Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı 44 günlük Vətən müharibəsi şəhidi Nahid Musa oğlu Ağalarov haqqındadır.
Nahid Ağalarov 1983-cü il dekabrın 19-da Goranboy rayonunda Xan Qərvənd kəndində anadan olub. Hərbi xidmətini 2002-2003-cü illərdə başa vuran Nahid 2014-cü ildən yenidən ordu sıralarına yollanır. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində MAXE vəzifəsində fəaliyyət göstərib.
Azərbaycan Ordusunun baş çavuşu olan Nahid Ağalarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nahid Ağalarov noyabrın 23-də Şuşa istiqamətində minaya düşməsi nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Zəhra..
Qızılgül kolları ilə əhatələnmiş həyətdən keçib gedəndə, daş döşəmənin üzərində o yan - bu yana qaçan balaca qızcığaz mənə əhəmiyyət vermirdi. Amma evə keçib diktofonu işə salanda bir anlıq dayandı, diqqətlə çantamdan çıxardım dəftər-qələmə, bir də atasının divardan asılan iri şəklinə baxdı. Dünyanı hələ yenicə tanımağa başlayan bu qızcığaz mənim söhbətə hazırlıq mərhələmi və anasının xeyli həyəcanlandığını görüb, fəhm etdi ki, bu söhbət həmişəkilərdən deyil və balaca olsa belə bu söhbətə onun da aidiyyatı var. Bu qızcığaz 2020-ci il noyabrın 23-də 44 günlük Vətən müharibəsində şəhid olmuş çavuş Nahid Ağalarovun qızı Zəhra idi. Nahidin həyat yoldaşı Tinatin xanım və onun anası Sara xala ilə söhbətə də elə Zəhrənın nisgilli, gülümsəmək istəyən amma evlərinə gələn adamın kimliyindən ehtiyat edən nigaran baxışlarının müşayiəti ilə söhbətə başlayırıq.
Nahidlə Tinatin xalauşağı olduğundan əvvəlcə onların birlikdə olmaq, evlənmək barədə verdikləri qərardan, toylarından söhbət açıram. Söhbətə Tinatin başlayır.
– Biz xalauşağı idik. Nahid həmişə bizə, biz də onlara gedib gəlmişik. Aramızda qohumluq münasibəti olub. Amma 2016-cı ildə bir dəfə bizə gələndə, mənə qarşı olan hisslərini dilə gətirdi. O zaman mənim 27 yaşım vardı. Mənim reaksiyam isə təbii ki, müsbət oldu. Biz razılığa gələndən sonra ailələrimizə bildirdik.
Sevgi
– Hərbçilərin çətin həyatı olur. Buna görə ehtiyat etmirdiniz?
– Nə bilim... Mənim də ona qarşı hisslərim olduğu üçün hər şeyə göz yumub razı oldum. İndiki kimi yadımdadır 2016-cı ildə iyunun 18-i ilk görüşümüz oldu, mənə dönə-dönə yenidən öz sevgisini etiraf etdi. 2017-ci il yanvarın 3-də nişanımız olub. Bir neçə ay sonra 2018-ci il martın 11-də isə ailə qurduq. Çox qayğıkeş həyat yoldaşı idi. İnanın, bundan sonra yüz il də yaşasam, onun mənə, qızımıza göstərdiyi qayğı mənim bəsimdir. 2018-ci ilin noyabr ayında qızımız Zəhra dünyaya gəldi. Valideyn olduğumuz üçün çox sevinirdik. Nahid həmişə deyirdi ki, Zəhra balamı böyüdəcəyəm, əlindən tutub, məktəbə aparacağam, oxudacağam, işə qoyacağam. İkinci Qarabağ müharibəsi başlananda da, Zəhra balamıza olan arzularını mənə tapşırıb getdi.
Nahid qayğıkeş insan idi. İşdən gələndə, nə qədər yorğun olsa da, balasına, mənə vaxt ayıra bilirdi. Yəni belə deyim də, ideal olmasa da, amma ona çox yaxın ailə münasibətimiz, bir-birimizə olan hörmətimiz, sevgimiz vardı.
– Sizinlə, qızınızla bağlı arzuları nələr idi, nə deyirdi?
– Ən böyük arzuları qızı ilə bağlı idi. Deyirdi kİ. Qızımı mütləq oxudacam, təhsilli edəcəm. Ancaq arzuları yarımçıq qaldı. Müharibə başlananda, o, mənə dedi ki, mənim arzularımı sən yerinə yetir. İndi həmin günlər haqqında danışmaq mənim üçün çox çətindir. Baş verən hər şey gözlərimin qarşısından getmir. Hər gün onu düşünərək yatıram, onu düşünərək oyanıram. İstəyirəm yanımda olsun, qızını səsləsin. Amma bunlar hamısı istək olaraq qalır.
Son gediş
Tinatin xanımın sözlərinə görə həyat yoldaşı ilə sonuncu görüşü qızları Zəhranın ad günündən əvvəl noyabrın 10-da olub. Həmin gün Nahid qızının ad gününü qeyd edəndən sonra yenidən cəbhə xəttinə yollanır. Bu zaman artıq müharibə bitmiş, Azərbaycan ordusu qələbə qazanmışdı. Bu mənada Nahid də artıq qələbə ilə qürur duyan şanlı əsgərdən biri idi. Ancaq onun ağlına da gəlmir evlərindən getdiyi bu yoldan o bir də geri qayıtmayacaq.
– Zəhranın ad günü noyabrın 13-də idi. Nahid də noyabrın 9-da evə gəlmişdi. On üçünə qədər qala bilməyəcəkdi, tez getməli idi. Ona görə də biz Zəhranın ad gününü noyabrın 10-da qeyd etməli olduq. İnanın, həmin günləri yada salmaq mənim üçün o qədər çətindir ki, bunu sözlə ifadə edə bilmirəm (kövrəlir)...
Bilirsiniz, o, çox vətənpərvər adam idi. Torpaqlarımızı düşmən əlindən azad edəcəyik deyirdi
– Buna inanırdı?
– Əlbəttə. Tamamilə inanırdı. Son dəfə qapıdan çıxanda, yadıma gəlir, mənə dedi, sən güclü qadınsan. Qızımı sənə, səni də allaha tapşırıram. Getməzdən əvvəl Zəhra ilə çoxlu oynadı, onu öpüb qucaqladı. Elə bil ürəyinə dammışdı ki, sonuncu gedişidir. Gedəndən sonra da hər gün danışırdıq. Sonuncu danışığımız. Noyabrın 23-də səhər danışdıq. Axşam tərəfi zəng vurdum, zəng çatmadı. Düzdür, yuxumu qarışdırmışdım, amma onun şəhid olacağını ağlıma gətirmirdim. Həm də o mənə demişdi ki, ola bilər ki, mənim telefonuma zəng çatmasın, çünki dağlıq ərazilərdə olacam.
Daşaltı...
Söhbətimizin bu yerində bayaqdan mətbəxdə işləyən, çay dəmləməyə başı qarışan Sara xanım da gəlib çıxır. O, da həm kürəkənindən, həm də bacısı oğlundan danışmağa başlayır. Onunla söhbət edərkən məlum olur ki, Nahid özündən yaşda böyük qardaşlarından biri də 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşüb...
– Nahidin çox çılğın uşaqlığı olub. Elə uşaqlıqdan həmişə deyirdi ki, böyüyəndə gedib vətən uğrunda vuruşacam. Onlar ailədə altı uşaq idilər. Nahidin qardaşı Yaşar hərbi xidmətdə olanda on səkkiz yaşında Birinci Qarabağ müharibəsində Daşaltı döyüşləri zamanı itkin düşdü. Tale elə gətirdi ki, Nahid də Daşaltında minaya düşüb şəhid oldu.
Nahid sonuncu dəfə evə gələndə, çox sevincli idi. Açığı biz də sevinirdik, düşünürdük ki, daha müharibə qurtarıb Nahid də sağ-salamat qayıdıb gəlib. Bizim ağlımıza da gəlməzdi ki, o, gedib Daşaltında minaya düşəcək. Noyabrın 23-də səhər qızım mənə zəng vurdu ağlaya-ağlaya dedi ki, mama Nahidə zəng vururam, amma zəng çatmır. Ona ürək-dirək verdim ki, qorxma, heç nə olmaz. Qızım dedi ki, yox, yuxumu qarışdırmışam. Onda ürəyim səksəndi. Çünki mən də yuxu görmüşdüm.
Yuxu...
– Yuxuda nə görmüşdünüz?
– Yuxuda görmüşdüm ki, şəhid olub... Sonra oğlum Müdafiə Nazirliyinə getdi. Orda ona demişdilər ki, Nahid şəhid olub. Oğlum gəlib bizə dedi ki, Nahid ayağından yaralanıb. Qızım da, mən də rayona çatandan sonra bildik ki, o, şəhid olub. İndi bizim üçün çox çətindir. Qızı hər dəfə ata deyəndə, onun ata sözü bizim ürəyimizə sancılır.
Tinatin xanım da həmin günləri anası qədər xatırlayır. O, da yuxusunu qarışdırdığını, Nahidin telefonlara cavab verməməsinin narahatlığından sonra gələn qara xəbər anlarını yadına salır.
– Qardaşım nazirlikdən gəldi mənə dedi ki, Nahid ayağından yaralanıb. Mən də inandım. Ümid elədim, daha doğrusu. Rayona məni apardılar ki, Nahidlə görüşdürəcəklər. Amma kəndə gedib girəndə, izdihamı görəndə artıq bildim ki, bu yaralanma məsələsi deyil, Nahid şəhid olub. Onu orda çox sevdiyi kəndlərində dəfn etdik. İndi mənim üçün Nahidin xatirələrindən, bir də balamdan başqa bu dünyada tutunacaq heç nə yoxdur. Ancaq balam üçün, Nahidin əmanəti üçün yaşayıram. Tək istəyim də budur ki, atasının onunla bağlı arzularını yerinə yetirim. Qızım da atasına layiq övlad olsun.