Havalar isinib, tətil planları qurulub, amma özünü köhnə paltarlara sığışdıranda canın sıxılır?
Tək sən deyilsən. Yay gələn kimi çoxumuz “bir az arıqlayım, özümə gəlim” deyə düşünürük. Amma bəzən nə yeyəcəyimizi, nə içəcəyimizi, suyu nə qədər içməli olduğumuzu dəqiq bilmirik. Bir də görürsən, "sağlam qidalanıram" deyə günlərlə meyvə yeyirik, amma çəkidə tərpənmə yoxdur. Bu yay özünü daha yüngül, sağlam və rahat hiss etmək istəyirsənsə, enerjini bərpa et, bədənini sev, özünü yaxşı hiss et.
Lent.az peşəkar diyetoloq Reyhan Cabbarlı ilə olan müsahibəni sizə təqdim edir:
– Yay aylarında arıqlamaq üçün hansı pəhriz modelini tövsiyə edirsiniz?
– Pəhriz növü əslində şəxsə özəl seçilməlidir. Amma yay aylarında mən daha çox Aralıq dənizi (Akdeniz) pəhrizi modelini üstün tuturam. Bu pəhriz növü daha çox tərəvəzlə zəngindir və həm qiymət, həm də keyfiyyət baxımından asanlıqla əldə edilə bilən qidalardan ibarətdir. Həmçinin, bu model sağlam yağlara, təbii liflərə və balanslı zülal qəbuluna əsaslanır, yay üçün olduqca uyğun və rahatdır.
– Yayda orqanizmin maye balansını necə tənzimləmək daha effektiv olar?
– Yay aylarında bədənimizin maye ehtiyacı artır. Çox zaman insanlar suyu təkcə sulu meyvə və ya tərəvəzlərdən aldıqlarını düşünürlər. Amma saf su bədən üçün ən effektiv maye mənbəyidir. Xüsusilə qan dövranı, qan şəkəri və təzyiqin tənzimlənməsi üçün bədən çəkisinin hər kiloqramına təxminən 30 ml saf su qəbul olunmalıdır. Məsələn, 70 kq-lıq bir insan üçün bu gündə 2.1 litrə bərabərdir.
– Yay mövsümündə hansı meyvə və tərəvəzlər arıqlamağa kömək edə bilər?
– Nişasta tərkibi aşağı olan bütün tərəvəzlər düzgün bişirildikdə həm arıqlamağa, həm də vitamin və mineral ehtiyacının qarşılanmasına dəstək olur. Meyvələrə gəldikdə isə, burada diabet xəstələri diqqətli olmalıdır. Su tərkibi yüksək olsa da, fruktoza miqdarı səbəbi ilə meyvələr porsiyalarına və qəbul saatlarına uyğun şəkildə seçilməlidir. Məsələn, qarpız və üzüm kimi meyvələri axşam deyil, günorta saatlarında, miqdarına nəzarət edərək yemək daha doğrudur.
– Yayda gündə neçə litr su içmək məqsədəuyğundur? Hansı hədd artıq ola bilər?
– Daha öncə qeyd etdiyim kimi, bədən çəkisi 30 ml qaydası ən təhlükəsiz yanaşmadır. Bu da orta hesabla 2,5–3 litr suya bərabər gəlir. Əgər siz artıq dərəcədə su içsəniz (xüsusilə gündə 5 litr və daha çox), bu halda hiponatremiya (qanınızdakı natrium miqdarının normadan aşağı olması deməkdir) adlı təhlükəli hal baş verə bilər. Bu, bədəndə duz səviyyəsinin aşağı düşməsi deməkdir ki, halsızlıq, başgicəllənmə və hətta huş itkisinə səbəb ola bilər.
– Yay aylarında maddələr mübadiləsini sürətləndirmək üçün hansı vitamin və minerallara diqqət etməliyik?
– Maddələr mübadiləsini dəstəkləmək üçün ilk növbədə B qrup vitaminləri (xüsusilə B6 və B12), maqnezium, sink, xrom və C vitamini vacib rol oynayır. Həmçinin günəş şüası ilə təbii D vitamini sintezi yayda artsa da, bu hamıya kifayət olmaya bilər – ona görə D vitamini səviyyəsini yoxlatdırmaqda fayda var.
– Qida əlavələri yay pəhrizində rol oynaya bilərmi?
– Qida əlavələri heç vaxt özbaşına qəbul edilməməlidir. Əgər analizlərdə əskiklik müşahidə olunursa, həkim məsləhəti ilə istifadə edilməlidir. Yay aylarında bu ehtiyac bəzən azalır. Məsələn, siz tez-tez günəşlənirsinizsə, D vitamini dəstəyinə ehtiyac olmaya bilər. Həftədə azı 2 dəfə balıq yeyirsinizsə, omega-3 əlavəsi qəbul etməyə də ehtiyac yoxdur. Yəni, bu cür əlavələr sizin həyat tərziniz və qidalanma vərdişlərinizə görə fərdi şəkildə dəyərləndirilməlidir.