1946-cı ildə Harvard Hüquq Məktəbinin 27,50 dollara aldığı əlyazmanın 1300-cü ilə aid orijinal Maqna Karta (Tacdakı inci) olduğu ortaya çıxıb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, London Kral Kollecinin orta əsrlər tarixi professoru Devid Karpenter Harvard Hüquq Məktəbinin rəqəmsal arxivində “Maqna Kartanın qeyri-rəsmi nüsxələrini” axtararkən sənədlə rastlaşanda dərhal onu tanıyıb.
Karpenter həyəcanla həmkarına professor Nikolas Vinsentlə əlaqə saxlayıb və kəşfini təsdiqləyib: "Mən onu tıklayanda bir hüquq kitabını gözləyirdim, amma əldə etdiyim 1300-cü ilə aid orijinal Maqna Karta idi".
Sənədin mənşəyi və hekayəsi
Harvard Hüquq Məktəbinin Kitabxanası sözügedən sənədi 1946-cı ildə Londonda yerləşən Sweet & Maxwell nəşriyyatından hərracda alıb.
Açıqlamalara görə, sənəd əvvəllər Birinci Dünya Müharibəsi pilotu Maynardın kolleksiyasında olub. Maynard bu sənədi köləliyə qarşı kampaniyaları ilə tanınan iki fəaldan miras alıb.
Maqna Karta niyə əhəmiyyətlidir?
Magna Carta ilk dəfə 1215-ci ildə İngiltərədə nəşr olunan mətndir və "kral da daxil olmaqla hər kəs qanuna tabedir" prinsipini ortaya qoyur. Bu gün qanunun aliliyinin, insan hüquqlarının və konstitusiya dövlət prinsiplərinin tarixi başlanğıc nöqtəsi hesab olunur.