O, 1972-ci ildə Naxçıvan şəhəri Eynalı Sultanov adına 7 saylı məktəbə gedib. Kitab oxumağı çox sevib, şeir yazmağa məktəb illərindən başlayıb. Yox, müsahibimiz şair deyil, şeir yazsa da. Lent.az-ın “Məktəb illəri” layihəsinin növbəti qonağı millət vəkili Fazil Mustafadır.
- Məktəbə qədər bağçaya getdiyimdən çoxlu şeirlər bilirdim. İbtidai sinif müəlliməm Məsimə Hacıyeva olub. Bir-birimiz üçün ilk idik. Biz onun dərs dediyi ilk sinif, o bizim ilk müəllimimiziydi. Mehriban, qayğıkeş xanım idi. Xatırladığım qədər yenicə ailə qurmuşdu. Tez alışdım məktəbə. İlk dərs günüm müəllimə yasəmən aparmışdım. Həyətimizdə bitən. Qərənfili o vaxtdan xoşlamırdım. Kiməsə hədiyyə edəndə də ətrinə görə yasəmənə üstünlük verirəm. Qərənfil mənə süni gül təsiri bağışlayır. Ancaq məcbur olanda alıram. Qəbir üstünə, ya abidə önünə gül qoymaq lazım olanda ən əlverişlisi qərənfildi. Tez tapılır və qiyməti də baha olmur.
Müəlliminə tədricən alışdığını deyir.
- Birinci sinif uşağı üçün evlə məktəb arasında fərqi müəyyənləşdirmək çox çətin olur. Hansısa bir boşluğa, yeni mühitə düşür. Və yeni mühitdə o özüylə bərabər olan uşaqların çevrəsində evdəki qədər ərköyün olmaq şansını itirir. Valideyni müəllimlə əvəzləmək özü də uzun bir proses olaraq gedir. Zamanla müəllimə valideyn kimi baxmaq ənənəsi formalaşır. Bunu keçmək hər şagirdə tezliklə nəsib olmur. Ailə nəvazişindən müəllim nəvazişinə transformasiya bəzən uğurlu alınmır. Kimdə bu alınırsa, müəllimin dediklərini də rahat qavrayır və daha çox öyrənməyə meylli olur.
- Sizdə necə oldu?
- Yaxşı oldu. Amma bir şeyi daim xatırlayıram. Bəlkə də qarşılaşdığım ilk ədalətsizlik də məktəb illərində olub. Əgər buna ədalətsizlik demək olarsa. Bir ay olardı dərsə gedirdik. Müəllim riyaziyyatdan misal vermişdi. Mən bir az çevik həll etdim. Qonşumuzun qızıyla bir partada otururdum. O qız məndən kömək istədi, mən də dəftərimi verdim köçürdü. Və müəllimə bunu gördü. Başdan da xəbərdarlıq etmişdi ki, heç kəs köçürməsin. Dəftərimi yoxlamadan, yazdıqlarımın üstündən xətt çəkib, iki yazdı. Görünür, etiraz etməyə elə ordan başladım (gülür). Kitablarınmı çantama yığıb, haradasa bir kilometrlik yolu piyada ağlaya-ağlaya evə gəldim. Gəldim ki, evdəkilər qovurma bişirir. İndiyə qədər yadımdadı. Soruşdular, niyə ağlayırsan? Dedim, müəllimə mənə “iki” verdi. Niyə? Bəs dəftərimi qonşu qızına köçürməyə verdiyimə görə. Eşidən kimi gülüşdülər. Onda mən lap pərt oldum. Böyük bir faciə baş verib, bunlar hələ gülüşürlər. Mənə görə “iki” almaq faciə idi. Hər halda, müəllimin tələbindən çıxmışdım. Günahım olsa da, alibim vardı. Qonşu qızına mütləq kömək etməliydim. Sonra gərək məhəlləyə çıxmayaydım. Məktəbə getməmək olar. Amma məhəllədə bu obrazla qalmaq olmazdı (gülür).
- Müəllimə qarşı münasibətiniz dəyişdi?
- İlk vaxtlar kəskin nifrətim yarandı. Bir neçə günə keçdi. Həmişə mehribanlıq gördüyümdən, zamanla düzəldi. Amma bir epizod olaraq günü bu günə qədər yadımda qalıb.
Beşinci sinifdə oxuyanda məktəbini dəyişib. Evlərinə daha yaxın olana.
- Həmin məktəbdə hər şeyi yenidən başladım. Zamanla köhnə məktəblə əlaqəm kəsildi. Yeni uşaqlar, yeni mühit... Əlbəttə, yeni mühitə alışmaq bir qədər zaman aldı. Oğlanların, qızların öz “kruq”u olur. Yeni adam gələndə özünü təsdiqləmək lazımdı. Ya istəyirlər təzə gələni özlərinə tabe eləsin, öz sözünü diktə etməyə çalışsın. Təzə gələn isə tabe olmaq istəmir. Üstəlik də oxuyan uşaqsansa, sinifdəki digər oxuyanlar səni özünə rəqib biləcəklər. Mən də belə proses yaşadım. Didişə-didişə, qapışa-qapışa sinifdə yerimizi, avtoritetimizi bərpa etdik və normal münasibət qurduq.
Deyir, formalaşmağında müəllimlərinin rolu böyük olub.
- Fetişləşdirmənin tərəfdarı deyiləm. Hər bir insanla təmasa epizodik fayda kimi baxıram. Həyatımın hansısa bir anında onun bir davranışı, onun bir yönləndirməsi mənim üçün bir haqdır. Dünya görünüşümün formalaşmasında bir sıra müəllimlərin rolu olub. Sabirə, Etiqad müəllimə. Bir də ədəbiyyat müəllimim Şəmil. Pionerlər sarayında mən xüsusi ilə formalaşdım. Oranın kitabxanasının bütün kitablarını oxumuşam. Beşinci-altıncı sinifdə oxuyanda kimliyindən asılı olmadan, fərq qoymadan Azərbaycan ədəbiyyatındakı bütün əsərləri oxumuşam. Əlimə nə düşürdüsə. Mirzə İbrahimovdan tutmuş Süleyman Vəliyevə qədər. Sonra şeir dərnəyinə də getdim. Ora məni rəhmətlik Asif Kələntərli dəvət etmişdi. Sonralar Naxçıvan Ali Məclisinin sədr müavini də oldu. Formalaşmağımda, püxtələşməyimdə rolu oldu, mənə doğru istiqamət verdi. Paxıllıq duyğusu məndə yoxdu. Bunu da mənə rəhmətlik Əbülfəz Elçibəy aşılayıb. O rahatlıqla bəlli yerləri yanındakılara verdi. Siyasi liderdə paxıllıq duyğusunun olmamağı bizə çox şey öyrətdi. Mən indi ətrafımdakı insanlardan qəti qorxmuram. Hələ istedadlı adamdan heç qorxmuram. İstedadlı adamı çox istəyirəm, onun yolunun açılmağını istəyirəm. O artıq mənim dostum olacaq. Cahil adamlar həmişə mənim düşmənimdir. Bu gün yanımda olsun, tərifləsin. Sabah bir çıxışım, bir sözüm onun ağlına batmadısa, düşmənə çevriləcək. Cəmiyyət də belədir. Mən axına qarşı rahatlıqla gedə bilirəm. O şey ki doğrudu, ondan imtina eləməyi düşünmürəm. Düzdü, bunun zərbəsini də alırsan. Zərbəylə yanaşı dəstəyini də. Onsuz da Qalatasaraylı Fənərbağçalı olmayacaq. Amma Qalatasaraylı Fənərbağçalı oyunçunun vurduğu gözəl qola şapkasını çıxarmağa məcburdu. Etiraf etməlidir.
Ən sevdiyi fənn, şübhəsiz, ədəbiyyat olub. Çoxlu şeirlər yazarmış.
- Şeirlərim “Azərbaycan” qəzetində nəşr olunurdu, televiziyada çıxış edirdim. Dövlət tədbirlərində öz şeirimi deyirdim. İkinci sinifdə oxuyanda yazdığım “Atam bənnadır” şeirim “Azərbaycan pioneri” qəzetində çap olmuşdu. Üç il sonra həmin şeir plagiat olunaraq başqa adam tərəfindən pioner jurnalına verilmişdi. Redaksiyaya etiraz məktubu yazandan sonra bildirdi ki, şeir o qədər xoşuma gəlmişdi ki, əzbərləmişəm. Dilimin əzbəri olub, elə bilmişəm mən yazmışam.
Bundan sonra həmin şeir başqa şagird tərəfindən təkrar dərc olunur. Onun bəhanəsi də eyni olur.
- Orta məktəbdə xeyli məşhur idim. Tədbir və mübahisələrdə iştirak edərdim. Hə, bir də tarix və coğrafiyanı yaxşı oxuyardım. Xəritədə istənilən yeri dərhal göstərə bilərdim. Hətta ölkələrin nə qədər əhalisi var, dövlət başçısı kimdi? Futbol klublarını da eləcə. Dünyanın tanınmış futbol komandalarının oyunçularının adlarını əzbər bilirdim.
- Ancaq azarkeş idiniz?
- Yox, həm də oynayardım. Məktəbin həm basketbol, həm voleybol, həm də şahmat komandasının kapitanı idim.
- Necə çatdırırdınız?
- Bu bir az fəallıqla bağlıdı. Gərək adamın həvəsi ola. Boyum hamıdan balacaydı.
Baxmayaraq ki, basketbolda boy önəmlidir. Tez mənimsəyirdim. Günü bu gün də istər futbolda, istərsə də basketbolda peşəkarlarla rahat oynaya bilirəm.
Humanitar fənləri nə qədər sevirmişsə, dəqiq elmləri də o qədər xoşlamırmış.
- Kimya, fiziki, riyaziyyat... Amma oxuyurdum. Qiymət xətrinə, müəllimin xətrinə. Həm yuxarı sinifdə müəllim lövhənin qabağında qızların yanında pərt etməsi vardı. Daha çox mütaliə etməyi sevərdim. Hazırlığımda bu istiqamətdə gedirdi. İndiki ağlım olsaydı, fizika, riyaziyyata üstünlük verərdim. İnsanın dünya görünüşünün formalaşmağında bütün fənləri, o cümlədən biologiyanı yüksək səviyyədə bilmək lazımdı. Heç nə itkiyə getmir.
- Məktəb illərindən yadda qalmış ən maraqlı hadisə?
- “Məktəb illəri” deyəndə yadıma çox hadisələr düşür. Sinifdən qaçardıq. Hər sinfin liderləri olur. Məsələn, lider qərar verir ki, bu gün dərsdən qaçmaq lazımdı. Mən qoşulmurdum onlara. Xoşum gəlmirdi ki, kimsə mənə nə edəcəyimi desin. Amma elə məqam olurdu ki, ən sərt müəllimin dərsindən qaçırdım. Hamı qorxurdu ondan. Çubuqla döyən idi. Dərs başlayanda dururdum ayağa ki, müəllimə deyərsiniz ki, mən getdim evə. Bir növ sinif yoldaşlarıma göstərmək üçün ki, mən müstəqil qərar qəbul edirəm. Siz zəif müəllimin dərindən qaçırsınız, mənsə güclü. Belə inadlaşmalar olurdu. Sonra, Yuqoslav siqaretləri vardı. Alırdıq onu. Özümüzü təsdiq eləmək üçün dərsdən sonra gedib otururduq xarabalıq yerdə. 6-7 nəfər bir qutunu iki saata qurtarırdıq. Yeddidə, ya səkkizdə oxuyardıq. Sonra siqaretdən zəhləm getdi. Bəlkə də o çox çəkmək məni bezdirdi. Sonrakı dövrlərdə 1-2 aylıq çəkdim. Amma son on ildi ümumiyyətlə çəkmirəm.
Sinifdəki qızlarla yaxşı yola gedirmiş…
- Sinifdə qızların hamısıyla oğlanlar küsülü idilər. Niyəsi yadıma gəlmir. Qızlarla bir mən danışırdım. Mən hamıyla kontakt yaratmağı bacaran adamam. Yaşıdlarımız vaxtından əvvəl bığ, saqqal saxlayırdılar. Özlərini yaşlı adam kimi aparırdılar. Mənsə, özümü uşaq, məktəbli kimi hiss edirdim. Ona görə də qızlar məni çox istəyərdilər. Nə sözləri olsa, mənə deyərdilər. Evdən konfet gətirəndə mənim payımı mütləq saxlayardılar.
- Qızlardan söz düşmüşkən, sevdiyiniz qız vardı?
- Başqa sinifdə vardı. O da Məcnuna çevriləcək qədər deyildi. Mənim marağım oxumaq, öyrənmək idi. Duyğusallığa özümü yönləndirmirdim. Bəzən mənə gülməli gəlirdi, sinifdə o bu qızı istəyirdi, bu o qızı istəyirdi. Onsuz da sonradan heç biri məktəb vaxtı istədikləri qızla evlənmədi də. Bu da bir uşaqlıq əyləncəsiydi. Xoşumuz gələn, simpatiya duyduğumuz müəllimlərimiz də vardı. Söhbət təkcə xarici gözəllikdən getmir.
Müəllimlərin səhvini də tutarmış. Bu səbəbdən də müəllimlər valideyninə ondan şikayət edərlərmiş.
- Müəllimlər yaxşı oxuyan şagirddən həm xoşları gələr, həm də çox istəməzlər. Çox istəməzlər ona görə ki, həmin şagirdlər müəllimin səhvini çıxartmağa çalışar. Mən də eləydim. Bir sıra müəllimlərim vardı ki, anama deyirdilər ki, mənim səhvimi çıxartmasın. Axırda müəllim mənimlə kompromisə girirdi. Onun mənimlə işi olmazdı, mənim də onunla.
Məktəb illərindən danışa-danışa köhnə xatirələr canlanır.
- O vaxt müəllimlə şagirdlər arasında daha səmimi ortam vardı. Şeir gecələri keçirilərdi. Məktəbin zəruri adamına çevrilmişdim. Bütün tədbirlərdə məni çağırırdılar.
- Döyülmüsünüz heç?
- Evdə atam hamıya sillə vurardı, məndən başqa. Məndən böyüyü də vururdu, məndən yaşca kiçiyi də. Amma mənim nəsə elə bil xüsusi statusum vardı. Döyülmürdüm. Evdə də, məktəbdə də. Həm ona gətirib çıxaracaq hərəkətlər də etməzdim. Ölçünü saxlaya bilirdim. Bir həddə qədər dəcəl idim, şuluq idim. Amma dalaşqan da olmamışam. Fiziki cəhətdən elə də güclü olmamışam. Sinifdə hamıdan balacaydım. Əsas hədəfim özümü döydürməmək idi. Amma özümü müdafiə etmək üçün hansı vasitə lazımdırsa, onu edirdim. Çubuqla vurmaq lazımdırsa, çubuq, yumruq lazımdırsa, yumruq.
- Bəs indi?
- İndi də beləyəm. İnandığım həqiqət varsa, onu istənilən axının qarısına çıxıb müdafiə eləyə hazır adamam. Televiziya, mətbuatda bəzən fikrilər səsləndirəndə üstümə çox hücumlar gəlir. Çox da əhəmiyyət vermirəm. Yenilikçiyəm də. Dünən qəbul etdiyim müəyyən anlayışları bu gün qəbul etmirəm.
- Məsələn, nəyi?
- Universitetdə oxuyanda çox kompromissiz idim. Müəllim və tələbələr də bunu bilirdi. Xoşum gəlməyən adama salam verməzdim. Üzünə qarşı birbaşa deyirdim ki, səndən zəhləm gedir. Müəllim mənimlə kobud danışa bilməzdi. Yaxud, məsələn, partiya biletimi birinci mən yandırdım. Yəni o şeylərdə ki, haradasa özüm düşündüyüm bir addım varsa, orda heç vaxt cəsarətsizlik etmirəm. Bu, bəlli bir dövr üçün faydalıdır. Çünki öz xarakterin formalaşır. Müəyyən yaş həddindən, transformasiya olunduqdan sonra dəyişməlisən. Amma indi daha kompromisə meylli adamam. İslamı dərindən öyrənməyə çalışandan sonra həyata baxışımda xeyli dəyişiklik oldu. Kompromisə getmək, insanları anlamaq, güzəştə gedə bilmək, insanları tanımağa çalışmaq.
- O illər dostunuz kimiydi?
- Tofiq. İndi də münasibətimiz, ailəvi gediş-gəlişimiz var. Məktəb vaxtı tez-tez savaşırdıq. Bir il dost olurduq, bir il küsülü (gülür). Hərbi xidmətdə olanda daim məktublaşırdıq. O, mənim bütün şeirlərimi əzbər bilir. Elə şeirim var, mən itirmişdim. Amma o hamısı yazıb saxlayıb. Əsgərlikdə məktubla ona göndərdiyim şeirlərə hətta musiqi də bəstələyirdi.
- Məktəblərdə kişi müəllimlərinin sayı azalıb. Sizcə, şagirdlərin formalaşmağında kişi müəllimlərin təsiri var?
- Bu gün elə kişi müəllimi var ki, qadın kimi bir şeydi. Danışıqca, hərəkətcə, xaraktercə… Onlar nəyi dəyişəcək? Elə qadın müəllimləri var ki, onlardan daha cəld, xarakterli, cəsur və tələbkardır. Mən onları fərqləndirməyi doğru hesab eləmirəm. Amma bu sayın olması önəmlidir. Adətən qadınlar üçün məktəb fakültativ iş, kişilər üçün isə əsas iş sahəsidir. Əsas iş sahəsində maaş az olanda onlar keçib taksi şoferi işləyir, mağaza işlədirlər ki, evə daha çox pul gətirsinlər. Qadının isə gətirdiyi 150 manat ailənin büdcəsinə yardımçı funksiyası daşıyır. Ən azı öz xərclərinin bir qismini ödəyir. Ailənin yükü kişinin üzərində olanda müəllim maaşıyla çətin olur. Tək kişi müəllimlərin sayı azalmayıb. Həm də savadlı müəllimlərin sayı azalıb. Savadsız və vicdansız müəllim əvəzinə savadlı və vicdanlı müəllim alternativi olmalıdır.
- Müəllimin şagirdi döyməsinə necə baxırsınız?
- Müəllim bizi də xətkeşlə vurub. Məsələn, Almaniyada bu qəbul edilməzdi. Çünki hər kəs öz funksiyasını yaxşı bilir. Valideynlər özləri də evdə uşağı vurmur, çığırmırlar. Mən azərbaycanlı ailə tanıyıram ki, Almaniyada yaşayır. Evdə uşağa söz deyəndə narahat olur ki, birdən gedib bağçada deyər, dərhal evə polis gələr. İnsana uşaq bağçasından belə şəxsiyyət kimi baxılır. Ona görə də bizdə eyni metodu tətbiq etmək bəzən problemlər yaradır. Müəllimə uşağı vurmağa icazə vermirsən, amma evdə özün uşağı təhqir edirsən, döyürsən. Bir söz deyim, müəllimin yaxşı uşağı döymək ehtimalı yoxdur. Ən vicdansız müəllim belə ona maneçilik törətməyən uşağı döyməz. Uşaqlar var, elə ədəbsizlik edirlər ki, valideyn özü belə dözə bilmir. Amma məktəbdə müəllim uşağa təpinəndə sanki valideynə bir əzizlik gəlir, başlayır uşağı qorumağa. Təbii ki, uşağı şlanqla döymək vəhşilikdi. Buna yol vermək olmaz. Amma müəllim xəsarət yetirmədən şagirdini xətkeşlə barmağından vurursa ki, dərsini daha yaxşı oxusun, yanındakı yoldaşına mane olmasın, bunu şişirtmək olmaz. Çox vaxt bunu şişirtmək məqsədyönlü xarakter daşıyır. Müəllimin uşağı döyməyini də təbliğ eləmək lazım deyil. Amma çıxış yolu yoxdursa, müəllimi də qınamaq olmaz. Əgər valideyn özü tərbiyə edə bilmirsə, müəllimə həvalə edirsə, o zaman qəbul etməlidir.
- Təhsilimizin vəziyyəti necədi? Sizi qane edir?
- Qatarı relsin üzərinə qatarı qoymasan hərəkət etməyəcək. İndiki uşaqlar ümumiyyətlə, relsin üzərinə qoyulmur axı. Təsadüfən xaricə gedən uşaq parlayır. Daxildə Azərbaycan universitetlərində məhv olur uşaqlarımız. Bizim universitetlərimizdə mühit yoxdu. Nə müəllim üçün, nə də tələbə üçün...