<b>"Bəxtimə ingilis dili müəlliməmizlə rəqs etmək düşdü"</b> - <span style="color:red;">MƏKTƏB İLLƏRİ
25 iyun 2015 13:00 (UTC +04:00)

"Bəxtimə ingilis dili müəlliməmizlə rəqs etmək düşdü" - MƏKTƏB İLLƏRİ

Birinci sinfə 1978-ci ildə gedib. Naxçıvanın Şərur rayonunun Maxta kənd orta məktəbinə. Ailədə son beşik olduğundan məktəb haqqında ilkin təsəvvürləri olub. Bu da onun məktəbə tez uyğunlaşmasına və sevməsinə kömək olub. Müsahibimiz  Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevdir.

 

Adil Əliyevin müəllimləri haqqında xatırladıqlarından.

 

- Bizim vaxtımızda müəllimlərə böyük hörmət vardı. Müəllim həm müəllim idi, həm tərbiyəçi, həm də valideyn. Gözəl müəllimlərim olub. Həm tələbkar, həm də kollektivlə rəftar eləməyi bacaran. Uşaq psixologiyasına bələd idilər. Uşağın nə istədiyini bir baxışla anlayırdılar. Rəhmətə gedib bəziləri. Lətif müəllim. Qurbanov Lətif. Yoldaşı da bizə dərs keçirdi. Özü həm ibtidai sinif müəllimimiz olmuşdu, həm də ana dili-ədəbiyyat. Çox yaxşı adam idi. Azərbaycançılığa, türkçülüyə çox önəm verirdi, milli məsələlərə diqqətlə yanaşırdı. Hərbi vətənpərvər ruhda yetişdirirdi bizi. Sovetin vaxtında vətənpərvərlik bir o qədər də təbliğ olunmurdu. Amma Lətif müəllim bizi milli ruhda böyüdürdü. Fransız dili müəllimim Məhəmmədəli müəllimlə indiyə kimi münasibətimiz var.

 

- Həyatınıza yön verən müəllimləriniz olub?

 

- Qardaşlarım. Onlar mənim üçün həm qardaş, həm də müəllim olublar. Qardaşlarımın yaşayışı, həyat tərzi mənim üçün nümunə idi. Mayak kimi onlara istiqamətlənib yaşamışam. Bundan başqa, cüdo müəllimim Ruslan Abdullayev. Yaxşı müəllim, yaxşı insan idi.

 

- Parta yoldaşınız?

 

- Hər sinifdə bir başqasıyla otururdum. Əsas yadımda qalan Salmandır. Sonra Vəli, Bəxtiyar.

 

- Ancaq oğlanlar? Adətən bir qız, bir oğlan otuzdururlar.

 

- Yoo, bizdə elə deyildi. Oğlanla oğlan, qızla qız otururdu.

 

- Məktəb yolu necəydi?

 

- Çox rahat. Naxçıvanın qışı sərt, yayı da çox isti olur. Ancaq buna baxmayaraq biz çox sağlam idik. Qışda soyuq hiss eləmirdik. Məktəbimiz isti olardı. Kömürlə qızdırardılar. Təndiri üzüm tənəkləri ilə qalayardılar.

 

- Ən sevdiyiniz fənn?

 

- İdman (gülür). Məktəb vaxtında güləşlə məşğul olurdum deyə, idmanda çətinlik olmurdu. Fizika və kimyanı heç xoşlamamışam. Açığı, anlamırdım. İndiyə kimi də mənə qaranlıq qalan fənlərdir.

 

Yeddinci sinifdən sonra o, seçim qarşısında qalır. Qərar verməliydi. Ya kənddə qalıb, təhsili davam etməli, ya da idmanı seçməli və elini-yurdunu qoyub Bakıya gəlməliydi. Adil Əliyev idmanı seçir. İdmana olan marağı və sevgisi onu Bakıya gətirir. 1983-cü ildə İdman Təmayüllü İnternat Məktəbinə.

 

- Kənddə oxuduğum vaxtları çox xatırlamıram. Məktəb kimi yadımda qalan Bakıda oxuduğum illərdir. Son üç-dörd il, hansı ki, mən Bakıda oxudum. Yaddaşımda daha çox o illər qalıb. Məndən böyük bacı-qardaşlarım Bakıya köçmüşdü. Kənddə tək mən qalmışdım. Valideynlərim sağ ikən buraxmırdılar. Anam istəyirdi, son beşik yanlarında qalsın. Böyük idmana həvəs çox idi. Böyük idman üçün də böyük meydan lazım idi. Bakıdan başqa hara getmək olardı?! SSRİ-də 15 respublikanın hər birində İdman təmayüllü internat məktəb vardı. Odur ki, gəldim Bakıya. Gecə qalır, gündüz oxuyurduq. Gündə iki dəfə idmanla məşğul olurduq. Gözəl məktəb idi. Gündə beş dəfə yemək verildi. Həkimlərin, tərbiyəçilərin nəzarəti vardı.

 

- Kənddən şəhərə köçmüsünüz. Başqa mühit, başqa aləm. Adaptasiya çətin olmadı?

 

- Başqalarına baxanda məndə normal oldu. Bizdə əksəriyyəti rayon uşaqlarıydı. Azərbaycanın bütün bölgələrindən vardı. Bu gün Azərbaycanda idman aləmində tanınanların əksəriyyəti bizim məktəbin məzunudur. Xəzər İsayev, olimpiya çempionu Nazim Hüseynov və sairə.

 

- Dalaşqan olmusunuz?

 

- Yox, dava axtaran olmamışam. Ancaq davadan da qaçmamışam.

 

- Dərsdən qaçmısınız?

 

- Dərsdən qaçırdıq, amma idmandan yox. İdman hər kəsin marağındaydı. Çünki yarışlar olurdu. Hamı da qalib olmaq istəyirdi. Hərdən dərsdən qaçıb restorana gedirdik. Şəhəri yaxşı tanıdığım üçün təşkilatçılığı mən edirdim. İçərişəhərdə böyük qardaşımın evi vardı. Rayonda işlədiyindən ev tez-tez boş qalırdı. Sinif yoldaşlarımız yığıb aparırdım qardaşımgilə.

 

Sevgi-məhəbbətsiz məktəb illərini təsəvvür etmək mümkün deyil. Təbii ki, onlar da məktəb illərində sevib-seviliblər.

 

- Bizim sinfimizdə qız yox idi. Amma rus bölməsində idmançı qızlar çoxuydu. Sevgimiz də çox olub. Ancaq hamısı uşaq sevgisiydi. Ötəri.

 

Bizə məktəb illərində yaşanmış gülməli hadisəni danışır.

 

- Sinif yoldaşlarımın əksəriyyəti rayon uşaqları idi. Uşaqlar rayondan gələndə müəlliməyə hərə bir şey gətirərdi. Öz həyətlərində bitəndən, yetişəndən. Hacıqabuldan bir sinif yoldaşımız vardı, Şahin İmanov. Şahin tətildən gələndə iki gün yubanmışdı. Müəllimə də gözləyirdi ki, o gələndə gecikdiyinə görə, yəqin ona nar gətirəcək. Şahin gəldi. Müəllimə dedi ki, sizə nar gətirmişəm. Müəllim də dedi ki, yaxşı, gətir. O da getdi, əlində iki dənə narla qayıtdı. Müəllimə də götürüb narı onun başına çırpdı ki, narın başına dəysin. İki gündü yubanmısan, günə bir nar gətirmisən?!

 

- Özünüz sovet təhsili almısınız, övladlarınız indiki təhsili. Sovet təhsili ilə bugünkü təhsili necə müqayisə edərdiniz?

 

- Onu deyə bilərəm ki, sovet vaxtının müəllimlərin maaşları bəs edirdi. Onlar çox xoşbəxt yaşayırdılar. Bugünkü müəllimlər maaşların az olması ilə bağlı şikayət edirlər. Ayrıca, mənim müəllimlərə iradım var. Pedaqoq yetişdirən universitetlərin özünün problemi var. Hər qrupda hamı yaxşı oxumur axı?! Yaxşı oxumayan da diplom alır, əlaçı da. Qrupda beş-altı nəfər yaxşı oxuyur. O əlaçı tələbə də hansı rayona, hansı məktəbə qismət olur, Allah bilir. Ancaq qalanları da müəllim kimi fəaliyyət göstərir.

 

Və son zəng...

 

- Son zəngdə uşaqlar arasında oyun keçirilirdi. Günəbaxan gülü kimi bir şey düzəltmişdilər. Hər ləçəyində bir sual, yaxud məzəli tapşırıq vardı. Mənim də bəxtimə ingilis dili müəlliməmizlə rəqs eləmək düşdü. Biz rəqs edəndə bütün məktəb bizə tamaşa edirdi. Demək olar ki, son zəng görmədim. Sabahı gün artıq mən “voenkomat”a getdim. Sənədlərimi Ali Hərbi Dənizçilik Məktəbinə vermişdim. Son zəngin ertəsi günü məktəbə çağırış başlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5499
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar