"Heç kimə heç nə deməmişdim, bir anam, bir də bacılarım bilirdi" - “QIZ-QIZA”
27 sentyabr 2014 12:05 (UTC +04:00)

"Heç kimə heç nə deməmişdim, bir anam, bir də bacılarım bilirdi" - “QIZ-QIZA”

Teleaparıcı Günel Bəhramqızı ilə çoxdan görüşmək istəyirdik, amma heç cür vaxt tapa bilmirdik. Nəhayət, fələkdən bir bazar günü oğurlayıb “S + Xına Evi”nə çəkilib, “Qızqıza” söhbətə başladıq.

- Evdə üç bacı olmuşuq. Mən ikinciyəm. Atam həmişə deyirdi ki, qızlarımı elə böyütmüşəm ki, onların atılan dırnağını ən qəhrəman oğula dəyişmərəm.

- Kişilər bunu nadir hallarda deyir...

- Düzdü, amma mənim atam deyirdi. Qardaşımız yoxdu deyə körpəlikdən bizə özgüvən aşılayırdı. Bizi ayaqları ustündə sağlam dayanan görmək istəyirdi. Bəlkə də həyatdan tez köçəcəyini hiss edirdi... Həmişə deyirdi üçünüz də oxuyacaqsız, böyüyən kimi sizə maşın da alacam. Hətta böyük bacım və mən balaca ikən bizi karateyə də qoymuşdu.

- Demək sən karateyə getmisən?

- Hə, (Gülür) getmişəm. Orta məktəbdə oxuyurdum.

- Neçənci il idi?

- 1992-1993-cü illər idi, böyük bacımla 4-cü, 5-ci siniflərdə oxuyurduq. Anamın acığı tuturdu ki, qız uşağıdırlar, kobud olacaqlar. Atam deyirdi yox, qoy özlərini müdafiə edə bilsinlər.

- Nə qədər məşğul olduz?

- Atam israrlı idi, bir az getsinlər deyirdi. Amma müharibə illəri idi, müəllimimiz könüllü döyüşməyə getdi...

- Özün razı idin karatedən? Yoxsa atanın israrına görə...

- O vaxt uşaq idim, dərk eləmirdik. Amma indiki ağlımla getməzdim. Bir tərəfdən atamı da başa düşürəm. Mən qızın xanım-xatın olmasını çox bəyənirəm. Məsələn, indi maşın sürürəm bütün diqqətimi ona yönəldirəm ki, yolda məni kobudlaşdıraq heç bir hərəkət etməyim. Birdən evdən tələsik, idman üslubunda çıxaram, onda da sükan arxasında qadın kimi görünmək üçün bəzək əşyalarımı unutmuram. Xüsusilə, sırğalarımı taxmadan evdən çıxmaram. Nə olur olsun, qolbağılarımı, manikürümü, makiyajımı əksik eləmirəm. Qadının incə görünməsinə vurğunam.

- Günel, kaş ki, efirə çıxmayaydın...

- Niyə?

- Adam var efir onu gözəlləşdirir, adam da var gözəlliyindən alır. Sən ikincilərdənsən...

- Hə, belə deyənlər var. Sən həyatda tam başqasan, filan... Efirə çıxmaq mənim üçün başqa idi.... Efirə gəlməyimdə də atamın itkisinin böyük rolu olub. O rəhmətə gedəndə 19 yaşım var idi. Hamı deyirdi ki, “kaş bir oğlu olardı...”

- Hüzrdə həmişə elə deyirlər... Hətta oğlu olmayan insanları övladsız kimi ağlayanlar da olur...

- Bu haqda heç vaxt danışmamışam, indi söz düşdü deyəcəm. Üçüncü bacımın doğulmağını xatırlayıram. Bəzi qohum əqrəba hesab edirdi ki, guya o oğlan olsa, həyatımız dəyişəcək. Atamsa tam başqa fikirdə idi həmişə. O vaxt başa düşmürdüm, indi böyüdükcə hərəkətlərini anlayıb ona daha çox heyran oluram. Atamın bu münasibəti anamı daha da həvəsləndirirdi. Kiçik bacımı xüsusi diqqət və sevgi ilə böyütməyə başladılar ki, kimsə hesab eləməsin o üçüncü qızdır deyə sevilmir. Atam rəhmətə gedəndə isə dedilər “Ocağında bir oğul olmadı adını yaşatmağa”. Bu çox xətrimə dəydi. Bax, o gün özümə söz verdim ki, mən atamın oğlu olacam. Mən yaşadıqca atamın adı yaşayacaq. Onun ölümündən düz bir il sonra Bəhramqızı soyadı ilə efirə çıxdım.

- Demək səni efirə inad gətirib...

- Demək olar ki, hə! Amma əlbəttə ki, mən inaddır deyib, bütün bunları tək edə bilməzdim əgər allah əlimdən tutmasaydı, yol açmasaydı. Mən ilk vaxtlar efirə çıxanda anam, nənəm, bibilərim hönkür-hönkür ağlayıblar. Efirə atamın adı ilə çıxmağım onlara təsir eləmişdi ki, qızın hikkəsinə bax. Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuyurdum, ədəbiyyatçıyam. O vaxt jurnalist və ya aparıcı olmaq ağlıma gəlməsə də, fərqli işlə məşğul olmaq istəyirdim. Qırmızı diplomumu alanda gətirib atamın şəklinin yanına qoydum. Mənə elə gəldi ki, o xoşbəxt oldu. Magistraturaya girdim, yenə vəsiqəmi gətirib onun şəklinin yanına qoydum. Artıq atamla bağlı kədəri bir tərəfə qoyub, ancaq onun xoşuna gələn işlər görməyə çalışırdım. Magistraturada qiyabi oxuyurdum, başladım iş haqda düşünməyə.

- Nə işi axtarırdın?

- Mahmudova yox, Bəhramqızı ola biləcəyim iş axtarırdım. 2005-ci il, fevralın 2-də ATV-yə gəldim. Sorğu sual eləyib dedilər “sabahdan gəl işə!”. Mayın 9-da, qələbə günündə isə efirə çıxdım. O efirə necə çıxdım... Təsəvvür elə, heç kimə deməmişəm. Bir anam, bir də bacılarım bilir.

- Niyə gizlətmişdin?

- Qorxurdum birdən nəsə problem olar, heç kim görməsin.

- Görmədilər?

- Anam dedi baxa bilmədim. Efir gedə-gedə zənglər gəlirdi, “ATV-dəki qız Güneldir?”

- Və neçə il fasiləsiz efirdə oldun. Qəfil də getdin. Bu on ilə nəzər salanda Günel Bəhramqızının obrazını necə xatırlayırsan?

- Mən efirdə ciddi obrazda görünməyə çalışmışam. Bu cür yaddaşlarda qalmışam, belə sevilmişəm. İnsanlardan da “sən əsl xəbər aparıcısısan, səndə xəbər üzü var” deyəndə özündən razılıq kimi çıxmasın, bu halımı sevirəm.

- İndi həm də BDU-da pedaqoji fəaliyyətlə məşğul olursan. Tələbələrə nələri məsləhət görürsən?

- Mən tələbələrimə televiziyanın görünən və görünməyən, mənfi və müsbət olan tərəflərini izah etməyə çalışıram. Həm öz təcrübəmi, həm də həmkarlarımın iş təcrübəsini, uğurlarının sirlərini, uğursuzluğun səbəbini kitablardan fərqli olaraq real olaraq bölüşürəm. Bu onları daha çox maraqlandırır. Uşaqları, xüsusilə qızları efir daha çox maraqlandırır. Bəzən sual atəşinə tuturlar. Birdən canlı efirdə elə olsa, birdən belə olsa, nə edirsiz filan... Deyirəm mən çalışmışam vəziyyətdən soyuqqanlıqla çıxım. Özümüzün hərəkətli xəbər aparıcılarını bəyənirəm, haradasa, təqdir edirəm, amma özümü heç vaxt belə görmürəm. Amma özümə “əla” yox, “yaxşı” deyə bilərəm. Anam dəhşətli dərəcədə xəbər aparıcılığına həvəskardı, peşəkar tamaşaçıdır. Onun tamaşaçı gözü güclüdür. Mənim səhvimi və düzümü hamıdan yaxşı o bilir.

- Tənqid edirdi?

- Heç tərifləyib ki? (Gülür) Bəlkə də üstündən neçə aylar keçəndən sonra deyib ki, filan vaxt efirdə səni bəyənmişdim. Anam indiyədək mənim iki, ya üç efirimi izləməyib. Hamısına baxıb. Bir dəfə dedim ki, evdə deyildin, baxmadın. Deyir “Baxdım. Girdim mağazaya, gördüm ATV-yə baxırlar. Alış-veriş edib yubanıb başladım gözucu sənə baxmağa”. Radioda da eyni vəziyyət idi. Təsəvvür elə. Hər saatın əvvəlində anam qulaq asırdı və səs tonumdan əhvalımı bilirdi. Ondan heç nəyi gizlədə bilmirdim. İndi sərbəstdir. (Gülür)

- Deməli indi “ATV Xəbər”ə də baxmır?

- Əlbəttə baxır, amma əvvəlki kimi yox... Və nəinki anam, bütün nəslimiz. Mən efirdə olanda onlar üçün alternativ kanal yox idi.

- Bəs özün necə?

- İndi mənim iş qrafikim də başqadı. Açığı, əvvəl də çox baxa bilmirdim heç. Ancaq axşamlar çalışırdım bütün kanallarda xəbərləri izləyim. Mənə elə gəlir ki, televiziyaya ən az baxanlar və orda baş verənlərdən ən gec xəbər tutanlar elə televiziyaçılardır. Təbii haldı: işdə olursan, başın qarışır. Amma bir reallıqda var ki, imkan tapan kimi yenə ATV-yə baxıram. Doğmadı, dostlarım ordadı, bu məsələnin bir tərəfi, digəri isə ümumiyyətlə ATV həmişə baxılır. Bəyənmirəm, baxmıram deyənlər belə, ATV-də nə olursa, onu hamıdan yaxşı bilir. Demək ki, baxır. Ən baxımlı kanal statusunu əbəs yerə daşımır. O nəyi göstərsə tutur.

- İstəyirəm ancaq xəbərdən danışaq.

- Danışaq! Xəbər televiziyanın onurğasıdır. Heç kimim xətrinə dəymək istəmirəm, şəxsi fikrimdi. Mənim aləmimdə efirdə varsansa, xəbərlərdə olmalısan. “ATV Xəbər” yarandığı gündən illərin xəbər proqramları ilə rəqib oldu. “ATV Xəbər” ATV-nin gücüdür. Düzdü məni bura arzu yox, inad gətirdi, amma sonra işimi hədsiz sevdim. Heç bir peşə və iş təcrübəsi televiziya ilə müqayisə oluna bilməz. Bu, bir yerdə oturub, hər yerlə əlaqədə olmaq deməkdir. İstədin istəmədin hər yeri görmək və hər yerdən görünmək deməkdi. Və ən əsası həyat təcrübəsi qazanmaqdı, sınaqdı. ATV-nin mənə qazandırdığı gücü, inamı başqa heç yerdə, hətta başqa kanalda belə qazana bilməzdim.

- Qəfildən də qeyb oldun...

- İndi qeyb oldum demirəm. ATV-dən ayrılanda hamı kimi mən də belə düşünürdüm. Bitdi, deyirdim. Amma bitmədi. Bu hissi yaşamağa imkan vermədilər. (Gülür) Hər gün olmasa da, tez-tez ATV-də oluram, uşaqlarla görüşürəm. Rəhbərlik bunun üçün hər cür şərait yaradıb. Nə onlar, nə də mən özümü işdən ayrılmış kimi hiss etmirəm. Getməyimə gəldikdə isə deyim ki, on il fasiləsiz işlədim. Efir illəri və təcrübəni sevir. Dünya televiziyalarında olduğu kimi xəbər aparıcısı efirdə qocalmalıdı. O, ildən-ilə daha inandırıcı simaya sahiblənməlidir. Məndə belə istəyərdim... Amma çox təəssüf ki, bu hələ ki, bizdə belə deyil. Buna anladım. Bizim TV-lərdə vəziyyətin dəyişməsi üçün uzun müddət vaxt lazımdı. Bu bir müsahibənin mövzusu deyil. Və bu tək ATV-nin problemi deyil. Bəlkə on, iyirmi il keçə... İşimi nə qədər çox sevsəm də, nə qədər bağlı olsam da, özüm üçün daha perspektivli və doğru olanı etdim. Qərarımdan və işimdən çox razıyam. Əvvəl qorxurdum ki, tam başqa sahədi, öyrəşə bilməyəcəm, çətin olacaq amma belə olmadı. İşə, kollektivə tez uyğunlaşdım və sevdim. Ümumiyyətlə, ağlım həmişə ürəyimdən güclü olub. Bir dəfə “olmaz” dedisə, demək olmaz. Həyatımdakı hər günə görə min kərə Allahıma şükür edirəm.

- Yaxşı, deyək ki, ömrün ATV erası bitdi. Hərçənd ki, mən buna inanmıram.

- Niyə?

- Çünki sən hələ də ora  “biz” deyirsən. İnsan keçmiş iş yeri haqda danışanda hələ də biz ifadəsini işlədirsə, qısa müddətdə geri dönəcək. Əlahəzrət təcrübə belə deyir.

- ... (Gülür)

- İndi BDU-da jurnalistikadan dərs deyən Günel xanımdan danışaq...

- Danışaq. Artıq 3-cü ildir tədris edirəm.

- Necə oldu?

- Əvvəllər BDU-nun tələbəsi, sonra da müəlliməsi olmaq arzum olub. Özümdə bu potensialı görürdüm. Aparıcı kimi mühazirələrə dəvət edirdilər və bu fikir məndə burdan qaynaqlandı. Həvəsim çox idi. Başa düşdüm ki, dərs deyə bilərəm, buna hazıram. Öyrədə biləcəklərim, bölüşə biləcəyim təcrübəm var artıq. Məncə uşaqlara da bu maraqlıdı. Ümumiyyətlə, hesab edirəm ki, bəzi həmkarlarım müəyyən bir mərhələyə çatandan sonra öz təcrübələrini bölüşməlidirlər...

- Axı efirdə olan hər adam dərs deyə bilməz. Yaxşı aparıcı yaxşı pedaqoq demək deyil. Bizim efirdən tanınan simadan verilişi haqda soruşanda uzaq başı onu deyir ki, “mən bunu etdim!” O adamı auditoriyaya buraxsınlar?

- Haqlısan, o da məsələnin bir tərəfidir...

- Görüşə gələndə yolda İnstagram səhifənə baxırdım. Yaşıdlarınla şəkil çəkdirib “tələbələrimlə” yazmısan. Bir qrupun uşağı kimi görünürsüz. Adamın bir az da paxıllığı tutur ki, bizim müəllimlər hamısı yaşlı idi... Müəllimlə çox yaş fərqinin olmamasının bir üstünlüyü də var ki, o sənə dərsliyə salınmayan bəzi “paraqrafları” da öyrədir...

- Bəli! (Gülür) Mənim tələbələrim 3-cü və 4-cü kurslardır. Onlarla hər şeyi danışır, təcrübəmi paylaşıram. Televiziyanın yazılan və yazılmayan bütün qanunlarından onları xəbərdar edirəm. Nitqləri ilə də məşğul olmağa çalışıram. Tələbə olarkən sevdiyimiz bir müəllimə obrazı var idi. Tək müəllimə yox, həm də tələbələrlə dost olmağı bacaran obraz. Qızlı-oğlanlı onun dərsinə gedirdik. Bax o obraza çox fikir verirəm.

- Yaxşı, bir az da Güneldən danışaq. İnstagram səhifəndə, ən çox diqqətimi bir şəklin çəkdi. Parfümlərinin şəklini paylaşıb “sərvətim” yazmısan. İndi tanıdığım insan parfümlərinə sərvətim deyə biləcək birinə oxşamır axı...

- ...(Gülür) Əhvalıma bağlı olub. Əşyalarımı sevirəm, amma heç birini sərvətim saymıram. Kimi pulunu, kimi uşağını paylaşıb “sərvətim” deyər, kimi bahalı maşınını...

- Maşının parfümlərdən ucuzdur?

- Yox, maşınım dünyanın ən bahalı maşını olsa da, ona sərvətim demərəm. Parfümləri çox sevirəm. Demək olar ki, maşınımın hər tərəfi ətirdi. Bir dəfə bir qohum maşınımda əyləşmişdi. Dedi maşın səs eləyir. Başladı parfümləri əli ilə tutmağa, gördü səslər azaldı...

- Çoxdan sürürsən?

- İki ildir. Heç vaxt maşın sürmək iddiasında olmamışam. Amma iş, dərs, xüsusilə alış-veriş arxasınca getmək, evin işləri... Maşın mənə birinci rahatlığım üçün vacib idi. İkincisi isə tanınırdım, avtobus, metro ilə cətin idi. Adamlar yaxınlaşıb nə isə soruşurdular. Xoşuma gəlməsə də, metroda qara gözlüklə otururdum və daha çox diqqət çəkirdim. Bura Bakıdı...

- Yenə anlamıram səni küçədə necə tanımaq olar? Efirdəki Günellə heç oxşamırsız axı...

- Dedin bu Günel yaxşıdır, hə? (Gülür)

- Bu Günel daha gənc və həyat doludur. Mən bunu daha çox bəyəndim.

- Bu məni sevindirir. Əksi olsaydı, yəqin ki belə deməyəcəkdin. (Gülür) Nələrəsə real həyatda sahib olmaq daha gözəldir. Efir bu gün var, sabah yox. Amma səndə olan sənindir, səninlə də qalacaq.

Sağollaşıb ayrılırıq. Qarşımda müsahibimin ruhu yox, cismi oturmuşdu. O nə qədər səmimi olsa da, bunu sezmək çətin deyildi. Ruhu “S+ Xına Evi”ndən bir az aralıda, ATV-nin studiyasında idi... Bunu onun gözləri deyirdi. Buna görə də müsahibəni bilərəkdən yubatdım. Bir gün zəng edib yenə efirdəyəm deyəcəyinə əmin idim...

Və çox keçmir ki, o zəng gəlir:

- Vüsalə, haqlıymışsan... ATV ilə birgə layihəmiz var. Artıq müzakirə edirik, ola bilsin ki, yenidən tamaşaçılarla da görüşdüm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8659
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar