<b>Lalə Azərtaş: “Falçıya inanmadıq, amma on beş gündə üçümüz də ərə getdik...” – <span style="color:red;">SÖHBƏT </b>
19 mart 2014 16:31 (UTC +04:00)

Lalə Azərtaş: “Falçıya inanmadıq, amma on beş gündə üçümüz də ərə getdik...” – SÖHBƏT

Bernard Şou deyirdi ki, kimsə dedi-qodu eləmirsə, deməli, insanları sevmir. Biz isə insansevərik. Xüsusi ilə də bayramlarda bu sevgimiz birə beş artır. Ona görə də modelyer Sona Abdullayeva ilə qonağımız ATV Xəbərin aparıcısı Lalə Azərtaşı ürəklə müzakirə elədik:

 

- Məncə, açıq saçlarla daha qəşəng olur…

 

- Ümumiyyətlə, efirdə həmişə formada olur. Qlamur xanımdır, özünəməxsus gözəlliyi, şarmı var. Sadəcə, makiyajı çox al-əlvan olur.

 

- Bahar qıza oxşayır…

 

- Eynən! Makiyajı ona çox yaraşır, amma o xəbərlər aparıcısı olduğuna görə mən düşünürəm ki, daha sadə makiyaj eləsə, lap yaxşı olar. Məsələn, çox istəyərdim ki, Lalə xanım efirdə daha çox pastel tonlarından istifadə eləsin.

 

Elə bu vaxt qapıdan girən Lalə xanım telefonunu bizə uzadaraq, “Atama oxşamışam! Bir dəqiqə gecikmərəm, tam dediyim vaxtda gəldim” deyir. Onunla “S+ Moda Evi”nə keçib, bayram əhvallı “Qız-qıza” üçün milli geyim seçirik. “Qırmızı mənim rəngimdir, efirdə də qırmızı geyinəndə deyirlər çox yaraşır” deyib qırmızı libasların üzərində dayanır. Söhbət edə-edə bir mərtəbə aşağıda yerləşən “S+ Xına Evi”nə düşürük.

 

- Ay Vüsalə, adam bu paltarlarda nə qəşəng görünür…

 

- Məncə, yox! Darıxdırıcıdı, həm də hərəkət eləmək çətindi…

 

- Nə danışırsan, mən milli paltarlarımızı çox sevirəm.

 

- Lalə, hələ müsahibəyə başlamamışıq. Tərifləmək lazım deyil.

 

- (Gülür) Vallah, ciddi deyirəm. Elə xoşuma gəldi ki, istədim lap təzədən xınam olsun.

 

- Sən xına da eləmisən?

 

- Əlbəttə!

 

- Mən isə xına məclisini heç cür anlaya bilmirəm. Qızlar Facebookda azərbaycanca status yazmağa utanırlar, amma ərə gedəndə rəfiqələri ilə yığışıb “hakışta” deyirlər.

 

- Mən öz adıma deyə bilərəm ki, adətlərimizə çox bağlıyam. Bax, ərə gedəndə bütün adətlərimizi araşdırıb əməl elədim.

 

- Bravo! Sən bu gedişlə Novruzda fala da baxacaqsan.

 

- Sən baxmırsan?

 

- Heç vaxt!

 

Modelyer Sona xanım Novruz süfrəsi açıb, “Xına evi”ndə bizi gözləyir:

 

- Baxmamısan, indi baxarsan! Qızlar, gəlin! Bax, bir kasa su da gətirmişəm. Lalə, gəl, Vüsalənin falına baxaq.

 

Beləcə, üzük kasanın içində fırlanıb-fırlanıb Laləyə nə “deyirsə”, o sevinir:

 

- Fal deyir ki, bu il ailə qurursan. Bax, şəkk eləmə! Mən də nə vaxtsa gülürdüm, şəkk eləyirdim. Biz axı evdə üç bacıyıq. Bir dəfə Novruzda əmimin yoldaşı üzük falına baxıb dedi ki, bu il üçünüz də ərə gedəcəksiz. Dedik ki, nə danışırsan? Üçümüz də birdən hara gedirik? Güldük, keçdik… Hələ heç Universiteti bitirməmişdik. Təsəvvür elə, həmin il sentyabrın 15-dən oktyabrın əvvəlinəcən, düz 15 günün içində üç bacı üçümüzün də nişanı oldu.

 

SÜKANI ÖPƏN QIZ

 

- Həmişə deyirəm üç sadiq dostum var – maşın, musiqi və dəniz. Onlara ürəyimi boşaldıram, nə ittiham eləyərlər, nə də qeybət…

 

- Maşınla necə dərdləşirsən?

 

- Məsələn, üzü dənizə doğru sürürəm. Sevincimi də, kədərimi də, bəzən gizli axıtdığım göz yaşımı da maşınım görür. Heç kimə demir ki, Lalə ağladı. Maşın mənim dostumdur. İlk maşınımdır, hələ dəyişməmişəm. Qismət olsa dəyişəcəm. Bəzən əyilib sükanı öpürəm ki, mənə qəza göstərməyib.

 

- Bu maşınlıq deyil ki, görünür yaxşı idarə edirsən.

 

- Çox diqqətliyəm, çünki o maşında sərvət daşıyıram – qızlarımı.

 

- Efir olmasa nə işlə məşğul olarsan? Əlindən başqa hansı işlər gəlir?

 

- 11 il efirdə olmayanda ən şərəfli işlə məşğul oldum. Ana idim. İki övlad dünyaya gətirib böyütdüm.

 

- Evdar xanım?

 

- Bəli. Hesab edirəm ki, uşaq bağçaya gedənəcən ona ana özü baxmalıdır.

 

- Neçə yaşları var?

 

- Böyüyün səkkiz, kiçiyin isə altı yaşı var. Gülarə, Solmaz. Biri anamın, o biri isə qayınanamın adıdır.

 

ƏZİZ-XƏLƏF NƏVƏ

 

- Ana tərəfdən də, ata tərəfdən də ilk nəvə olmuşam. Dörd subay dayı, baba, nənə, xala, ana, ata, o tərəfdən bir əmi, üç bibi, nənə, baba və ilk nəvə. Bu dizdən o dizə, bu qucaqdan o qucağa çıxaraq böyümüşəm. Bundan gözəl heç nə yoxdur. Amma uşaq vaxtı üçün! Əziz-xələf nəvə idim. Gecə nənəmlə yatır, bütün şikayətlərimi eləyir və o qarşımda dağ kimi dayanıb deyirdi: “nə qədər ki, mən varam, heç bir problemdən qorxma”. Uşaq yox sözünü bilməməyin altını sonra çox çəkir. Qumru nənəm mənim üçün həyat demək idi. Təsəvvür elə, dünyada bircə onun sevgisi mənə bəs idi. Onun qolları arasında dünyanın bütün acılarını yaşaya biləcəyimə inanırdım. Amma bütün gözəl filmlərin sonu var. 2003-cü ildə onu itirdim. Çox çətin idi, məni axtaranda onun məzarında tapırdılar. Şikayətə qaçırdım – “Sən yoxsan, mənə belə eləyirlər” (Gözləri dolub) Zaman keçdi, əmimlə dost olduq. Şükür ki, nənəmdən sonra əmimə sığınmağa başladım. Bu gün anama-atama deyə bilməyəcəyim problemlərimi, lap şəxsi məsələ də olsa, rahat oturub əmimlə danışa bilirəm. (Gözlərini silir) Nənəm yeganə üzüyünü mənə vəsiyyət eləmişdi. Hər o üzüyə baxanda mənimlə elədiyi bütün söhbətlər yadıma düşür. Deyirdi ki, nənə qurban, qadının az da olsa şəxsi büdcəsi olmalıdır. Özünün də balaca sandıqçası var idi, içində pulu olardı. Deyirdi bunu yığıram ki, Lalənin toyuna Məmmədbağırı çağırım. (Ağlayır) Ölənə qədər o pulu yığdı. Düzdü, arzusunu həyata keçirmək ona qismət olmadı. Dayım onun arzusunu yerinə yetirdi. Məmmədbağır Bağırzadə mənim toyumda oxudu, ondan üç ay sonra rəhmətə getdi.

 

ADƏTLƏRİ SEVƏN QIZ

 

- Bizim işimiz bizə öyrədilən yaxşı nə varsa, onları öz balalarımıza ötürməkdir. Mən adətlərimizə çox bağlıyam. Hiss eləyirəm, sən adətlərdə o dəqiqə nə isə bir şey axtarırsan. Amma mən yox. Birmənalı şəkildə hamısını qəbul edir və sevirəm. Bayrama hazırlaşmaq, süfrə açmaq, dünyadan köçənlərimizin məzarlarını ziyarət eləmək, həyatda olan böyüklərimizə baş çəkib böyüklərin əlindən, kiçiklərin gözündən öpmək! Və bunları qızlarıma öyrədirəm. Qohumlarıma çox bağlıyam, uşaqlarımı da elə böyüdürəm. Həftənin beş günü onlara anam baxır, mən əsas həftə sonu qızlarla bir yerdə oluram. Axşamlar qız-qıza maşına minib gəzir, mütləq qohumlara qonaq gedirik.

 

- Həftə sonları qızlarla başqa nə edirsiz?

 

- Evimizi yığışdırarıq, yemək bişiririk. Onlara plastmas bıçaqlar almışam əllərini kəsməmələri üçün. Qurban olaram onların balaca barmaqlarına. Salat doğramağı öyrədirəm. Balacam yeməyəndə belə, öz hazırladığını həvəslə yeyir. Qız-qıza meyvə salatları hazırlamağı sevirik, kekslər bişiririk. Həvəslə bişirirlər, öz əl işləri olduğu üçün də iştahla yeyirlər. Bir sözlə, o iki günümüzü çox səmərəli keçiririk.

 

- Həftə sonu belə, bəs ümumi gün necə keçir? Bütün günü efirdəsən, özünə necə vaxt ayırırsan?

 

- Gün səhər saat 6-7 arası başlayır. İlk iş güzgüyə baxıb gülümsəmək, günü necə başlayıb necə bitirməyə aid plan qurmaq, bir stəkan təbii meyvə şirəsi içib, havanın necə olmasından asılı olmayaraq maşına minib dənizkənarı bulvarda gəzintiyə getmək. Bu mənim vazkeçilməzimdir. Nə olursa olsun, səhər gəzintimi heç nəyə qurban verə bilmərəm.

 

- Səhər gəzintisi çox önəmlidir, günə özünə hörmətlə başlayanda sonra heç bir neqativi özünə yaxın buraxmırsan.

 

- Düzdü! Hər səhər 50 dəqiqə surətli yeriş və sonra rahat işə başlayıram. Bu həm də biz özümüz bilmədən səhhətimizlə bağlı bir çox problemlərin qarşısını alır. Demirəm çəki…

 

- Çəki problemin var?

 

- Həmişə olub. Səhər verilişini aparanda indikindən 7-8 kilo arıq idim, sonra yuxu normasına keçdi və…

 

- Qadının həmişə iki kilo artıq çəkisi olmalıdır ki, həm yeməyinə, həm davranışına, həm də geyiminə fikir versin. Hər bir mənada özünə çox şeyə icazə verməsin. Özünü çox sərbəst buraxmasın.

 

- (Gülür) Razıyam.

 

SOYADINI QORUYAN XANIM

 

- Bizdə efirdə xəbəri gənc xanımlardan dinləyirik. Müəyyən yaşdan sonra özünü necə görürsən?

 

- Mənim yerim efirdir. Kameranın qarşısı yeganə yerdir ki, bütün problemləri yüz faiz unuduram. Gələcəyə gəlincə, özümü sırf xəbərdə görürəm. Aparıcının yaşı keçəndən sonra efirdən uzaqlaşdırılmasını istəməzdim. Əksinə, istərdim o qədər uğurlu olum ki, tamaşaçı məni uzun illər qəbul eləyə bilsən. Yəni burda kamilləşmək istəyirəm. Bilirəm ki, nəyə əl atdımsa orda birinci olmalıyam. Amma özümü xəbər studiyasından kənarda görmürəm. Atam həmişə deyir ki, ciddi geyimini geyin, xəbər apar. Özümü həmişə öz ciddi kostyumumda xəbər aparan kimi görmək istəyirəm.

 

- Başqa proqram düşünmürsən?

 

- Aparıcı özünü hər yerdə sınamalıdır. Mənə lazımdır ki, Lalə Azəzrtaş deyiləndə…

 

- Azərtaş soyadı hardan gəlir?

 

- Babam Cənubi Azərbaycandandır. O zaman ürəyimizin yarısı orda, yarısı burda döyünəndə, babam farslaşan cəmiyyətdə bu soyadı özü götürür. Azər – azərbaycanlı, taş isə türk sonluğudur. Yəni azəri türkü.

 

- Efir üçün çox uğurludur.

 

- Əsl xəbər soyadıdır. Hər dəfə “studiyada Lalə Azərtaşdır” deyəndə ürəyimdə babama rəhmət oxuyuram. Elə bil o zaman məni düşünüb bu addımı atıb. Mən soyadımı sevən, həm də addımımı atanda soyadımı düşünən birisiyəm. Ona görə də atam və əmim mənə çox inanırlar. Çünki bağlılığımı, sədaqətimi, o soyada verdiyim dəyəri bilirlər. Mən bilirəm ki, soyadım icazə vermir gedib hansısa bir yeni il şənliyini aparam. Sonra tamaşaçı mənim verdiyim xəbərə inanmayacaq. Xəbər aparıcısının içini, qırxıncı qapını açması düzgün deyil.

 

QƏLƏBƏ ÇALAN QADININ SİRRİ

 

- Ümumiyyətlə, qadın bütün qapılarını taybatay açmamalıdır.

 

- Mənə görə qadın oxumamış bir kitab olmalıdır. Hətta öz həyat yoldaşına qarşı da. Nə qədər ki, açılmamısan, hər zaman maraqlı və sevilənsən.

 

- Əgər tapmacanın cavabına yaxınlaşan varsa, sən həmən başqa bir tapmacaya çevrilməlisən.

 

- “Min bir gecə” nağılında axırda hansı qadın qələbə çalır? O qadın ki, hər gün yeni bir şey tapıb danışa bilir. Qadının arzusu belə hər gün yenilənməlidir. Bizim qadında bir şey var, ərə gedəndən sonra arxayınlaşmaq, “Məni təzədən bəyənməyəcək” demək. Yox, səni hər gün bəyənməlidir. Hər səhər yuxudan oyananda səni sevməli, heyran olmalıdır. Hər axşam evinə, sənin yanına qaçmalıdır.

 

- Qadınların serial və brend xaricində də mövzuları olmalıdır. İndi bir dəb var, ancaq brendlərdən danışırlar. Əgər sənin əynindəki brenddirsə, o marka zatən özü haqda səndən maraqlı danışır. Brendlə bəzənmiş qadını asılqandan fərqləndirən yeganə şey ağzını açıb geyimindən başqa da nə haqdasa danışmasıdır! Yoxsa alverçiyə oxşayır…

 

- Ay sağ ol! Əgər qadının özü brend deyilsə, onu heç bir brend bəzəmir. Əgər onun xanım-xatınlığı, savadı, haqqında danışacağı bir şeyi yoxdursa, nə geyinir geyinsin. Əgər zövqüm varsa, yoxdan ortaya bir şey çıxarda bilmişəmsə, onsuz da o məndə brend kimi görünəcək.

 

- Nazim Hikmət deyirdi ki, kasıbçılıqdan üstün olmaq istedaddır.

 

- Görürsən!? Yoxsa mən gedim brend alım, ancaq da ondan danışım…

 

- Qadın brend geyinməyə bilər, bu bağışlanılandır. Amma qadına savadsızlığı bağışlaya bilmirəm.

 

XANIMLIĞI QORUMAQ ÜÇÜN QIZIL QAYDALAR

 

- Hə, əsas odur ki, oxuya bilsinlər! O gün bir müsahibədə oxudum. Deyəsən elə “Qız-qıza” idi. Deyir niyə bizim gənclər Paulo Koelyonu daha çox oxuyurlar.

 

- “Qız-qıza” ola bilməz! Mən heç vaxt insanı oxuduğu ədəbiyyata görə ittiham eləmərəm. Oxuyurmu? Bilirəm ki, hər insan birbaşa əlinə Folkneri alıb oxusa başa düşməyəcək. Hardansa başlamalıdırsa, niyə o Koelyo olmasın? Hər halda qeybət qırmaqdan səmərəlidir. Ən azından Koelyo adama arzulamağı öyrədir. Bəlkə də bizim qadının ən çox ehtiyacı olan şey budur… İnansa, sonra daha yaxşı ədəbiyyata meyl eləyəcək.

 

- Doğrudur! Biri mən, Koelyo üçün ölürəm. Bu dəqiqə “11 dəqiqə”ni oxuyuram. Orda hətta tükənmiş bir fahişəyə belə arzulamaq imkanı verir. Mən bütün gənclərə Koelyonu oxumağı məsləhət görürəm, çünki bu insan deyir ki, bitdiyin nöqtədə başlanğıc var. Qoy qadınlar bilsin ki, başlamaq üçün heç vaxt gec deyil. Ronda Bernin “Sirr” kitabını da məsləhət görərdim. Çox sevirəm o kitabı.

 

- O artıq “11 dəqiqə” deyil oxuyub bitirəsən, vaxtaşırı vərəqləmək lazımdır.

 

- Düzdü. Orda həqiqətən də dünyanın bir çox sirləri açılıb. Oxusunlar, sirli, təravətli qalsınlar. Özlərini gözdən salacaq heç nə eləməsinlər. Sevdiklərinə qiymət verməyi və qiymətli olmağı bacarsınlar. Bir də mütləq addım atmazdan əvvəl heç olmasa beş dəqiqə soyuq başla düşünsünlər. Son addımı atmaq heç vaxt gec deyil, amma soyuq başla ölçüb biçin. Çünki mənim özümün də ən mənfi cəhətimdir. Deyirəm burda ağıl sözünü deməlidir. Konkret məqam gələndə ürək qələbə çalır.

 

- Qadını kişi qarşısında həmişə məğlub edən də odur. Ürəyi ağıldan qabağa buraxması. Danışmaq asandır…

 

- Hə, mən də deyirəm, amma eləyə bilmirəm. Ona görə deyirəm, qadın qəfil verdiyi qərarın altını çox çəkir. Ən çatın anda belə gülümsəmək üçün səbəb tapsınlar. Bizim qadınlar gözəl, zəhmətkeş, fədakar olmağı bacaran qadınlardı. Xanımlıq doğuluşdan gəlir. Amma xatunluq başqadır, onu qadın özü qazanır. Bütün xanımlarımıza xanım doğulandan sonra davranışları ilə, verəcəyi qərarlarla, cəmiyyətdə formalaşdırdıqları imicləri ilə xatun sözünü adlarının yanına yazdırmağı arzu edirəm. Bu baharda bütün qadınlara gözlərinin içinin gülməsini arzulayıram. Gözlərində yaş olanda da qoy gülüşdən olsun.

 

- Amin! Bir də əlavəm var. Keçən həftə bir kənddə müəllim işləyən dostum çərşənbə axşamı münasibəti ilə təbrik zəngi elədi, mən də onu təbrik eləyib əslində bayram siz tərəfdə daha yaxşı keçir, Novruzu hiss eləmək üçün rayonda, kənddə olmalısan dedim. Bizim kənd bu il bayram eləmir dedi. Şəhid vermişik…

 

- Off, kaş ki, heç bir valideyn övlad dağı görməyə… Bu il hamının süfrəsinə bərəkət gəlsin və Azərbaycan bir daha şəhid verməsin. Biz daha efirdən şəhid xəbəri oxumayaq. Onu elə ürək ağrısı ilə oxuyuruq ki… Qələbəmizi şəhidsiz qazanaq. Şəhidlər Azərbaycanın qürur yeridir, torpaq uğurunda ölən varsa vətəndir, amma yetər! Analar ağlamasın…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13644
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar