Həkimlər soyuqdəymə, qrip və COVID arasında fərq barədə vacib məlumatı bölüşüb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, həkimlərin fikrincə, bu üç xəstəlik bir-birinə bənzər əlamətlər göstərsə də, bəzi fərqlər onları ayırmağa kömək edir.
Soyuqdəymə, adətən yavaş başlayır, əsasən burun və boğazı təsir edir. Bəzən boğazda qaşınma və qulaqda təzyiq hissi olur. Adətən bu əlamətlər gündəlik həyatı çox məhdudlaşdırmır.
Qrip isə daha qəfil başlayır və hərarət, əzələ ağrıları, halsızlıq və bədən sızısı ilə müşayiət olunur. Bəzi hallarda xəstəni “yatağa salacaq qədər” ağır keçir.
COVID-19 halları qripə çox bənzəyir, lakin iy və dad itkisi, yeni yayılmaqda olan Stratus və Nimbus variantlarında müşahidə edilən “bıçaq kimi kəsici boğaz ağrısı”, həmçinin ishal kimi fərqli simptomlarla seçilir.
Həkimlər xəbərdarlıq edir: əgər əlamətlər 3 həftədən çox davam edirsə, nəfəs darlığı yaranırsa və ya xroniki xəstəlik varsa, dərhal həkimə müraciət edilməlidir.
Yeni COVID variantları: Stratus və Nimbus
Mütəxəssislər bildirir ki, hazırda geniş yayılan Stratus (XFG) və Nimbus (NB.1.8.1) variantları əvvəlki COVID ştamlarından daha təhlükəli olmasa da, yoluxma ehtimalını artırır.
Türkiyə Həkimlər Birliyinin rəhbəri professor Alpay Azap son test nəticələrində pasiyentlərin 80 faizində COVID virusu aşkarlandığını deyib. Son hallarda səs batıqlığı və iti boğaz ağrısı kimi əlamətlər xüsusilə geniş yayılıb.
Əgər simptomlarınız varsa və evdən çıxmaq məcburiyyətindəsinizsə, maskadan istifadə tövsiyə olunur. İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) boğaz ağrısı üçün bol maye içməyi və bir çay qaşığı bal qəbul etməyi məsləhət görür.
Hansı tədbirlər faydalıdır?
Həkimlər bədənin virüslərlə öz-özünə mübarizə apardığını, lakin bəzi vasitələrlə bu prosesi dəstəkləməyin mümkün olduğunu bildirir:
Parasetamol və ya ibuprofen – ağrını və qızdırmanı azaldır. Lakin tərkibində parasetamol olan sirop və dərmanları eyni anda istifadə etməmək vacibdir.
C vitamini – təsiri tam sübut edilməsə də, bədəndə çatışmazlıq varsa, immun sistemini gücləndirə bilər.
D vitamini – günəş işığının az olduğu qış aylarında qəbul olunması tövsiyə edilir.
Burun spreyi – rahat nəfəs almağa kömək edir, amma 4–5 gündən çox istifadə etmək olmaz, çünki “geri tıxanma effekti” yarada bilər.
Toyuq şorbası – elmi sübutu olmasa da, boğazı yumşaldır və orqanizmi maye ilə təmin edir.
Qripdən qorunmağın ən təsirli yolu – peyvənd
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, qrip virusuna qarşı illik peyvənd infeksiyanın ağır keçməsinin qarşısını almağın ən effektiv üsuludur. Virus hər il mutasiya etdiyi üçün peyvəndlər mütəmadi yenilənir.
Peyvənd xüsusilə risk qrupuna daxil olanlara tövsiyə olunur: xroniki xəstəliyi olanlara, hamilə qadınlara, 6 ay–5 yaş arası uşaqlara, yaşlılara və səhiyyə işçilərinə.