Rusiyanın Moskva Vilayət Məhkəməsi kriminal dairələrdə daha çox “Xobot” kimi tanınan 64 yaşlı “qanuni oğru” Andrey Belyayev-Voznesenskini 8 il 2 ay müddətinə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum edib.
Lent.az xəbər verir ki, o, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda təqsirli bilinib. Bu artıq Belyayevin doqquzuncu məhkumluğudur.
Müdafiə tərəfi Xobotun səhhətinin ağır olduğu üçün cəzadan azad edilməsini xahiş edib.
Xatırladaq ki, 2023-cü il aprelin 5-də Belyayev-Voznesenski görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar Udmurt həbsxanasından vaxtından əvvəl azad edilib.
29 iyun 2023-cü ildə “qanuni oğru”ya qarşı cinayət iyerarxiyasında yüksək vəzifə tutma maddəsi ilə yeni iş açılıb. Xobot ona qarşı irəli sürülən ittihamlarla razılaşıb və günahını etiraf edib, lakin ifadə verməyib.
Xobot 1995-ci ildə köhnə formasiyanın nüfuzlu Moskva “qanuni oğru”su, daha çox “Savoska” kimi tanınan Vladimir Savoski tərəfindən taclandırılıb.