<b>“O it 10 il bizimlə birgə məktəbə gəlib-getdi, “vinetka”sı olmadı” - <span style="color:red;">SÖHBƏT </b>
31 yanvar 2014 17:13 (UTC +04:00)

“O it 10 il bizimlə birgə məktəbə gəlib-getdi, “vinetka”sı olmadı” - SÖHBƏT

“O vaxtlar məktəbi sevməzdim. Səhər tezdən oyanıb məktəbə getmək mənə çətin gəlirdi. Eh, gözəl illəriydi. İndi isə sevirəm. Mən hər on ildən bir ilk dərs günündə bir dəstə gül alıb gedirəm məktəbə. Öz partamda əyləşirəm”. Bunu əməkdar artist Şamil Süleymanlı Lent.az-a məktəb illərindən danışarkən deyib. Ədəbiyyatı çox sevib biologiyaya  nifrət edən aktyorun məktəb illərini “Məktəb illəri”ndə oxuyun.  

 

 

1962-cil il Oktyabr (indiki Yasamal) rayonunun 14 saylı məktəbinə gedib. İlk dərs gününü xatırlayır.

 

 

- Məktəbə  qorxa-qorxa gəlmişdim. Qələm təzə, kitab təzə, çanta təzə. Birdən birə 3-4 saat bir yerdə oturmaq çətin gəldi mənə. Bircə şey xoşuma gəldi, müəlliməm anamla görüşdü. Sən demə, anamla sinif yoldaşı olublar. Birinci sinif müəllimindən gözəli yoxdu. Rəfiqə müəllimə keçən il rəhmətə getdi. Çox mehriban qadınıydı. Bizim haqqımızda hər şeyi bilirdi. Bir az anam oxşayırdı, bir az oxşamırdı. Çox ərköyün böyütdü bizi. Ondan sonra başqa müəllimlərimiz bizə ögey ana kimi görünürdü. Hərdən bəzi müəllimlərimiz bizi hədələyirdi: “Mən sizin üçün Rəfiqə müəllimə deyiləm, ha?” (gülür). Onunla son görüşümüz yadımdan çıxmır. Məni koridora çıxartdı, bir sual verdi: “Sənin aktyor kimi formalaşmağında mənim bir zəhmət olub?” Mən də dedim ki, yazmağı və oxumağı sən öyrətmisən. Poeziyaya sevgini sən yaratmısan. Məktəb vaxtı rollarımdan biri Cəfər Cabbarlının “Sevil” pyesindən Balaş rolu idi. Özümə bığ taxmışdım. Məktəbdə keçirilən tədbirlərdə şeir deyərdim.

 

 

Ş. Süleymanlı ilk parta yoldaşı İradənin nəinki özünü, hətta ad gününü belə xatırlayır.

 

 

- Səkkizinci sinfə qədər birinci partada sinif nümayəndəsi İradə Hüseynovayla oturardım. Sonra mən yaxşı şagird olmaqdan qorxdum, keçdim arxa sırada oturdum. Hüseynova İradə... Çox yaxşı qızıydı. Ad gününü bu günə kimi yadımdadı: 24 fevral. Sonradan yaxşı dost olduq. Hələ də dostluğumuz davam edir. Ümumiyyətlə, sinif yoldaşlarımdan çoxunu xatırlayıram. Qonşumuzda oğlan təzə nişanlanmışdı. Mənə dedi nişanlım deyir ki, siz onun anasıyla sinif yoldaşı olmusuz. Toy qabağı bunları bir yerdə gördüm. Dedim, sus, özüm tapacam. Sən Rahilənin qızısan. Mən onların toyunda oturanda elə bilirdim ki, qızının yox, elə Rahilənin toyudu. Qız elə bil anasının əkiziydi. Biologiya dərsi olmasaydı, məktəb illərinə elə qayıtmaq istəyərdim.

 

 

 

Məktəb illərindən ən yaxşı xatırladığı insanlardan biri bufetçi Suqra xaladı.

 

- Kök qadınıydı, əlləri də toppuşuydu. Bufetdən tez-tez gedib nəsə almağı xoşlayardım. Həmişə mənə qışqırardı ki, bəsdi, bu qədər kolbasa-çörək yedin! Mənə başqa yeməklərdən yeməyi məsləhət görərdi. Mən isə qışqır-bağır salırdım ki, yox, mütləq mənə kolbasa-çörək verin. Bəzən sevdiyim qız bufetdə olanda ikinci dəfə gəlirdim ora. Suqra xala, “Yenə gəldin? Ay bala, doymadın kolbasa yeməkdən?”, deyərdi.

 

“Qurd, quş, nə bilim ürək, ciyər,...”

 

- Məktəbi nə pis, nə yaxşı oxumuşam. Elə aktyorluğum kimi. Adım yaxşı şagirdlər siyahısındaydı. Qiymətlərim beş, dörd idi. Çulumu sudan çıxara bilirdim yəni. Ədəbiyyatı çox sevərdim. Zəhləm biologiya, anatomiyadan gedərdi. Həmişə də ondan iki alardım. Aman, Allah, qurd, quş, nə bilim ürək, ciyər şəkilləri... Hələ üstəlik də müəllimim deyirdi ki, bu ən lazımlı dərsdi. Boynuma alıram ki, təbiətə qarşı çox biganəyəm. Mən ideologiyanı xoşlamıram.

 

Hər kəs məktəbə gül-çiçəklə gələndə o məktəbə itiylə gedib. Söhbət polkovnik Rafiq Hüseynovdan gedir.

 

- Sinif yoldaşlarım arasında Rafiq vardı. İlk dərs günü hamı güllə-çiçəklə gələndə, bu itiylə gəlmişdi. İt hər gün onu məktəbə yola salır, qarşılayırdı. Bu it on il bizimlə oxudu. Bir tək vinetkada şəkli olmadı. Məktəbi bitirəndən sonra biz instituta girdik, Rafiq girə bilmədi. Getdi əsgərliyə. Orda serjantlıq məktəbində kinoloq üzrə təhsil alıb. Bu gün kinoloji məktəbinin rəhbəridi, polkovnik Rafiq Hüseynov.

 

 

 

“Elə bilirdim hamı mənə baxacaq”

 

- Doqquz, onuncu sinifləri mən ayrı məktəbdə oxudum. Anam nəsə məni çıxarıb öz dərs dediyi məktəbə apardı. Məktəbi bitirən il  rəhmətə getdi. Çox çətin illəriydi. Son zəngim? İstəmirəm son zəngdən danışam. Başım anamın yasına qarışmışdı. Bircə o yadıma gəlir ki, o vaxt enli qalstuk dəbdəydi. Mən də dəbə uyğun enli qalstuk taxmışdım. Elə bilirdim ki, mən içəri girən kimi hamı “bah, bu nə gözəl qalstuk taxıb!” deyəcək, amma heç kəs mənim qalstukuma fikir vermədi.

 

 

 

 

Yüz yaşı qeyd edilən əlli yaşlı Solmaz

 

- Hələ də sinif yoldaşlarımla əlaqə saxlayırıq, görüşürük. Solmazın 50 illiyini qeyd etmək üçün uşaqlarla ta o vaxtdan görüşdüyümüz yerdə, tramvay yolunda toplaşdıq. Gördük ki, tramvayı relslərini söküblər. Taksiylə getmək istəmədik. Piyada getdik. Mən ona gülməli hədiyyə almışdım. Tor bişirtdirdim, üstünə böyük hərflərlə “yüz illiyin mübarək” yazdırdım. Əvvəlində isə balaca hərflərlə “əvvəlcədən” yazdırmışdım. Hamı “əvvəlcədən”i oxumadan başladılar soruşmağa ki, kimdi elə yüz yaşı olan? (gülür).

 

Bibiqızı məsələsi...

 

- Günlərin bir günü məktəbimizə təzə, cavan müəllim gəldi. Komsomol, yoxsa təlim tərbiyə işləri üzrə müəllimiydi. Aftandil müəllim şuluq uşaqları xoşlamırdı. Şuluqluq edənin qulağını dartırdı. İkinci sinifdə oxuyurduq. Mən və dostum da narahatıydıq birdən bu bizim də qulağımızı dartar. Bir gün dostum gəldi ki, mən ondan qorxmuram, sən də qorxma. Əgər o mənə nəsə eləsə onun üçün çox pis olacaq. Soruşdum, niyə? Dedi, çünki o mənim bibimgilə elçi gəlib: “Bibim qızını sevir. O bizim qulağımızı çəksə, mən bibimə deyərəm. O da qızını verməz”. Ondan sonra bütün günü müəllimin ayağına dolaşmağa başladıq ki, o bizim qulağımızı çəkə. Biz də gedib bibiyə şikayət edək, qızı ona verməsin. O da bizim fikir vermirdi ki, vermirdi. Elə dostumun bibisi qızıyla da evləndi.

 

 

“Rolumu tərifləsəydi ağlamazdım”

 

 

 

- İkinci-üçüncü sinifdə oxuyanda bizi tez-tez teatra aparırdılar. Qabaqda müəllim, arxasınca biz əl-ələ tutub gedirdik Gənc Tamaşaçılar Teatrına. Tamaşa nədən bəhs edirdi heç bilmirdik. Ancaq zəngi gözləyirdik ki, qaçaq bufetə kolbasa-çörək alaq. Yuxarı sinif bizi Dram Teatra apardılar. Fuad Poladovu ilk dəfə onda gördüm. Ondan sonra başladım onun yaradıcılığını izləməyə. Beləcə Amaliya Pənahovanı, Şəfiqə Məmmədovanı tanıdım, teatrı sevdim. Premyeralara gedirdim. Bir zamanlar kənardan izlədiyim Şəfiqə Məmmədova bu yaxınlarda məni ağlatdı. Məni təriflədi. Məhz rolumu tərifləsəydi ağlamazdım. O vaxtlar “Neftçi”nin  ən tanınmış azarkeşi Kamal əmi bizim məktəbin komendantıydı. Qapıda dururdu. Onuncu sinifdə oxuyurduq. Zəng olmamış heç kimi buraxmazdı, amma “futbola gedəcik” deyincə qapını açardı. Dərsdən qaçmağın yolunu tapmışdıq.

Səkkiz mart bizim üçün analar bayramıydı. Həmin gün mütləq qadın müəllimlərimizə gül alardıq. İndi hər şey fərqlidi. Hər cəhətdən. Oxumaq üçün hər şərait var. Biz bir adam haqqında məlumat almaq üçün nə qədər axtarırdıq. Amma indi açırsan kompüteri yazırsan “Nizami Gəncəvi”. Nizami Gəncəvi haqqında bütün məlumatlar çıxır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6032
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar