“Xudu Məmmədov yanımda can verdi ”  – Rasim Müzəffərli ilə MÜSAHİBƏ
27 yanvar 2025 14:32 (UTC +04:00)

“Xudu Məmmədov yanımda can verdi”  – Rasim Müzəffərli ilə MÜSAHİBƏ

Lent.az-ın müsahibi bəstəkar, şair, filosof, “Ozan” rok qrupunun yaradıcısı Rasim Müzəffərlidir. O, daha çox “Pəncərə”, “Neylərəm”, “Batmış gəminin mahnısı” nəğmələri və “Rekviem” ilə tanınır.

- Rasim bəy, istərdim, uşaqlığınızdan, musiqiyə ilk marağınızdan danışasız.

- Ailəmdə peşəkar musiqiçi olmayıb. Amma həm atamın, həm də anamın gözəl avazı olub, oxuyublar. Atam tar ifa edirdi. Musiqi tərbiyəm demək olar ki, anamın laylalarından və evimizdəki məclislərdən yaranıb. O vaxtı dəb idi, hamı evinə piano alırdı. Bizim evə ilk piano 1963-cü ildə alınıb. Onda mənim 5 yaşım var idi. Elə o dövrdən mən və qardaşım həvəskar kimi musiqi ilə məşğul olmağa başladıq. 7 yaşımda isə ilk şeirlərimi yazdım. İlk mahnılarımdan birini öz sözlərimə - “Ana” şeirinə bəstələmişdim. Həmin şeir sonradan 1969-cü ildə “Azərbaycan pioneri” qəzetində çap olunmuşdu. Bir də gördüm, məktəbdə hay-küy yayılıb ki, Rasimin şeiri çıxıb.

- Yadınızda qalıb o şeir?

- Ana, mehriban ana

Çörəyim, duzum ana

Arzum, diləyim sənsən

Mənim ulduzum ana...

O vaxtı “Xürrəmilər” və “Dağ Çiçəyi” rok qrupları var idi, bu mahnını ifa etmişdilər. Elə mən də bundan həvəslənib 1971-1972-ci illərdə ilk rok-n-rolllarımı, rok tərzində ilk mahnılarımı bəstələmişəm. 7-8-ci sinifdə oxuyanda bu mahnılar “Xürrəmilər” qrupunun ifasında müxtəlif festivallarda səslənirdi. Bunlar Azərbaycan dilində bəstələnmiş ilk rok mahnılarından idi. 1972-ci ildə Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyim “Gəz” mahnısı isə Azərbaycanda ilk rok-n-roll hesab olunur. Musiqiçi kimi formlaşmağımda ud ifaçısı rəhmətlik Yasəf Eyvazovun böyük rolu olub. Yasəf məktəbdə şagirlərdən ibarət ansambılın rəhbəri idi. Məni o ansambıla dəvət etdi. İlk dəfə Cahangir Cahangirovun “Ana” mahnısı ilə əvvəlcə məktəbimizdə, daha sonra isə böyük səhnələrdə oxudum. 5 il tar məktəbində təhsil almışam, onun da mənim yaradıcılığıma təsiri olub. 8-ci sinifdə tar məktəbini bitirdim. Tar məktəbində də gəlib bizi yoxlayıb, səsi olanları seçirdilər. O vaxtdan dostluq etdiyim musiqiçi Abbasqulu Nəcəfzadəni və məni “Qırmızı qərənfil” ansambılına dəvət etdilər.

7-ci sinifdə oxuyanda ilk dəfə xarici ölkədə, Bolqarıstanda səfərdə oldum. “Ana” mahnısını ifa etmişdim. Orada yaşayan türklər mənə yaxınlaşıb təşəkkür edirdilər. Bir azərbaycanlının gəlib orada mahnı oxuması onlar üçün təsirli idi.

Yuxarı siniflərdə artıq rokla məşğul olmağa başladım. O vaxtkı rok qrupları mahnılarımı ifa edirdilər. Lakin səhnəyə çox az çıxırdım. Həmin rok qrupları da mənə uşaq kimi baxırdılar. Səsim də uşaq səsi idi. İndikindən fəqli olaraq çox yaxşı zil səsim vardı. Öz rok qrupumu isə tələbəlik illərində Moskvada yaratmışdım. Həmin illər o rok qrupu ilə bir çox şəhərlərdə çıxış edirdik. 1980-ci ildə isə Moskvada keçirilən olimpiadanın mədəni proqramında iştirak etdik. O olimpiadaya gələn idmançılar bizim konsertlərimizə gəlirdilər. Bu qrupun adı isə “Muz semestr” idi. Hamı onu “muzikalni semestr” kimi görürdü, amma mənim üçün o “Müzəffərli semestr” idi (gülür).

- Adınız Çingiz Mustafayevlə yanaşı çəkilir. Onunla tanışlığınız necə oldu?

- 1981-ci ildə “Ozan” qrupu yaradılandan sonra biz Azərbaycan Televiziyaslında da çıxış etməyə başladıq. O vaxt Nazim Zeynalov oranın baş rejissoru idi. Gənclərlə bağlı "Ekspromt" adında bir veriliş hazırlayırdıq. Lakin arada fürsətdən istifadə edib ictimai-siyasi məsələlərə də toxunurduq. Bir dəfə Nazim müəllim mənə dedi ki, bir cavan oğlan var, onunla tanış ol, məncə, sizinki tutar. Beləcə Çingizlə tanış olduq. İlk tanışlığımızda görüşüb getdik bulvarda bir çayxanaya, bir də gecə yarısı qalxdıq.

- Nələrdən danışdız?

- Hər mövzudan danışdıq. Hamısını dəqiq xatırlaya bilmərəm. Özümüz haqqında, televiziyamızın hazırki vəziyyəti, gələcəyi və bir çox mövzularda, həmçinin birlikdə görə biləcəyimiz işlər barədə danışdıq. Elə o görüşdən sonra həmin o "Ekspromt" verilişində Çingizlə bir rubrika açdıq. Çingiz həmin rubrikanın aparıcısı idi.

Onun çox yaxşı texniki bacarıqları var idi. O vaxtı pultlar əldəqayırma idi. Elə şeylər satışda yox idi. Çingizin özü bir pult düzəltmişdi. "Ozan" qrupuna da həmin o aparatla gəlmişdi. Daha sonra "Ozan" qrupunda səs operatoru oldu. Sonradan səhnə rejissorumuza çevrildi. Səhnədə hansı hərəkətləri edəcəyimizi deyirdi. Amma biz onun sözünə bir o qədər də yaxşı baxmırdıq. Çünki Çingizin dediyi hərəkətlər bizim üçün yad idi. O tamamilə Qərb səhnə stilinə uyğun hərəkətlər deyirdi. "Ozan" qrupunun formalaşmasında Çingizin böyük rolu olub, ona görə də, mən onu "Ozan"ın bir üzvü kimi qəbul edirəm. Baxmayaraq ki, Çingiz o qrupun səhnəsinə cəmi bir mahnı ilə çıxıb - 1983-cü ildə rep tərzində bəstələdiyim "Dünənki keçdi" mahnısı.

- Bu, Azərbaycanın ilk repi idi...

- Bilirsiz necədir, istər ilk rok-n-roll olsun, istər rep olsun, bunları ilk dəfə bəstələmək məsələsində mənim sadəcə bəxtim gətirib. Məndən əvvəl bunu edən olmayıb. Çünki müasir, bütün dünyada məhşur olan musiqi tərzlərində bir boşluq var idi. Yoxsa mən düşünməmişəm ki, Azərbaycanda ilk repi, ilk rok-n-rolu bəstələyim. Sadəcə bəxtim gətirmişdi ki, məndən əvvəl heç kim bəstələməyib. Özü də "Dünənki keçdi" mahnısının rep tərzində olması ideyasını Çingiz verib. Hətta ilk dəfə repi bizə Çingiz dinlətdi və dedi ki, belə bir şey bəstələyin. Elə məşq zamanı mən ayrıca bir otağa çəkilib sözlərini yazdım və aranjımanı etdik. Çingiz çox səhnə həvəsində idi. Onun vokal imkanları zəif olsa da, səhnəyə çox yaraşırdı və qəşəng səhnə davranışları var idi.

Qərara gəldik ki, bu mahnını Çingiz özü oxusun. O, eyni zamanda həm səs rejissorluğunu edib, həm də ifa etdi. Bu çox çətin idi. Ondan başqa belə bir nümunə tanımıram. Özü də o vaxtı olan imkanlar içərisində bu, ümumiyyətlə, mümkünsüz idi. Bir tərəfdən əlində mikrofonla oxuyur, digər tərəfdən isə pultu idarə edirdi.

Bilirsiz, Çingiz cəmi 8 ay reportyorluq edib, amma adını Azərbaycan tarixinə qanlı və qızıl hərflərlə yazdı.

- Çingiz Mustafayevə həsr etdiyiniz "Rekviem" var. Necə oldu onu bəstələdiz?

- Dost itkisi çox ağırdır. Çingizlə səhərdən axşama qədər bir yerdə olurduq. Ailəmdən çox Çingizlə vaxt keçirirdim. Ona görə də, dost itkisi ağırdırsa, Çingizin itkisi daha ağır idi. O xəbərin üstündən təqribən 1 həftə keçmişdi, axşam evə gəldim, özümdən asılı olmayaraq gitaranı götürdüm. Başladım gitaranı elə-belə "dınqıldatmağa" və inildəməyə. “Rekviem”, əslində, mənim iniltim idi. Bu, bir kişi iniltisi idi. Dost üçün yanğı idi. Mən uzun illər rekviemi canlı ifa edə bilməmişəm. Hətta bir dəfə ANS televiziyasında Çingizə həsr olunmuş verilişdə canlı efirdə ifa etməyə çalışdım, alınmadı. O dəqiqə səsim tutuldu, qəhərləndim. İlk dövrlər heç onun adı "Rekviem" də deyildi. Həmin dövrdə Vahid Mustafayev bir veriliş hazırlayırdı. Mən də o kaseti gətirdim ki, belə bir şey hazırlamışam, bəlkə, filmdə fon musiqisi kimi istifadə etmək olar. Onlar da bəyəndilər. Dedilər, bunun adı nədir? Dedim, adı yoxdur, elə olsun Çingizə həsr olunmuş “Rekviem”. Daha sonra formalaşmış ifa isə 1995-ci ilə aiddir. Həmin il Vahid Mustafayev mənə dedi ki, gəl sənin mahnılarını səsyazma edək, sonra it-bat olmasın. Hazırda məndə onlardan başqa həmin illərdən qalan heç bir səsyazma yoxdur.

Həmin dövrdə musiqi ilə nisbətən az məşğul olurdum. Daha çox iş adamı kimi fəaliyyət göstərirdim. Çünki o vaxt Azərbaycanın ilk banklarından birini yaratmışdım. "Renessans" bank. Mənim və ortaqlarımın idi. Amma onun əsas kapitalını daha əvvəl qurduğum "Azərservis" şirkəti təmin etmişdi. Bu da Azərbaycanın ilk özəl şirkətlərindən biridir.

- "Əhsən bu tamaşaya

Düzlən sıraya

Girov quzularla yarışmaya" - "Ey sən" mahnısından olan bu hissəni necə şərh edərsiz? Nə deməkdir girov quzularla yarışma?

- Doğrudan da, 1980-in sonu, 1990-ın əvvəli  Azərbaycanın ən təlatümlü dövründə yazılmış sözlərdir. "Ey sən" müraciəti hər birimizə idi. Həm adi vətəndaşlarımıza, həm o dövrdə qabağa düşənlərə, həm də düşmənlərimizə. Bunun açmasını dəqiqliyi ilə demək istəməzdim. Sadəcə bəzi işarələr verəcəm. Çünki mücərrəd düşüncə tərzi var insanlarda. Qoy hərə özünə görə qəbul etsin. Hərənin öz "Ey sən"i, "sürüsü", "sandığı", "yastığı" var. Burada bir ictimai məna da var. Təəssüf ki, həmin dövrdə xalqımızın böyük bir hissəsi o hadisələrin, Sovet ideologiyasının, müharibə törədənlərin, siyasətçilərin girovu idi. Girov quzularla yarışmaq çox asandır. O quzuları hərə bir tərəfə dartırdı. Bunu tamaşaya çevirənlər də vardı. Sonuncu bəndə fikir verin:

"Cıracam pərdəni, açacam pəncərəni,

uçacam göylərə, baxacam yerlərə.

Nifrət edəcəm, nifrət edəcəm sevə-sevə.

Mən qayıdacam evə".

Burada bədiilik var, o öz yerində. "Nifrət edəcəm sevə-sevə " - bu, bizim həm vətənimizə, həm yuxarıdan baxıb gördüyümüz torpağımıza, həm də elə Qarabağımıza aiddir. Çünki orada həm sevgi var, həm də nifrət. Nifrət düşmənə idi. Yaxşı olar ki, o dövrlərdə formalaşmış nifrət tam yox olmasın. Tarix göstərir ki, hər şey spiralvari davam edir. Bir də görəcəyik ki, hansısa bir dövrdə o nifrətə ehtiyac olacaq. Ona görə də, gərək tarixi yaddaşımız o nifrəti unutmasın, nəsildən-nəslə ötürsün. "Mən qayıdacam evə" ifadəsi isə əminliyin ifadəsi idi. Öz torpağımıza, öz evimizə, məhəlləmizə qayıdacağıq. Necə ki, qayıtdıq da.

- Rasim Müzəffərli hələ də "üzü küləyədir"?

- Başqa bir şeirimdə belə bir ifadə var:

"İnsan anlayanda acizliyini

Fələyin çarxıyla bir də döyüşmür".

Əlbəttə, demək olar ki, bir çoxumuz istər günlük həyatımızda, istər ictimai həyatımızda üzü küləyə gedirik. Bu, həmişə var. Amma həmin dövrün "üzü küləyə"si ilə indiki dövrünkü arasında çox fərq var. O dövrdə bir romantizm vardı, adam külək axtarırdı ki, onun əksinə getsin. Burada bir gənclik maksimalizmi də var. Hər şeyə qarşı olmaq, üsyan etmək həm də rokçuların əsas xüsusiyyətlərindən biridir. İnsan öz çarəsizliyini anlayanda həm də başa düşür ki, külək sənin istəyinə doğru əsmir. Taleyin də öz gərdişi var. Müxtəlif dövrlərdə, sistemlərdə o küləklər də, üzlər də fərqli olur.

- Həmin dövrdə Xudu Məmmədov, Bəxtiyar Vahabzadə kimi insanlar rok qruplarına dəstək olurdular. "Ozan" qrupunun Xudu Məmmədovla əlaqəsi var idi?

- Bəxtiyar Vahabzadə məni lap əvvəldən onun şeirlərinə mahnı bəstələyən bir uşaq kimi tanıyırdı. "Sən getdin", "Neylərəm", "Gəz", "Unutmaq istərəm"  kimi mahnıların sözləri ona aiddir. Lakin sonradan Bəxtiyar müəllim öz dostu Bəkir Nəbiyev vasitəsilə məni tapmışdı. Bəkir Nəbiyev həm də mənim qardaşımın qayınatasıdır. "Ekspromt" verilişində mən demişdim ki, niyə orta məktəblərdə Azərbaycan bölməsində rus dili dərsinə ayrılan vaxt riyaziyyata ayrılan vaxtdan çoxdur? Bu fikir Bəxtiyar müəllimin diqqətini çəkmişdi. Bəxtiyar Vahabzadə məni evinə dəvət etmişdi. Ondan sonra mütəmadi olaraq görüşürdük. Onun şeirlərinə bəstələdiyim mahnılardan da danışırdıq. Məsələn, mahnı bəstələdiyim belə bir şeiri var:

Mən sərxoş olmuşam gülün ətrinə

Dərmək insafsızlıq, dərməmək zülüm

Biz yola çıxmışıq yolun xətrinə

Nə mənzil bəllidir, nə məqsəd, gülüm.

Olduqca ciddi ictimai-siyasi yükü olan bir şeirdir. Bəxtiyar Vahabzadə sonda "gülüm" xitabı işlətməklə mənanı tam dəyişib. Lakin bu mahnını rok tərzində oxuyanda tamamilə çevrilib protest olurdu.

- Bəs Xudu Məmmədov? Bir alimin sizinlə əlaqəsi nə üzərində idi?

- Xudu Məmmədovla bizim münasibətimiz musiqi, ədəbiyyatla yox, sırf həmin dövrdə baş verən ictimai-siyasi hadisələrlə bağlı idi.

1988-ci ildə Üzeyir Hacıbəylinin ev muzeyində ovaxtkı xalq hərəkatının iştirakçıları olan müxtəlif təşkilatların rəhbərlərinin də olduğu tədbir keçirilirdi. Xudu Məmmədov çıxış edib oturandan sonra mənim yanımda keçindi. Bu hadisə mənə çox təsir etmişdi. Özü də Xudu müəllim çox gözəl çıxış etmişdi. Təəssüf ki, yerdən söz atanlar var idi. Bu da onu əsəbiləşdirmişdi. Sonradan o adamlar tanındı, bilindi. İndi onların adlarını çəkib ürək bulandırmaq istəmirəm.

Xudu Məmmədov o vaxt "Qayğı" cəmiyyətinin, mən isə "Cəngi" birliyinin rəhbəri idim. Əqidəcə bir-birinə yaxın işlərlə məşğul idik. Xudu Məmmədovun vəfat etdiyi həmin iclas, əslində, "Cəngi" birliyində keçirilməli idi. Amma KQB bizi mühasirəyə almışdı, qonaqları "Cəngi"yə buraxmadılar ki, iclas baş tutmasın.

- O iclasda nələr müzakirə edilirdi?

- O iclaslar Azərbaycanda müstəqillik uğrunda hərəkatın başlanğıcı idi. İclaslarn təşkilatçıları "Cəngi" birliyi,  Fərhad Bədəlbəylinin rəhbərliyi ilə Bakı İncəsənət Mərkəzi idi. Həmin mərkəzin direktoru heykəltəraş Ömər Eldarovun oğlu Müslüm Eldarov idi. Hətta bir neçə dəfə Ömər Eldarovun emalatxanasında da gizli iclaslarımız olub.

- 1990-cı il yanvarın 20-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binası üzərinə yazı yazmışdız...

"Qanlı Qarbaçov, sən cəlladsan

Yaşasın, SSRİ-siz azad Azərbaycan"

- O yazını mən yazmamışdım. Amma oun yazılmasının təşəbbüskarlarından idim. İki nəfər idik, mən və Müslüm Eldarov. Həmin dövrdə bizim çox sıx münasibətimiz var idi.

20 Yanvar hadisəsi baş verəndən sonra müzakirə edəndə bu fikir yarandı. O yazını yazanlar isə Bakı İncəsənət Mərkəzinin və "Cəngi" birliyinin uşaqları idi.

- Həmin dövrdə Rusiyada "Akvarium", "Kino" kimi qruplar xaricə - Avropaya, Amerikaya gedib daha da böyüdülər. Bəs "Ozan"ın belə bir imkanı oldumu?

- "Ozan" qrupuna belə təkliflər Türkiyə, Ukrayna bə Rusiyadan olub. Amma biz hesab etmişik ki, bizim musiqimiz Azərbaycan musiqisidir və muğam-rok ifaçısı olmuşuq. Bizdən sonra "Karvan" qrupuna Türkiyədən dəvət gəldi və gedib orada bir müddət işlədilər. 1990-cı ilin 20 Yanvar hadisəsindən sonra "Ozan" qrupu fəaliyyətini tam dayandırdı.

- Niyə dayandırdı?

- Daha çox ictimai-siyasi vəziyyətə görə. Bir tərəfdən artıq subaylıq daşını atmışdıq. Digər tərəfdən isə o hadisədən sonra elə bil ki, mahnı oxumağın yeri deyildi.

Düzdü, bizə deyirlər ki, siz öz mahnılarınızla insanları səsləyə, protes edə bilərdiz. Nə bilim, o dövrdə bu cür qərar verdik...

- 1987-ci ildə Bakı-Aktau gəmisi ilə Qazaxıstanda keçirilən "Xəzər dostluq dənizidir" festivalına gedəndə yolda Əzizə Mustafazada ilə  rastlaşmısız. Necə baş verdi bu?

- Biz "Ozan" qrupu olaraq o festivala gedirdik. Azərbaycandan bizdən başqa Əzizə Mustafazadə gedirdi. O da anası ilə birlikdə gəmidə idi. Əzizə Mustafazadənin, səhv etmirəmsə, 17 yaşı var idi. Əzizə çox istedadlı idi. Biz gəminin qarderobunda sakit bir yer tapıb məşq edirdik. Əzizə də gəldi yanımıza. Bizim etdiklərimiz xoşuna gəldi və başladı bizim mahnılarımızı zümzümə etməyə. Əzizəyə təklif etdim ki, bəlkə, birlikdə nəsə edək? O da razılaşdı.

Təsəvvür edin, piano da yox idi. Əzizə əlləri ilə imitasiya edə-edə məşq etməyə başladı. Beləcə məşq etdik. Sonra səhnədə bunu cəmi 5 dəqiqə məşq etmək imkanı olmuşdu. "Vokaliz" mahnısını ifa etdik. Və biz o qran-pridə 1-ci yerə çıxdıq.

- Rasim Müzəffərli nəyi yanlış edib?

- Çox şeyi. Amma yenidən etsəydim, yəqin, yenə o cür edərdim. İnsanların ən yaxşı saxladıqları sirr öz səhvləridir. Həmişə Allaha bu səhvlərdən keçməsi üçün dua edirəm.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23322

Oxşar yazılar