Bu gün Gəncə Dövlət Dram Teatrında xalq artisti Ələddin Abbasovla vida mərasimi keçirilib. Lent.az-ın vida mərasimində iştirak edən əməkdaşının verdiyi məlumata görə, mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Regional Elm Mərkəzinin direktoru, xalq artistləri Şahnaz Haşımova, Pərvanə Qurbanova, eyni zamanda mərhumun sənəd yoldaşları, ailə üzvləri iştirak ediblər.
Vida mərasimi mərhumu bir dəqiqəlik sükutla başlayıb. Daha sonra çıxış edən Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov Ə. Abbasovun sənət fəaliyyətindən danışıb: “Ələddin müəllimi neçə dəfə Bakıda işləməyə dəvət etsələr də, o, Gəncə teatrını tərk etmədi. Onun itkisi nəinki Gəncə teatrı üçün, bütövlükdə Azərbaycan mədəniyyəti üçün itkidir. Azərbaycan mədəniyyəti öz Cahandar ağasını itirdi”.
Daha sonra çıxış edən icra başçısı E. Vəliyev vurğulayıb ki, Gəncə mədəniyyəti bu gün ağır itki ilə qarşılaşıb: “Allah böyük sənətkarımıza rəhmət etsin. Yaxınlarına, bütün Ələddin Abbasov sevənlərə səbr diləyirəm”.
Mədəniyyət və Turizm Nazirliyinin başsağlığı məktubu oxunduqdan sonra “Ana Kür” mahnısının sədaları altında xalq artisti dəfn olunmaq üçün Gəncə Fəxri Xiyabanına aparılıb.
Qeyd edək ki, Ə. Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. Sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub. "Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.