“Qız anaları  bu səbəbdən mütləq övladlarını həkimə aparsınlar” - Ginekoloqla MÜSAHİBƏ
11 iyun 2025 16:32 (UTC +04:00)

“Qız anaları bu səbəbdən mütləq övladlarını həkimə aparsınlar” - Ginekoloqla MÜSAHİBƏ

Qadınların ən çox üz tutduğu həkimlərdən biri ginekoloqdur. Əvvəllər ginekoloq dedikdə, yalnız doğuş və ya əksinə döldən xilas olma (abort), qadın orqanlarının xəstəliyi ağla gəlirdisə, hazırkı çağda vəziyyət bir qədər fərqlidir. İndi xanımlarımızın əksəriyyəti həkimi ginekoloji estetik əməliyyatlar, hamiləlikdən qorunma üsulları, uşaqlıq yolu xərçəngi, ilk cinsi əlaqə, qızlıq pərdəsinin bərpası əməliyyatı digər məsələlərə görə axtarırlar. Bu isə çox aktualdır.

Lent.az-ın əməkdaşı yuxarıda sadaladığımız və bir sıra digər mövzularda cərrah mama-ginekoloq Nərmin Məmmədzamanlıdan müsahibə alıb:

- Nərmin xanım, vagina daraltma, yəni (vaginaplastika) əməliyyatını doğuşdan dərhal sonra etmək doğrudurmu? Ümumiyyətlə, bu əməliyyat üçün ən ideal zaman nə vaxtdır?

- Bu xəstələrin ən çox verdiyi suallardan biridir. Doğuşdan sonra çoxları vaginaplastika əməliyyatını icra etmək istəyir. Amma bu qəti şəkildə yolverilməzdir. Çünki doğuşdan sonra toxumalarda ödəm və şişkinlik olur. Bu səbəbdən də orada hansısa estetik əməliyyat icra olunsa belə, effekti olmayacaq. Üstəlik doğuşdan sonra zahılıq qanı dediyimiz loxiya ifraz olunduğu üçün vaginaplastika əməliyyatından sonra əlavə iltihab yarana bilər. Bu da sağalma müddətini gecikdirəcək.

Həqiqətən ehtiyac olarsa, doğuşdan 6 ay sonra vaginaplastika əməliyyatı tövsiyyə olunur. Çox vaxt bu əməliyyata ehtiyac olmadan, sadəcə cinsi həzz üçün müraciət olunur.

- Labioplastika (Böyük cinsiyyət dodaqlarının estetik olaraq şəkilləndirilməsi) əməliyyatını evli və ya subay hər xanım etdirə bilər?

- Labioplastika əməliyyatını hər kəs etdirə bilər. Böyük cinsiyyət dodaqları adətən dar geyimlərdə xoş görüntü yaratmadığı, həmçinin ağrı verdiyi üçün icra olunur. Bu əməliyyatı vaginaplastikadan fərqli olaraq, doğuşdan sonra da etmək olar.

- İstər vaginaplastika, istərsə də, labioplastika əməliyyatlarından sonra xəstəxanada qalmaq tələb olunur? Əməliyyatlarda narkozdan istifadə olunur?

- Labioplastika əməliyyatından sonra normal həyata qayıtmaq olur. Vaginaplastikada isə, ən az 2 gün xəstəxanada qalmaq lazımdır. Təbii ki, brada əməliyyatın gedişatı da rol oynayır. Əgər proses fəsadsız və ağırlaşmalar olmadan keçibsə, o zaman 2 günə evə çıxmaq olar.

Tək labioplastika əməliyyatını 10-15 dəqiqəlik venadaxili anesteziya ilə etmək olur. Amma vaginaplastikada mütləq narkozdan istifadə olunur. Hər iki əməliyyat eyni anda olduqda isə, ən az 1 saat yarım əməliyyata vaxt ayrılır.

- İlk cinsi əlaqədən öncə və sonra nələrə diqqət etmək lazımdır? Bəzən xanımlar bu məsələlərdə danışmaqdan utanır, çəkinirlər. Məlumatsızlığın sonu isə çox zaman xoş təəssüratlarla yadda qalmır.

- Cəmiyyətimizdə cinsi əlaqəyə ya ürküdücü bir şey kimi baxılır, ya da heç utandıqlarından bu mövzuya toxunmurlar. Məhz bu “ürküdücü” proses xanımlarda vaginzmə yol açır. Anlamaq lazımdır ki, cinsi əlaqə fizioloji prosesdir. Əgər o, qaydasında davam edirsə, ağrısız olacaq. Bunu böyütmək yalnız özümüzə zərərlidir. Necə ki, menstruasiya normaldır, eləcə də ilk cinsi əlaqə.

Prosesdən sonra normal həyata davam etmək olur. Lakin bəzi qızlarda qanaxma olduğu halda həkim məsləhəti ilə bir neçə gün cinsi pəhriz etmək lazımdır. Amma hər şey qaydasındadırsa, o zaman normal münasibəti davam etdirmək olar.  Qısaca, hər şey gedişatdan asılıdır.

- Qadınların bir çoxunun “mentalitet” damğasından qaçmaq üçün gizlincə üz tutduğu qızlıq pərdəsinin bərpası (himenoplastika) əməliyyatı zamanı məxfilik qorunurmu?

- Himenoplastikanı ən çox özəl klinikalarda icra edirlər. Çünki bu əməliyyata ekspertizanın ekspert rəyi və bir sıra sənədlər tələb olunur. Həmçinin əməliyyatdan sonra xəstəyə epikriz kağızı verilir. Lakin xəstələrin tələbi tamamilə gizliliyin qorunmasıdır. Ona görə də bu əməliyyat bizim tərəfimizdən icra olunmur. Amma bu əməliyyata istək həddindən artıq çoxdur. Əminəm ki, hər bir ginekoloqdan gündə ən az 4-5 nəfər bu haqda soruşur.

­- Siz qızlıq pərdəsinin bərpası əməliyyatını icra etməsəniz də, ginekoloq kimi bu əməliyyatın məhz “Kimsə bilməsin, adıma qara yaxılmasın” düşüncəsi ilə edilməsini necə qiymətləndirirsiniz?

- Bu düşüncədən tamamilə çıxmaq lazımdır. Demirəm ki, evlənəndə hər kəs bakirə olmalıdır, xeyr. Bu bir seçimdir. Qarşı tərəf də bunu bilməlidir. Ona da bu seçim verilməlidir. İndi zəmanə də, insanlar da dəyişib. Tərbiyə və əxlaq qızlıq pərdəsi ilə ölçülməməlidir. Bu əməliyyatı etdirməkdənsə, həyatınıza alacağınız insanı özünüzə uyğun seçin.  Bu hala “qəbul olunması lazım olan problem” kimi baxılmamalıdır. Ola bilər, bəzi qadınlar bakirə olmasın. Himenoplstika ilə bağlı çox qadın müraciət edir. Amma çox mənasızdır, nə anlamı var ki? Qarşındakı səni onunla qiymətləndirirsə... Cütlüklər arasında şübhə varsa, bu qədər pulu da boşu-boşuna əməliyyata tökmək lazım deyil.

- Ginkoloqların bəziləri qiymətə görə bu əməliyyatın iki növünü fərqləndirirlər. Uzunmüddətli və qısamüddətli. Bunlar doğrudur?

- Bəli, əməliyyatın qısa və uzunmüddətli növləri var. Sadəcə toxumaların sağalması hər orqanizmdə fərqli olur. Qızlıq pərdəsinin bərpası əməliyyatından sonra 100% gözlənilən nəticənin alınması ilə bağlı zəmanət yoxdur. Yəni bir az risklidir.

- Bu gün ən çox hansı ginekoloji estetik əməliyyata tələbat çoxdur?

- Mübahisəsiz, bu, vaginaplastika əməliyyatıdır. Lazım olsa da, olmasa da, hər gün bununla bağlı xanımlar müraciət edirlər. Adətən lazım olmayanlar müraciət edirlər (gülür). Hələ də, rast gəlməmişəm ki, 4 ağırçəkili uşaq dünyaya gətirən xanım vaginaplastika üçün müraciət etsin. O xanımların əməliyyat üçün heç vaxtı da olmur. Vaginaplastika indi dəbdir. Düşünürlər ki, bu, mütləq olmalıdır. Adətən zövq üçün müraciət edənlərə izah edirik ki, buna ehtiyac yoxdur. Psixoloji faktdır ki, xəstə bütün estetik əməliyyatlarda olduğu kimi burada da, tam razı qalmayacaq. Onun tələbləri qarşılanmayacaq. O insanın istəkləri qarşılanır ki, həqiqətən də ehtiyac duysun.

- Bir şikayətə rast gəlmişdim. Xəstə bildirir ki, o həm vaginaplastika, həm də labioplastika icra etdirib. Lakin həkim əməliyyatda o qədər darlaşdırma edib ki, o, öz fizioloji tələbatlarını qarşılayanda belə, ağrı və qanaxma olub.

- Bəli, əməliyyatda bu kimi hallarla sığortlanmaq olmur. Bəzən o qədər daraltma edilir ki, qadın adi bir şam belə istifadə edə bilmir. Bu çox qorxulu bir haldır. Bunu düzəltmək çətin və mümkünsüzə bərabərdir. Hərdən də xəstələr heç bir dəyişiklik olmadığı üçün şikayətlənirlər.

- Bəs evlilikdən neçə müddət sonra hamiləlik üçün ginekoloqa müraciət etmək lazımdır?

- Evlilikdən sonra övlad sahib olmaq istəyi cütlüyün hamiləlik planlamasına daxildir, lakin 1 il boyunca cütlük istəyərək qorunmasız uşaq sahibi ola bilmirsə və yaşı 35-dən aşağıdırsa, bu zaman həkimə müraciət etməlidir. Amma yaşı 35-dən çoxdursa, bu müddət 6 ya enir. Xanım evlənmədən öncə tüklənmə, aybaşı və səpki kimi problemlərinin olduğunu bilirsə, o, ginekoloqa daha erkən müraciət etməlidir.

- El arasında uşağın cinsiyyətinin hesablanması testləri kimi tanınan cədvəllər var. Bunu çox zaman ginekoloqlar edirlər. “Filan vaxt hamilə qalsan qız, filan vaxt oğlan”, deyirlər. Bəzən iş o həddə çatır ki, istənilməyən uşaqlar doğulur, ya da abort edilir...

- Bu hesablamalar Fransada, Macarıstanda, Braziliyada XV, XVII əsrlərdə istifadə olunurdu. O vaxtlar bu testlər sadəcə maraq üçün edilsə də, indi ana olacaq xanımlar buna məhz həyati əhəmiyyətli iş kimi baxırlar. “Maya təqvimi”, “Çin təqvimi” kimi hesablama metodlarından ciddi fakt kimi istifadə etmək olmaz. Uşağın cinsiyyətini erkən həftələrdə bilməyin tək yolu ana qanından analiz verməklə mümkündür. 12-16-cı həftələrdə isə ulturasəs müayinəsi ilə cinsiyyətini müəyyənləşdirmək olar. Amma bu təqvimə güvənərək ailə planlaşdırması etmək, övlad dünyaya gətirmək peşmançılıqla nəticələnə bilər.

- İstənilməyən hamiləlikdən qaçmaq üçün istifadə olunan spirallar və dərmanların insan orqanizminə hansısa fəsadları varmı? Hamiləlikdən qorunmaq üçün bunlara 100% əmin olmaq olarmı?

- Hamiləlikdən 98,8 faiz qoruyan üsullar var. Əgər üsul xəstəyə görə seçilərsə, fəsad minimuma bərabər olur. Tütün istifadəçisi, yaşı çox olan, laxtalanma problemi, insult riski, ürək problemi  olan qadınlara gündəlik həblərdən istifadə etmək olmaz. Bu zaman orqanizmdə ağır fəsadlar yarana bilər. Bəzi qadınlar da var ki, uşaqlığının quruluşu anotomik olaraq fərqlidir. Onlara spiral qoymaq və nəticə gözləmək düzgün deyil. Heç qorunmamaqdansa, xəstənin özünə uyğun üsulla qorunması daha yaxşıdır.

- Qeysəriyyə və təbii doğuş. Bir az da bunlardan danışaq. Siz hansını tövsiyyə edirsiniz və niyə?

- Normal doğuşu tövsiyə edirəm. Amma bu xəstəyə görə seçilməlidir. Təkidlə normal doğuş etmək istəmək də düzgün deyil. Elə xəstələr var ki, onlara təbii doğuş etmək olmaz. Biz normal doğuşun ona görə tərəfdarıyıq ki, qeysəriyyənin anesteziloji, cərrahi fəsadları yarana və ömür boyu qarında izlər qala bilər. Qeysəriyyədən sonra qarında yaranan bitişmələr başqa əməliyyata gedəndə cərrah üçün problemlər yarada bilər. Normal doğuş ağrılı olsa da, nəticəsi adətən yaxşı olur. Əlbəttə, burada da fəsadlar olur, amma qeysəriyyəyə nisbətdə daha az.

- Qadınlar doğuşdan nəyə görə qaçırlar? Ağrı ya estetik səbəblərdən?

- Əvvəllər bu sualın cavabı ağrı idi. Bir neçə il öncəyə qədər xanımlar ağrıdan qorxurdular. Lakin tibbin inkişafı ağrısız doğuşu gətirdiyi üçün normal doğuşu seçənlərin sayı azaldı.

- Belə bir fikir var: Deyirlər ki, uşağa süd verdikdə uşaqlıqyolu daralmağa başlayır. Amma süd vermədikdə bu proses daha gec icra olunur. Bu doğrudur?

- Bəli, doğrudur. Süd verdikdə, ananın qanına oksitosin adlanan hormon ifraz olunur. Bu hormonu xəstəxanada uşaqlığın yığılması, qanaxmanın olmaması üçün anaya iynə ilə inyeksiya edirik. Amma qeyd etdiyim kimi bu hormon süd verdikcə də, ifraz olunur. Nəticədə süd verən anaların uşaqlığı daha tez yığılır.

- Bəs doğuşdan dərhal sonra qarının sallanmasının qarşısını almaq üçün  abdominoplastika əməliyyatının faydası varmı?

- Bunun faydası yox, zərəri var. Faydasının olmaması toxumaların şişkin vəziyyətdə olması ilə bağlıdır. Hamilə qarında heç bir estetik əməliyyat istənilən effekti vermir. Qarında yaranan piylər zahılıq dövrünü normal keçirmək üçün bizə lazımdır. Həmin piyləri götürmək zahılıq depressiyasına belə, səbəb ola bilər.

- Qarın sallanmasını minimuma endirmək üçün yay qış demədən bel sıxan korsetlərin istifadəsini necə qiymətləndirirsiniz?

- Doğuşdan sonra korset istifadəsi məsləhət deyil. Amma qeysəriyyə əməliyyatından sonra xəstənin dik yeriməsi və rahat yeriməsi üçün xəstəxanada olan müddətdən sarğılardan, bandajlardan istifadə etmələrini tövsiyyə edirik. Korset istifadə etmədən qarında şişlik qalıb, qalmaması da individual məsələdir. Bəzi qızlar var ki, bandaj istifadə etməsə də, qarnında heç bir şişlik qalmır.

- Daraldıcı genital şamların tərkibi nədir? Fəsadları varmı?

- Onların fəsadları hədsiz çoxdur. İlk növbədə bu şamlar mikrofloranı pozur. Şamlar uşaqlıq yolunun selikli qişasını qurudur və büzüştürərək, daraldır. Bundan sonra qadınlar infeksiyalarla mübarizə aparmaq üçün müalicə almağa başlayırlar. Bizə bu şikayətlərlə çox xəstə gəlir, lakin heç bir faydası yoxdur. Bilmək lazımdır ki. Vaginal daraltmanın iki yolu – cərrahi və lazer var. Lazer üsulunda belə, bir qədər yandırılma olduğu üçün ən tövsiyyə olunan cərrahi yoldur. Təbii ki, ehtiyac olduğu zaman.

- Bir az da, çox yayılmış follikullardan, şişlərdən danışaq...

- Follikullar hər ay bütün qadınlarda böyüyür və partlayır. Hamiləlik baş tutacaqsa, olur, olmayacaqsa, sovurulur və heç bir şişə çevirilmir. Bəzi qadınlarda hormonal problemlər səbəbindən bunlar sovurulmurlar və şişə çevrilirlər. 5 sm-dən böyük şişlərə cərrahi müdaxilə lazım olur. Amma 5 sm-dən kiçik, heç bir fəsad verməyən şişləri müşahidə edərək, diaqnoz qoyuruq. Əgər bir neçə aya sovurulmurlarsa, o zaman dərman terapiyasına başlayırıq. Çox zaman bu şişlər dərmanla sovurulurlar. 9-10 sm-lik şişlər mütləq əməliyyat olunmalıdır.

- Bu şişlər hamiləliyə əngəldir?

- Bəzi növləri hamiləliyə maneə ola bilər. Sonsuzluqla bağlı araşdırma apararkən xəstələrdə şişlərin olub, olmamasına da, diqqət edirik.

- Bu şişlər cinsi əlaqə zamanı ağrı yarada bilər?

- Kiçik şişlər əlaqə zamanı ağrı yarada bilməz. Amma 3-4-5 sm-lik şişlər ağrı yaradırsa, hormonal müalicə aparmaq lazımdır. Çünki bəzən istisna hallarda kiçik ölçülü şişlər də ağrı verə bilər.

- Yumurtalıqların follikulyar kistasına bakirə olan qadınlarda da rast gəlmək olur?

- Bəli, hətta bu kistalar qız uşaqlarında daha çox görülür.

-­ Ginekoloq müayinə zamanı qadının doğuşdan bəri qızlıq pərdəsinin olmadığını, yaxud cinsi əlaqə nəticəsində yırtıldığını müəyyənləşdirə bilir?

- Bəli, bunu asanlıqla müəyyən etmək olur. Amma məsləhətdir ki, bu müayinə ekspert nəzarətində olsun və yekun qərar barədə xanıma arayış təqdim olunsun. Çünki ilk müayinə çox önəmlidir. Sonrakı müayinələrdə bir az şübhəli məqamlar ola bilər.

- Abortlardan da danışaq... İldən-ilə sayı artan əməliyyat...

- Abort yeganə əməliyyatdır ki, heç bir xəstəlik olmadan icra olunur. Heç nəyi müalicə etmirik, amma əməliyyat edirik. İstəyə görə 12 həftəyə qədər hamiləliyi sonlandırmaq olar. Amma 12 həftədən sonrakı abortun kriminal tərkibi var. Təsadüfi deyil ki, uşağın cinsiyyəti də 12-ci həftədən sonra bəlli olur. Deməli, ölkəmizdə cinsiyyətə görə, aborta icazə yoxdur. Elə bu səbəbdən də, qadınlar evdə hansısa dərmanlarla hamiləliyi sonlandırmaq istəyirlər. Bu zaman isə ağır fəsadlar, ağır dərəcəli anemiya ilə xəstəxanaya gəlirlər. Peşman olsalar da, gec olur. Yalnız bir neçə halda 12 həftədən sonra abortlara icazə var. Əgər qadının ekstragenital xəstəliyi varsa və bu barədə həkim rəy veribsə, eləcə də psixoloji və sosial səbəblərdən hamiləliyi sonlandırmaq olar. Məsələn, qadının özünün və yaxud ərinin cəzaçəkmə müəssisəsində olması zamanı, nikahdankənar hamiləlikdə, hamiləlik zamanı nikahın pozulması, qadının valideynlik hüququndan məhrum edilməsi və ərin II qrup əlil olması halları sosial göstəriş hesab olunur və hamiləliyin abortla sonlanmasına icazə verilir. Sözsüz ki, bu da uşağın mənafeyi üçündür.

- Aydındır, ailə planlaşdırılması barədə qadınların məlumatlılığı əvvəlki illərə nisbətən indi necədir?

- Ailə planlaşdırılması mövzusunda ötən illərə nisbətdə qadınlar daha məlumatlıdır. Amma hələ də, abortlar mövcuddursa, deməli ölkəmizdə ailə planlaşdırılması tam dərk olunmayıb. Xüsusən, ucqar rayonlarda bir az da məlumatsızlıq var. Bu bir az da, biz həkimlərin üzərinə düşür. Çünki hər bir cütlüyün baxa biləcəyi qədər uşaq sayı var. Bu da onların haqqıdır. Amma ailə planlaşdırılması abortlarla yox, qorunma üsulları ilə həll olunmalıdır. Hər qadına uyğun mütləq bir qorunma üsulu var.

- Ginekoloji müayinəyə neçə müddətdən bir getmək lazımdır?

- Cinsi əlaqədə olmuş qadın ildə 1 dəfə ginekoloq müayinəsində olmalı, uşaqlıqboynu xərçəngi üçün müayinələr və testlər verilməlidir. Bizlərdə belə bir fikir var, qız uşağı ginekoloqa getməz, əgər gedirsə, deməli problemlidir. Bu çox yanlış düşüncədir. Elə qızlar var ki, ginekoloji problemi var, amma evlənənə qədər ana onu həkimə aparmır ki, söz olar. Bizə gələn xəstələr arasında 20 yaşlı xanım var idi. O, evlənib, amma 1 ildir övladı olmur. Sonsuzluq adı ilə yoxlanışa gətiriblər. Məlum olur ki, bu qadın heç indiyə kimi menstruasiya olmayıb. Yoxlayıb görürük ki, onun uşaqlığı da yox imiş. Artıq burada heç nə edə bilmirik. Üzü-gözü gözəl qızdır, amma vaxtında müayinə olunsaydı problemini bilərdi. O, özündəki bu halı normal hesab edib və ana olacağına ümid edib. Qızlar var ki, normal menstruasiya olmur, səpkiləri və tüklənməsi var. Ya həddindən çox arıqlayır, ya da kilo alır. Bu zaman qız anaları mütləq, mütləq, mütləq övladlarını həkimə aparsınlar. Ginekoloqa getmək günah deyil!

- Uşaqlıqboynu xərçəngindən danışdınız. Bu xəstəlik özünü hansı simptomlarla göstərir?

- Uşaqlıqboynu xərçəngi ağırlaşana qədər səssizcə inkişaf edir. Ona görə də, tapşırırıq ki, mütləq ildə 1 dəfə həkim müayinəsində olun. Bu xərçəng çoxpartnyorlu, siqaretçəkən, HPV-yə yoluxmuş qadınlarda daha çox olur. Uşaqlıqboynu xərçəngi ağırlaşanda cinsi əlaqədən sonra qanama görülür. Xəstələr adətən bu mərhələdə həkimə müraciət edirlər.

- Bu xərçəngi ağırlaşandan sonra tamamilə sağaltmaq mümkün olur?

- Ağırlaşdıqdan sonra cərrahi yolla uşaqlıqboynu, yumurtalıqlar və uşaqlıq kimi bütün qadın cinsi orqanları götürülməli, kimyəvi və şüa terapiyalar alınmalıdır.

Uşaqlıqboynu xərçəngi yeganə xərçəng növüdür ki, onun necə yaranması məlumdur. O, cinsiyolla yayılan viruslardan yaranır. Ona görə də, məhz HVP  viruslarından ömürlük sığortlanmaq üçün peyvəndlər var. Cinsi əlaqəyə başlamayan qızlar belə, bu vaksindən istifadə edir. 3 doza olan bu vaksin HPV-nin ən qorxulu 9 növündən qoruyur. Bu o deməkdir ki, sizdə uşaqlıqboynu xərçəngi yarana bilməyəcək. Bu vaksin dövlət proqramına daxil deyil. Ona görə də, ödənişi bir az bahadır. Amma xərçəng olmaqdansa, pula qıymaq lazımdır.

- Erkən evlilik hüquqi olaraq qanunsuzdur. Bəs erkən yaşda cinsi əlaqənin zərərləri nələrdir?

- Sosial-mənəvi amilləri bir kənara qoysaq da, ginekoloji cəhətdən erkən cinsi əlaqəyə qadın orqanizmi hazır olmur. Hətta erkən hamiləlik, yaşı çox olan qadınlardan da ağır keçir. Yaşı az olan qızların hamiləliyi daha risklidir.

- Genital problemlərdən biri də, ulturasəs müayinəsində, yaxud MRT yoxlanışlarında pelvisdə maye görülməsidir. Bu maye hansı fəsadlar yarada bilər?

- Bu mayelərin çox səbəbi ola bilər. Amma maye onkologiyada ilk görə biləcəyimiz hal deyil. O maye son anda görülə bilər. Əgər heç bir problem yoxdursa, qadında maye olmasını iltihabla əlaqələndirirəm.

- Mayeni müalicə ilə yoxsa cərrahi yolla götürmək lazımdır?

- 15-17 mm həcmdə olan maye ciddi narahatlığa səbəb olmur. O böyük ehtimalla təsadüfi aşkarlanan mayedir. Onu axarına buraxmaq və müşahidə etmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4378

Oxşar yazılar