq Hərəkatını boğmaqla başlayıb. Əsas vəzifəsi beynəlxalq sülhü, təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək olan bu qurum istiladan qurtulmaq üçün mücadilə aparan bir millətin başından basıb ayaqlarını “qandallamaq”la işinə “xeyir-dua” verib.

Qarğış zəmanənin qanunlarına,

Qarğış ürəkləri ayıranlara,

Qarğış insanları qəfəsə salıb,

Bəşər hüququndan dəm vuranlara.

Milli Hökumətin süqutundan sonrakı ədəbiyyat zindanda, sürgündə yazılanlardır. Gizli yolla çap edilib, xalq arasında yayılırdı. 40-cı illərin sonu, 50-ci illər Güney Azərbaycanda ana dilində aşkarda yaza bilməzdin, zatən.  İran inqilabına qədər (1978-79) ölkədə bizim türkcədə çap edilən kitabların çap ili və yeri göstərilmir. Bulud Qaraçorlu Səhənd 1951-1953-cü illərdə "Araz" və "Xatirə" poemalarını zindanda yazıb. Hər iki əsər milli-azadlıq hərəkatından bəhs edir. Hərəkatın tarixi faktları şairin yurdu barədə arzularına bürünüb işıq üzü görüb. 

Həbsdən sonra Səhəndin əhatəsi M.Fərzanə, Səbahi, Şəhriyar, doktor Cavad Heyət idi. Tehranda Məhəmmədəli Fərzanə ilə bir evdə kirayədə qalırdılar. Fərzanə “təhlükəli olduğu üçün İranda və sovetlər birliyində qadağan edilmiş” “Kitabi-Dədə Qorqud” dastanının nüsxələrini Türkiyədən gizli yolla gətirdib, İranda yayırdı.

Səhənd dastanı oxumurdu, içinə çəkirdi. İllərdir oxumaq istədiklərini tapmışdı o dastanda. Əsəri dəfələrlə oxuduqdan sonra 10 il ərzində “Sazımın sözü” əsəri ilə onun içindən çıxdı. Xalqın yaradıcılığından yaranıb “Sazımın sözü”.  Əsər dörd cilddən ibarətdir, özünün sağlığında yalnız iki cildini çap etdirə bilmişdi. Qalan ikisi onun vəfatından sonra dostları sayəsində işıq üzü görüb. Bununla belə, əsər o tay Azərbaycan ədəbiyyatında yeni dövrün başlanğıcı oldu. Ardınca ədəbiyyata Sönməzin "İsanın son şamı", Barışmazın "Nəğmə dağı", Savalanın "Apardı sellər Saranı" kimi poemaları gətirdi.

Doktor Cavad Heyət Səhəndin "Sazımın sözü" əsərini Firdovsinin "Şahnamə"si ilə müqayisə edib və bu əsəri Güney Azərbaycan Türklərinin zəngin lüğət xəzinəsi, "Millətnaməsi" adlandırıb.

Səhənd sağlığında uşaqlıqdan həsrət çəkdiyi Quzey Azərbaycana gələ bilir. 1967-ci ildə dünya şöhrətli şərqşünas alim Rüstəm Əliyev vasitəsi ilə bu tayla əlaqə yaradıb. Sevdiyi bu taylı şairlərə öz şeirlərini göndərib. Məmməd Rahim, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Qabil də onun şeirlərinin cavabında ona öz şeirlərini və onun şeirlərinə yazdıqları mənzumələri göndəriblər.

Bu yazışmalar iki qardaşın həsrətindən, nisgilindən qaynaqlanıb silsilə ədəbiyyata çevrilir.

Rüstəm Əliyevə xitabən yazdığı "Üçüncü ərməğan" şerində Səhənd Pəhləvi rejiminin qədim və zəngin tarixə, ədəbiyyata malik olan Azərbaycan türkcəsinə  qarşı apardığı siyasəti lənətləyir:

Zöhhaklar, fironlar, hitlerlər dünyada,

Neyləsə, neyləsə, neyləsə, neyləsə,

Açginən tarixi, varaqla, baxginən,

"Dilində danışma!" demədilər bir kəsə.

Bulud Qaraçorlu Səməd Vurğunun vurğunu idi. Şeirlərində də bu təsir hiss olunur. Gəncəli Səbahi adlı dostu Səhəndi zahirən də Vurğuna bənzədirdi. 

Səhənd milli azadlıq hərəkatında iştirakından – o qədər qanın-qadanın içindən sağ çıxmasını taleyin oyunu adlandırırdı. Görünür, hələ görəcək günlərim varmış - deyir. Görünür, həsrət yerimi, quzeyi görmək varmış qismətimdə - deyir.

Təbrizdən Bakıya gəldiyi məsafəni müqəddəs yol hesab edirdi.

Sözləri səslənir öz sözüm kimi,

Vətənə sevgidə lap özüm kimi.

Nə qədər doğmadır Təbrizim kimi,

Bu Şəki, Şamaxı, Şuşa, taleyim!

Ölmədən intizarına son qoyulmasında çox məmnun olsa da, ayrılığa son olmadı - deyir.

Sanıram Əhərdə, ya Muğandayam,

Gah dağı gəzirəm, gah arandayam,

Sanki Səhənddəyəm, Savalandayam,

Baxanda hər dağa, daşa, taleyim!

Qayıdandan sonra Bakı həsrəti bitmir, bir az da artır. Daha çox bu taydakı şair qardaşlarını oxuyur, daha çox nisgil çəkirdi. Əliağa Kürçaylının "Fillər də ağlayır" şeirini oxuyandan sonra ona "Qardaşım Əliağa Kürçaylıya" adlı şeir-məktubunu yazır. Mənim həsrətim səninkindən daha ağır, mənim dərdim daha dözülməzdir - deyə. Sənin güvəndiyin dağlara qar, mənimkinə dolu düşüb yazır.

Güney Azərbaycanlı Səməd Behrəngi 1968-ci ildə Arazın sularına qərq ediləndə Səhənd özünə yer tapa bilmirdi. O illərdə Araza həsr etdiyi, ona müraciətlə yazdığı silsilə şeirlər var ki, bütün ağrılarını Səmədin arxasınca Arazın dərinliklərinə qərq etmək istəyi ilə alovlanır.

Bulud Qaraçorlu ana dilinin zənginləşməsi yolunda misilsiz işlər görən adamdır, həm də bu yolda süngü ilə mübarizə aparan. Boynuna kəfən salıb – deyilən bir ifadə var. Bulud kəfənsiz ölməyə də razı idi, qana bələnməyə də, Arazın sularında batmağa da-amma bundan əvvəl vətəni azad görmək istəyirdi. Mübarizəyə, qələbəyə səsləyən "Fədailər marşı" əsəri həm də onun həyatının marşıdır, elə bil.

Mən azadlıq cəbhəsində bir fədai əsgərəm,

Bir azadlıq istəyirəm, bir də azad bir vətən.

Əsərdə Səttarxanı, Bağırxanı, Xiyabanini el yolunda candan keçən fədailər adlandırır.

Şair qəlbi kövrək olar, şirin dilə, vədə inanar. Səhənd də 1978-1979-cu illər İran inqilabının qələbəsindən sonra ruhlanıb, Xomeyni hakimiyyətinin Cənubi Azərbaycanda milli problemləri həll edəcəyinə inanıb. Xomeyninin hakimiyyətə gəlişini alqışlayan "İmama salam" şerini yazır. Səməd Vurğunun “Rəhbərə salam” şeirini xatırladım bu yerdə. Görəsən, tarixdə nə qədər inanıb, inanmaq istədiyindən inanıb aldanmışıq, məyusluğa uğramışıq, mənəvi təcavüzə, tənəzzülə məruz qalmışıq?

Səhənd Xomeyninin "nə sağa, nə sola, islama" şüarını nəzmə çəkib. Ruhanilərin hakimiyyətə gəlməsi ilə azərbaycanlıların da öz milli haqqlarına qovuşacağına ümid edib. Görünür, islama, müsəlmana olan ümidin sızmasıdır bu.

Ümidləri puç olanda bu dəfə dözə bilmədi şair. Nə qədər inanıb aldanmaq, məyus olmaq, əzilmək olar. Bir gün bütün bunların sonsuz olacağına bütün ümidlər qırılır…

Görəsən sonu varmı

Bu ağır nisgillərin?

Baharı-yazı yoxmu

Bu boranlı ellərin?

Görəsən bu ayrılıq

Çatacaqdırmı başa?

İki qardaş bir daha

Yaşayacaqmı qoşa?

1979-cu ildə 51 yaşlı Səhənd ümidləri və arzuları ilə birgə bu dünyaya vida edir. Sevdiyi torpağa könüllü gömülür ki, əzabları bitsin.

Çoxları yoruldu.

döndüm, geriyə baxdım,

beş-üç nəfər canından keçən,

bir də mən,

qalmışdıq, çalışdıq.

Uzun illər məşəqqət çəkdik,

hesabsız bəlalara dözdük.

Başımızın tükü ayağımıza salama gəldi,

bir çoxları yarı yolda cana gəldi...

P.S. Müəllif araşdırmada köməyə görə Milli Kitabxananın əməkdaşlarına təşəkkür edir.

# 13566
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar