Son elmi araşdırmalar göstərir ki, gündəlik qidalanmada düzgün yağ növünün seçilməsi ürək və damar sağlamlığını qorumaqda həlledici rol oynayır. Bitki yağları orqanizm üçün əvəzolunmaz qida məhsuludur, lakin alimlərin fikrincə, onların hamısı eyni dərəcədə faydalı deyil.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Harvard İctimai sağlamlıq məktəbinin alimləri apardıqları genişmiqyaslı araşdırmada bəzi yağ növləri xolesterinin səviyyəsini yüksəldir və aterosklerozun qarşısını alır, digərləri isə əksinə təzyiqin artmasına, piylənməyə və ürək-damar xəstəliklərinə səbəb olduğunu müəyyən ediblər.
Zeytun yağı (soyuq sıxılmış, “extra virgin”)
Araşdırmalara əsasən, zeytun yağının müntəzəm istifadəsi ürək-damar xəstəlikləri riskini 30–35 faiz azaldır. Tərkibindəki omeqa-9 yağ turşuları “pis” xolesterini (LDL) azaldır, “yaxşı” xolesterini (HDL) isə artırır. Zeytun yağında olan antioksidant polifenollar damar divarlarını iltihab və qocalmadan qoruyur, qan dövranını yaxşılaşdırır.
Kətan toxumu yağı
Kətan yağı omeqa-3 yağ turşularının ən güclü təbii mənbələrindən biridir. Bu turşular damarların elastikliyini artırır, qan laxtalanmasının qarşısını alır və insult riskini azaldır. Alimlər bu yağı yalnız soyuq halda – salatlarda və smuzilərdə istifadə etməyi məsləhət görürlər, çünki qızdırıldıqda faydalı xüsusiyyətlərini itirir.
Raps (kanola) yağı
Bu yağ omeqa-3, omeqa-6 və omeqa-9 turşularının ideal balansına malikdir. Araşdırmalar göstərir ki, kərə yağını raps yağı ilə əvəzləmək bir neçə həftə ərzində xolesterin səviyyəsini azalda bilər. Bundan başqa, bu yağ istiliyə dözümlü olduğu üçün qızartma üçün də uyğundur.
Ürək və damarlar üçün zərərli yağ növləri
Palma yağı
Çox geniş istifadə edilsə də, palma yağı doymuş yağ turşuları ilə zəngindir. Bu maddələr damar divarlarında yağ yığıntılarının (blyaşka) əmələ gəlməsinə səbəb olur və infarkt və insult riskini artırır.
Qarğıdalı və günəbaxan yağı (rafinə olunmuş)
Populyar olmasına baxmayaraq, bu yağlar omeqa-6 turşularının artıq miqdarını ehtiva edir. Bu, bədəndə iltihabi prosesləri gücləndirir və ürək-damar sisteminə mənfi təsir göstərir. Xüsusilə qızdırıldıqda bu yağlarda toksik birləşmələr əmələ gəlir, bu da ürəyə və qaraciyərə zərər verir.
Mütəxəssislərin məsləhəti
Ürək sağlamlığını qorumaq üçün zeytun, kətan və raps yağlarını gündəlik rasiona daxil etmək, palma və rafinə olunmuş günəbaxan yağlarından isə uzaq durmaq tövsiyə olunur.