Qırmızı günün  qara mahnısı   - Xınayaxdıda oxunan  məşhur türkünün   hekayəsi
06 fevral 2024 19:24 (UTC +04:00)

Qırmızı günün qara mahnısı - Xınayaxdıda oxunan məşhur türkünün hekayəsi

Türkiyədə xınayaxdı mərasimlərində oxunan bir türkü son zamanlar Azəraycanda da ifa edilir. Gəlin olmağa hazırlaşan qızlar bu türkünün sədaları altında əllərinə xına yaxır, gələcək gözəl günlərin xəyalını qurur, böyüdüyükləri yuvadan uçub gedəcəkləri üçün göz yaşları tökürlər. Hüznlə səadətin birləşdiyi bu türkünün əslində çox kədərli bir hekayəsi var.

Söhbət "Yüksək-yüksək təpələrdə ev qurmasınlar" türküsündən gedir.

Lent.az  “Belə yaranıb” rubrikasında bu mahnının yaranmasının arxasında dayanan o yanıqlı həyat hekayəsini təqdim edir.

Anadoluda ucqar kəndlərdən birində Zeynəb adlı gözəl bir qız olub. 16 yaşına çatdıqda kəndlərində toya gələn Əli  adlı bir gənc Zeynəbi görür və bir könüldən min könülə ona aşiq olur. Gənc öz kəndlərinə qayıdır və elçilərini Zeynəbgilin qapısına göndərir. Zeynəbə toy edib, Əlinin kəndinə göndərirlər.

Zeynəbin ərə getdiyi kəndlə öz kəndləri arasında üç gün - üç gecəlik məsafə varmış. Kasıblıq, imkansızlıq Zeynəbə uzun illər ata evinə qonaq getməyə imkan vermir. Zeynəb 7 il  valideynlərini və bacılarını görə bilmir. Ailəsinin, kəndinin həsrət Zeynəbin qəlbində böyüyür,onu alov-alov yandırır.

Lakin Əlinin artıq Zeynəbə o böyük sevgisi sönüb gedib. Ona görə də xanımın arzusuna əhəmiyyət vermir, tez-tez acılayır, xor görür. Zeynəb ərə getdiyi kənddəki yüksək təpənin başına çıxar, gözləri öz kəndlərindən gələn yollara dikilər,  öz qoşduğu, kədərli yaşamını ifadə edən o həzin mahnını oxuyarmış.

Yüksek yüksek tepelere ev kurmasınlar

Aşrı aşrı memlekete kız vermesinler

Annesinin bir tanesini hor görmesinler

Uçan da kuşlara malum olsun

Ben annemi özledim

Hem annemi hem babamı

Ben köyümü özledim.

Əri tez-tez Zeynəbi təhqir edir, əziyyət verir. Doğmalarından uzaqda yaşadığı bu çətinlik, həsrət gözəl gəlini yataq xəstəsinə çevirir. Qonşular Zeynəbin öldüyünü hiss edib, ərindən ata-anasına xəbər verməsini istəyirlər.

Başqa çarəsinin olmadığını anlayan əri qayınana və qayınatasına xəbər verməyə gedir. Üç gün üç gecə davam edən yolçuluqdan sonra kəndə çatan valideynlər Zeynəbi yataqda görürlər. 

Ömrünün qürubunu yaşayan Zeynəb anasının qucağında “Yüksek yüksek tepelere ev kurmasınlar, Aşrı aşrı memlekete kız vermesinler” deyərək gözlərini əbədi yumur. Bəlkə də öz yaşadıqları bacılarının, başqa qızların başına gəlməsin deyə son gücü ilə vəsiyyət edirdi, qara bəxtli gəlin.

Gözəl Zeynəbin oxuduğu bu türkü dildən-dilə düşür, ellərə yayılır. Əslində qərblikdə həsrət çəkən gəlinin “qızları uzaq ellərə ərə verməyin vəsiyyəti” sayılan bu türkü nədənsə ərə gedən qızların “himninə” çevrilir.

Səadətə gedən yola bu həsrət türküsü ilə başlamaq sizcə nə qədər doğrudur?

# 5607
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar