Yanvarın 23-ü Ümumdünya Piroq Günüdür. Bizim ölkədə piroq deyiləndə, ilk ağla şirniyyat gəlir. Ancaq digər dünya ölkələrində qeyri-adi və müxtəlif tərkibli piroqlar var. Bəzilərinin tərkibi balıq, makaron, müxtəlif tərəvəzlərdən ibarətdir.
Lent.az dünya mətbəxindən maraqlı və dadlı piroqları təqdim edir:
Stargazy
Stargazy içi yumurta və kartofdan ibarət olan xəmir ilə örtülmüş piroq növüdür. Stargazy ingilislərin ən sevimli yeməklərindən biridir. Onun daxili müxtəlif növ balıqlarla doldurulur. Balıqlar elə yerləşdirilir ki, sanki onlar ulduzlara baxır. Elə piroqun adı da buradan götürülüb – “Ulduzlara baxan pasta”.
Pastilla
Mərakeş və Əlcəzair mətbəxinin ənənəvi yeməyidir. Amma buna baxmayaraq bu piroq Fransa, İsrail və Şimali Amerikada da çox sevilir. Ət məhsullarından hazırlanan Pastillanın əsas tərkib hissəsi göyərçin və toyuq ətidir. Üzəri isə qat-qat xəmir ilə örtülür. Bundan əlavə, onun hazırlanmasında yumurta, müxtəlif otlardan hazırlanmış krem, üyüdülmüş badam və ədviyyatlardan istifadə olunur. Bu piroq adətən yeməyin əvvəlində qəlyanaltı kimi verilir.
Casatiello
Casatiello Pasxa dövründə hazırlanan mayalı dadlı çörəkdir. İtalyan yeməyi olan bu piroqun əsas inqrediyentləri un, donuz yağı, pendir, salam, qarğıdalı, yumurta və qara bibərdir.
Nakrepok
Bu piroq əsasən Pskov və Tver bölgələrində hazırlanır. Tərkibi sıyıqdan (yulaf və düyü) ibarətdir. Üzərinə nazik dilimlər formasında qırmızı balıq əlavə olunur və xəmir ilə örtülür.
Pissaladier
Pissaladier Fransa və İtaliya mətbəxlərinə aid olan yağlı xəmir xörəyidir. Çox vaxt pizza ilə müqayisə edilir. Adətən klassik Marqaritta pizzasından daha qalın bir xəmirə malik olur və tərkibi ənənəvi soğan, qara zeytun və kiçik balıqlardan ibarətdir.