İşğaldan azad olunmuş rayonlarda hazırda havanın kəskin soyuq olması əsgərlər üçün hər an təhlükəli ola bilər. Soyuq və şaxtalı havalarda dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəslə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar donmaya əlverişli şərait yaradır.
Lent.az xəbər veriri ki, Silahlı Qüvvələrin Baş Sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov bölmələrdə donvurma xəstəliklərinin qarşısının alınması üçün şəxsi heyətin küləkdən, yağmurdan qorunması, o cümlədən meteoroloji vəziyyətə müvafiq hərbi geyimlərin, ayaqqabıların düzgün seçilməsi rəhbərlik tərəfindən ciddi nəzarətdə saxladığını bildirir.
Surxay Məmmədov
Surxay Məmmədov qeyd edir ki, orta və yüksək dağlıq rayonlarda hava şəraitinin tez-tez və kəskin dəyişməsi, hündürlük artdıqca havada oksigenin parsial təzyiqinin azalması, yüksək insolyasiya və ionizasiya, eləcə də fiziki və psixi yorğunluq həmin ərazidə xidmət edən şəxsi heyətə, hərbi qulluqçulara üzücü təsir göstərə və onlar arasında donvurma hallarının olmasına səbəb ola bilər:
"Donvurma səthi və dərin ola bilər. Onun dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24 saatdan sonra təyin etmək mümkündür. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s. əlamətlər yaranır. Çox vaxt donvurma soyuq qış günlərində, temperatur 10 dərəcə selsidən aşağı olduqda baş verir. Lakin uzun müddət, xüsusən də yüksək nəmlik və güclü külək zamanı yataqxanadan kənarda qaldıqda, hətta bəzən havanın temperaturu 0 dərəcədan yuxarı olduqda, yaz və payız aylarında da rast gəlinə bilər. Meteoroloji amillərdən başqa, donmaya dar, nəm paltar və ayaqqabı, fiziki yorğunluq və uzun müddət məcburi hərəkətsiz, rahat olmayan vəziyyət, aclıq, keçirilmiş xəstəlik nəticəsində orqanizmin zəifləməsi, ayaqların tərləməsi, aşağı ətrafların və ürək-damar sisteminin xroniki xəstəlikləri, qanitirmə, zədə, siqaretçəkmə, alkoqol sərxoşluğu və s. də səbəb olur."
Surxay Məmmədov zərərçəkmişə həm donvurma, həm də hipotermiya əlamətləri müşahidə edilirsə, birinci növbədə hipotermiyadakı kimi yardım göstərmək lazım olduğunu deyir:
“İnsan bədəni qısa müddətdə qızdırılmazsa, bu vəziyyət ölümə gətirə bilər. Amma bu vəziyyətdə donvurmanı da yaddan çıxarmaq olmaz, çünki ağır dərəcədə donvurma ətrafın amputasiyasına səbəb ola bilər. Donvurma zamanı ilkin tibbi yardımın əsas məqsədi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır. Bunun üçün zərərçəkmişi isti otağa gətirmək, ayaqqabıları və əlcəkləri çıxarmaq lazımdır. Donmuş orqan əvvəlcə quru yun parça ilə qızarana qədər sürtülməli (olmazsa, əllə ovuşdurmaq, nəfəslə isitmək), sonra ilıq su tökülmüş ləyənə yerləşdirilməli, 10 dəqiqə müddətində suyun temperaturu 40,5 dərəcə selsiyə çatdırılmalıdır. Ətrafda hissiyyat və qan dövranı bərpa olunduqdan sonra qurulamaq, 33 faizli spirtlə silmək və pambıq-tənzif bintlə sarımaq lazımdır (təmiz, ütülənmiş corab geyindirmək olar). Ümumi soyuma olduqda zərərçəkmişi isti adyalla örtmək, yanına isitqac düzmək, isti çay vermək lazımdır. Dərin donma əlamətləri varsa, yalnız isidici sarğı qoyulmalıdır. Əgər bunları etmək imkanı yoxdursa, donmuş ətraflar bədənin isti yerlərinə və s. yaxın saxlanılır. Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əl və ya əlcək qoyub isidilir. Əlləri qoltuq altında və ya sinədə qızdırmaq olar.”
Surxay Məmmədov bundan başqa zədələnmiş nahiyəyə tarım çəkilmiş steril quru sarğı qoyulur, əl və ayaq barmaqlar donmuşsa, onların arasına pambıq və ya tənzif qoymağı məsləhət bilir:
“Ayaqların donu açılandan sonra zərərçəkənin gəzməsinə icazə verilmir. Huşu aydın olan zərərçəkənə isti çay və yemək verilir, suluqlar deşilmir, zədələnmiş nahiyəni əllə ovuşdurmaq, qarla sürtmək və ona təzyiq göstərmək olmaz. Zədələnmiş nahiyənin qarla sürtülməsi dərinin daha da soyumasına, dəridə cızıqların əmələ gəlməsinə, onların infeksiyalaşmasına və dəridə yerləşən toxumaların zədələnməsinə səbəb olur. Bədənin donmuş hissələrini birdən-birə və birbaşa açıq alov, isti butulka və isti kərpiclə qızdırmaq olmaz."