Nepalın Khoksə kəndi "Böyrəklər Vadisi" adlanır. Bütün dünyada məşhur olan bu kənd gözəl mənzərələri və ya görməli yerləri ilə deyil, tamamilə fərqli bir səbəbdən insanlarda dillər əzbəri olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu kənd "qara bazar" orqan transplantasiyası üçün bir növ insan orqanı donorlarının mənbəyi hesab olunur. Burada demək olar ki, bütün yerli sakinlərin yalnız bir böyrəyi qalıb.
Ümumi yoxsulluq səbəbindən bölgədəki insanlar böyrəklərini inanılmaz dərəcədə gülünc qiymətə satırlar. Bundan əlavə, orqan alverçiləri yerli əhalini həyati vacib orqanlarını satmaq üçün hiylələrə əl atırlar.
"Qara bazarın" orqan alverçiləri yerli sakinlərin sadəlövhlüyündən və məlumatsızlığından istifadə edərək, onları böyrəklərinin yenidən “böyüyəcəyinə” inandırırlar. Orqan alverçiləri müntəzəm olaraq Khokse kəndinə və onun ətrafına gəlir və tez-tez insanların orqanlarını götürmək üçün Hindistana getməyə razı salırlar.
Məsələn, dörd uşaq anası olan yerli sakin Gita sonradan zəlzələ nəticəsində tamamilə dağılmış evini yenidən qurmaq üçün böyrəyini cəmi 1300 funta (təxminən 3300 manata) satıb. O, nəşrlərdən birinə müsahibəsində deyib:
“On ildir ki, bir çox insan kəndimizə gəlir, bizi böyrəklərimizi satmağa razı salmağa çalışır, amma mən həmişə "istəmirəm" deyirdim. Ancaq uşaqlar böyüdükcə öz evimin olmasını çox istədim".
Nəticədə Gita gəlinlərindən biri ilə böyrəyini çıxarmaq və əməliyyat olunmaq üçün Hindistana gedib. Prosedur yarım saat davam edib, bundan sonra qadın üç həftə xəstəxanada qalıb. Təəssüf ki, qadının böyrək satışından əldə etdiyi gəlirlə aldığı evi 2015-ci il aprelin 25-də Nepalda baş verən zəlzələdə yenidən itirib.
Zəlzələ nəticəsində bir çox kəndlilər sığınacaqsız və dolanışıqsız qalıb, daha sonra ekstremal tədbirlərə əl atmağa məcbur olublar. Bu şəraitdə orqan ticarəti yenidən çiçəklənməyə başlayıb, ölkə əsl “böyrək bankı”na çevrilib.
Orqan ticarəti qeyri-qanuni olsa da, Nepalda hələ də hər il təxminən 7000 böyrək satılır. Orqan alverçilərinin heç də həmişə donorun razılığını gözləməməsi daha şokedicidir.
Bəzi insanları aldadaraq, sağlamlığa görə əməliyyata ehtiyac duyduqlarına və tamamilə zərərsiz olduğuna inandırırlar. Halbuki, aldadılmış insanların anesteziyaya batırılmasından sonra onların xəbəri olmadan böyrəkləri çıxarılır. Toplanan orqanlar donorların aldığı məbləğdən qat-qat baha qiymətə satılır. "Qara bazarda" orqanların qiymətləri müxtəlifdir və böyrəyin qiyməti 50-150 min dollar arasında dəyişir, donorlar isə ən yaxşı halda 2-3 min dollar alır.
Bir dəfə kürəkəni tərəfindən bu hekayəyə sürüklənən Kenam Tamangın Hindistanın Chennai şəhərində yaxşı işə düzəlməsinə kömək edəcəklərini söz verərək böyrəyini çıxarıblar. Amma əslində o, "qara" transplantoloqlar və orqan dilerləri ilə müqavilə bağlayıb.
“Xəstəxanaya apardılar və dedilər ki, böyrəyimi götürəcəklər. Sonra mənə başa saldılar ki, bunun üçün yaxşı pul alacağam, səhhətimdə problem olmayacaq. Hətta mənə söz verdilər ki, yenisini yetişdirəcəklər".
Digər yerli sakin Qaneş Bahadur Damainin hekayəsi də Kenam Tamangın hekayəsinə çox bənzəyir.
Daha yaxşı maaşlı iş axtarmaq üçün Damai Hindistana gedib. Orada onu bir neçə tanımadığı şəxs qarşılayıb, onu bağlayıb iynə vurublar, bundan sonra huşunu itirib. Damai artıq xəstəxana çarpayısında və böyrəksiz oyanıb. Əməliyyatdan sonra kasıba 150 dollar ödənilib və yenidən doğma kəndinə göndərilib.
İndi dünyada transplantasiya üçün donor orqanlara son dərəcə yüksək tələbat var. Eyni zamanda, hər ölkədə bu cür prosedurlardan istifadə imkanlarını nəzərdə tutan qanunlar yoxdur və buna baxmayaraq, insanların donor orqanlarına hər yerdə ehtiyacı var. Bu, yüksək ixtisaslı cərrahların daxil olduğu transmilli cinayətkar qruplarıdır.