Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ilin may ayı ərzində turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verdiyi bir sıra şirkətlərin adını açıqlayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, “Via Group”, “Smıle Travel”, “Talisman Travel”, “Qlobus”, “Master Holding”, “Pegas Tour”, “L.I Travel”, “Simurq S”və “Su-Travel” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə lisenziya verilib.
Həmçinin, nazirlik tərəfindən ötən ay “Premier Expo Hotel”, “Olimpik İdman və İstirahət Kompleksi”, “Göy Qurşağı” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə, fiziki şəxslər Surxayev Akif Şahnamaz oğluna “MM Butik Otel” istirahət mərkəzi, Məmmədova Göyərçin Mehdi qızına “Bata-Bat” istirahət mərkəzi, Abidov Baba Abid oğluna “LT Otel” mehmanxanalarının fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.
Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyi may ayında Bakı şəhəri - “Hilton Hotel Baku” mehmanxanası (5 ulduz), Şamaxı - “Samaxı Palace Platinum by Rixos” mehmanxanası (5 ulduz), Qəbələ rayonu - “Qafqaz Resort Hotel” mehmanxanası (5 ulduz), “Duyma” mehmanxanası (4 ulduz), Mingəçevir şəhəri - “River Side“ mehmanxanası (4 ulduz) dərəcə sertifikatları verilib.
Qeyd edək ki, bununla da, respublikada xüsusi razılıq əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 290-a, mehmanxanaların sayı 328-ə, təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 80-ə çatıb.