"Təbil pərdəsi adlanan qulaq pərdəsinin zədələnmələri, o cümlədən pərdədə dəliyin yaranması tibbi dildə perforasiya adlanır".
Lent.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahian Mustafa deyib.
O bildirib ki, təbil pərdəsi dörd səbəbdən zədələnə bilər:
"Kəsici və deşici alətlər vasitəsi ilə xaricdən törədilən zədə nəticəsində; Təbil pərdəsinin arxasında orta qulaq adlanan hissədə irinli və iltihabı proseslər nəticəsində; Məişətdə rast gəlinən kəllə-beyin travması və gicgah sümüklərinin sınığı nəticəsində; Xarici qulağa yad cisimlər daxil olanda və orada uzun müddət yerləşəndə təbil pərdəsi zədələnə bilər.
Əlbəttə, sadalanan səbəblər nəticəsində təbil pərdəsində yaranan zədələrdən eşitmə qabiliyyətinin tam itkisi müşahidə olunmur. Bu halda eşitmənin bir qədər azalması izlənilir və xəstələr adətən qulaqda küyü və öz səslərinin əks-sədasını eşidirlər".