Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ilə müqavilə bağlamağı planlaşdırır.
Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin məlumatına görə, klubun prezidenti Fəhd bin Nafel ABŞ-dadır və yaxın günlərdə futbolçunun atası Xorxe Messi ilə görüşməyi planlaşdırır. Funksioner hücumçunun bu yay “Əl-Hilal”a keçidi ehtimalını araşdırmaq istəyir.
Messinin Amerika klubu ilə müqaviləsi 2025-ci ilin dekabr ayına qədərdir. Daha əvvəl mətbuatda futbolçunun Argentinanın "Nyuells Old Boyz" klubuna keçəcəyi barədə məlumat yayılıb.
Hücumçu 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu mövsüm argentinalı müxtəlif turnirlərdə 23 oyunda 16 qol vurub.
38 yaşlı Messi səkkiz dəfə “Qızıl top”un qalibi və tarixin ən çox mükafat alan futbolçusudur. O, əvvəllər "Barselona" və "Paris Sen-Jermen"də çıxış edib. Beşqat "Qızıl top"un sahibi portuqaliyalı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir.