Təlatümlü eşqlər  və intriqa – İlk 15-liyə düşən FİLMLƏR
26 aprel 2022 15:32 (UTC +04:00)

Təlatümlü eşqlər və intriqa – İlk 15-liyə düşən FİLMLƏR

Kino tarixi bir-birindən böyük sevgi hekayələri ilə doludur. Təlatümlü eşqlər və intriqa dolu münasibətləri sevənlər üçün psixologiyanızı çalxalayacaq, bəlkə də sizi 180 dərəcə dəyişəcək filmləri bir araya gətirdik. 

Lent.az xəbər verir ki, siyahımızın zirvəsində Yavuz Turqulun 2005-ci ildə ərsəyə gətirdiyi “Könül yarası” filmidir. Baş rollarda Şener Şen, Timuçin Esen və Meltem Cumbulun olduğu bu filmdə İstanbula gəlib müxtəlif işlərdə çalışan Nazim adlı müəllimin barda işləyən Dünya adlı qadına aşiq olmasından bəhs edilir. Nazim Dünyaya və onun qızına sahib çıxır. Bu arada qadının keçmiş əri Halit isə ona hələ də aşiqdir və hadisələr bundan sonra həyəcanla cərəyan edir. 

İkinci yerin sahibi “Masumiyyet” filminin başlanğıc hekayəsi olan “Kader” filmidir. Rejissoru Zeki Demirkubuz, baş rolları Ufuk Bayraktar və Vildan Ataseverin bölüşdüyü bu film iki gəncin qarşılıqsız sevgisindən bəhs edir. Uğuru dəlicəsinə sevən Bekiri zorla evləndirirlər, hər dəfə bir araya gəlirlər, lakin bu sevginin amansız acısını iki tərəf də çəkir. 

“İçində yaşadığım dəri” (The Skin I live in) filmi siyahımızda 3-cüdür. Bu hekayə bir çoxunun fikirlərini bir-birinə qatacaq. Belə ki, qızına təcavüz edən adamdan intiqam almaq istəyən bir estetik cərrahın hekayəsi ekranlaşdırılıb. Həkim Robert Ledgard maşın qəzasında yanan həmin təcavüzkarı yeni dəri növü ilə qadına çevirir. Bundan sonra hadisələr tamam fərqli cərəyan edəcək, çünki həkim yaratdığı varlığa aşiq olur. Filmin peşəkar rol ifaçıları Antonio Banderas, Elena Anaya və Jan Cornetdir. 

4-cü yer – Bill Murray və Scarlett Johansson olan “Bir danışa bilsə...”(Lost in Translation) ekran əsəri ən təsirli filmlərdəndir. Münasibətləri passiv bərbad olan Şarlotta və Harris ayrı-ayrı dünyaların adamlarıdır. Özünü evliliyin əsiri hesab edən Şarlottanın yetkin bir şəxslə təsadüfən qarşılaşması sentimental izləyiciləri həyəcanlandıracaq. 

5-ci yeri tutan “Sevgi halları”(The Disappearance of Eleanor Rigby) kimi təlatümlü bir film iki evli gəncin, onların bitməyən davalarını ekranlara gətirir. Burada izləyicilər özlərini filmin içindəymiş kimi hiss etdirib, bir tərəfdən də heyranlıqla öz abı-havasında saxlayacaq. Rejissor oturacağında Ned Benson olan filmin rollarını James McAvoy, Jessica Chastain və Viola Davis məharətlə oynayır. 

6-cı pilləyə hakim olan unudulmaz rejissor Ingmar Bergmanın “Bir evlilikdən mənzərələr” (Scenes from a Marriage) filmi Johan və Marienne uçuruma gedən evliliklərini sonlandırmaq üçün qərar qəbul edirlər. Nə ayrı, nə də bir yerdə qala bilməyən cütlük bir-birilərinə psixoloji və fiziki olaraq zərər verməyə davam edirlər. Bu ekran əsəri izləyicilərini daim gərgin saxlayacaq.

7-ci yerin sahibi “Vertigo” (Ölüm qorxusu) filminin 1958-ci ildə çəkilməyinə baxmayaraq məşhur rol ifaçıları James Stewart, Kim Noak və Barbara Bel Geddes tərəfindən kinematoqrafiya aləmində tanıdılıb. Hadisələr “D`entre les Morts” romanından götürülüb və baş rolda manyakal aşiq olan varlı iş adamı arvadının arxasınca detektiv salır. Elə işlər də burada cızığından çıxır. Qeyd edək ki, film Hitchcock sinemasının ən vurucu filmlərindəndir. 

“Ehtiras səltənəti” (In the Realm of Senses) filmi siyahımızda 8-ci yerdə qərarlaşır. Burada seks işçisinin işlədiyi otelin müdirinə aşiq olması və irəliləyən zamanlarda çirkinləşən hadisə filmin əsas mövzusudur. İntim həyat və həzz ön plandadır, dalğalanan sevgi isə izləyiciləri özünə kilidləyir. Filmin rejissoru Nagisa Oshima 1976-cı ildə bu filmlə uzun müddət müzakirə obyektinə çevrilmişdi.

Dahi Krzystof Kieslowski ilə 9-cu yerin sahibi “Sevgi haqqında qısa film”(A Short film about Love) filmidir. Tomek adlı gəncin özündən yaşca böyük bir qadına dəli kimi aşiq olmasından bəhs edilir. Tomekin zehni və qəlbi çoxdan qaranlıqlara ensə də, qadın bu imkansız sevginin önünü kəsə bilmir. Bu film izləyən insan dərin düşüncələrə qapılır. Bir sözlə, izləməyə dəyər. 

10-cu yerdə olan “Divara qarşı” (Gegen die Wand) türk miqrant rejissor Fatih Akının zəhmətinin nəticəsidir. Çıxdığı dönəmlər çox tənqid edilən bu filmdə hər şey Cahitin psixiatrik xəstəxanada Sibellə tanış olmasıyla başlayır. Bəzi şərtlər altında evlənən bu cütlüyün qeyri-adi münasibəti onları uçuruma aparır. Film sevənlərin ümidsizliyə qapılmasını istəməzdik, amma hadisələr insanın psixologiyasına əsaslı təsir edir. 

Narkotik vasitələrin ön planda olduğu 11-ci yerdə olan “Yalnız cənnət bilir” (Heaven knows What) filmində iki gənc eşq yaşayır, amma biri digərini qarşılıqsız sevir. İkisi də narkoman olduğu üçün qeyri-müəyyən münasibət yaşayan gənclər nə etdiklərinin fərqində deyillər. Bu zaman baş verəcək hadisələri gözardımı edəcəklər, yoxsa?.. Baxanlar, biləcək. 

Siyahımızın 12-ci yerində yenə Scarlett Johanssonun rol aldığı və Adam Driverin də oynadığı “Evlilik hekayəsi”ndə (Marriage Story) bərbad münasibətləri və boşanma ərəfəsində olan evli cütlüyün hekayəsindən bəhs olunur. Filmdə hadisələri qızışdıran proseslər baş verir,  boşanmaq qərarı onları mənəvi cəhətdən kilometrlərlə ayrı düşürür. Film öfkə, hirs, emosionallıq, pərişanlıq və bir çox duyğuları yaşayan izləyiciləri ekran başından ayırmağa qoymur. 

13-cü pillədə intriqa və təlatümlü sevgini “Lolita” (1962) filmi özündə birləşdirir. Rejissor Stanley Kubrick 13 yaşlı qızla ona aşiq olan ziyalı yetkin adamın münasibətini ekranlaşdırıb. Gözü heç nəyi görməyən bu adam qıza daha yaxın olmaq üçün onun anası ilə evlənməkdən çəkinmir, arvadı öləndən sonra isə qızı da götürərək səyahətə çıxır. Film bir çoxlarında pedofiliyaya nifrət etdirəcək, bəzilərində isə saf və təmiz hissləri ön plana çıxaracaq. 

“The Reader” (Oxucu) - İkinci Dünya Müharibəsindən sonra Almaniyada bir gəncin özündən böyük Hannaya olan sevgisindən bəhs edən film siyahımızda 14-cüdür. Cütlük arasındakı bu sevgi nəfəskəsici formada davam etsə də, Hanna birdən-birə niyə yoxa çıxır? Bu sualın cavabı filmdə gizlənir...

Gəldik siyahımızın sonuna, sonuncu yerdə qərarlaşan, rejissoru David Fincher olan məşhur “İtkin qız” (Gone Girl) filmidir. Bir səhər evlilik ildönümlərində Amy anidən qeyb olur. Həyat yoldaşı isə sevimli arvadının yoxa çıxmasında məsuliyyət daşıyacaqdır. Səbəbləri isə çox maraqlı və konfliklidir. Ortada bir sual var: İtmiş qız tapılacaqmı?  

Belə... Film köşəmizdə ən təlatümlü, romantik və intriqalı filmləri təqdim etdik. Xoş izləmələr!

# 5826
avatar

Nigar Namiq

Oxşar yazılar