Qapısız hamam, dağılmış pilləkənlər, soyuqda yaşayan 87 yaşlı yazıçı - Əlisa Nicatın evindən REPORTAJ
01 dekabr 2022 18:32 (UTC +04:00)

Qapısız hamam, dağılmış pilləkənlər, soyuqda yaşayan 87 yaşlı yazıçı - Əlisa Nicatın evindən REPORTAJ

Masazırda, Hüseyn Arif ünvanındayıq. Yazıçı Əlisa Nicatın evində...

100-dən çox kitab müəllifi olan Əlisa Nicat ötən gün maddi durumu ilə bütün medianı silkələdi. Əynində olan nimdaş geyimi ilə çəkilən fotosu onun durumunun bariz nümunəsi oldu. 

Əlisa Nicat deyib ki, pulu olmadığı üçün soyuq havada evində cəmi 2-3 saat qaz yandıra bilir. 

Lent.az-ın əməkdaşı elə tanınmış yazıçının yaşayış şəraiti ilə yaxından tanış olmaq üçün onun evinə gedib.

Yol boyu onun haqqında sosial şəbəkələrdə yazılan rəyləri, yazıçıların münasibətlərini oxuyurdum. Etiraf edə bilərəm ki, ən çox diqqətimi çəkən onun fəlsəfi düşüncələri, son zamanlar mütaliə etdiyi sevginin yaranma tarixi idi…

Budur, çatdıq. Qapıdan içəri girəndə hiss olunur real vəziyyətin necə olduğu. 

Həyətdə qırıq stollar, qapısız hamam, dağılmış pilləkənlər…

Siyuqdan əllərimiz donduğu üçün iti addımlarla sökülmüş pilləkənləri qalxıb Əlisa Nicatın birotaqlı “daxmasının” qapısını açıb, onunla söhbət etmək üçün içəri girdik. Ən çox diqqətimi çəkən kreslonun üstündə quruyub büzülmüş narlar idi…

Əlisa Nicat:

“Təsirləndim eee…

Ömrümdə bir dəfə ağlamışdım. Oğlum uşaq olanda xəstələndiyi üçün həkimə aparmışdım. Erməni tibb bacısı qəsdən iynə vurub zəhərləmişdi. Bir də indi məni ziyarətə çox adam gəldi deyə kövrəldim”. 

Onunla söhbətə başlayırıq:

- Necəsiniz, Əlisa müəllim? Səhhətiniz necədir? Eviniz istidir…

- Əlayam. Özümü yaxşı hiss edirəm. Heç bir şikayətim yoxdur. Bir də ara-sıra ürəyim ağrıyır, başqa heç nə. Elə buna görə də xırda dərmanlar atıram. 5 il qabaq getmişəm həkimə. 

Əslində gündüz vaxtı istiliyi qoşmuram. Gecə yatmazdan 3-4 saat qabaq qoşuram, yatanda da söndürürəm. Dünən Şahbaz paylaşdı deyə, bir adam 20 manat pul göndərdi, mən də gedib qaz pulunu yüklədim. Hər il qışı belə yola verirəm. 

- Sizin yaşayış durumunuz dünəndən bəri sosial şəbəkələrdə paylaşılır. Bəs, bununla bağlı hansısa dövlət qurumu zəng edibmi?

- İki nəfər zəng elədi, qazla bağlı köçürmə etmək istəyirdi. Hələ ki bir xəbər yoxdur. Ancaq mediadan gəlib maraqlanıblar. Onsuz da hər il qışım belə keçir. Xoşlamıram kimdənsə pul almağı. Ona görə heç zaman müraciət etməmişəm, etmərəm. 

- Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim sizin müraciət etməyinizi gözləyir...

- Təqaüd üçün AYB-yə heç vaxt müraciət etməmişəm. Özümə sığışdıra bilmərəm. Sadəcə, 3 dəfə prezidentə məktub yazmışam. Bunun birini də Yazıçılar Birliyinə göndərmişdilər. Yazıçılar Birliyi prezident təqaüdü almağıma razı idi. O zaman Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə idi. O demişdi ki, Əlisa Nicat “Bizim adam” deyil, mən burda olduğum müddətcə o təqaüd almayacaq. Elə də oldu (gülür).

Anar bildirib ki, pensiya ilə bağlı mən AYB-yə müraciət etməliyəm. AYB-dən köməklik lazım deyil. Əgər təqaüd verirlərsə, razı olaram. 

- İllərlə gələn bir tendensiya var. Savadlı insanların son vəziyyəti acınacaqlı olur. Siz nə düşünürsünüz bu barədə?

- Bu hər zaman belə olub. Haqqı tələb edən, yaltaqlanmayan, “bizim adam” olmayanların sonu mənim kimidir. 

- Biz içəri girəndə niyə kövrəlmişdiniz? 

- Məni heç zaman belə yad edən, axtaran olmamışdı. Bu otaq həmişə sakit, səssiz olub. Bu gün isə səhərdən otaqda tək qalmamışam. Qapım hər dəqiqə açılıb. Bu məni çox kövrəltdi.  Ömründə belə şey görməmişdim axı. 

- Gündə neçə dəfə yemək yeyirsiniz?

- Gündəlik qidamın 90 faizi meyvədir. Hər gün səhər duran kimi alma yeyirəm. Aç qarına mütləqdir alma yemək. Hər gün axşam 11-də yatıb, səhər 8-də oyanıram. Arada gecəyarısı yuxu gördüyüm üçün dururam.

- Yuxulara inanırsınız?

- Yox, yuxunun heç biri düz deyil. Tamamilə məntiqsiz və mənasız bir şeydir. Yuxuya əhəmiyyət vermək heç doğru deyil. Arada pis yuxu görəndə özümə əsəbləşirəm. 

- Bəs, o biri dünyanın olmasına? 

- Yox, o biri dünya deyilən heç nə yoxdur. Bir rusiyalı arvad var idi. O, insanların heç vaxt ölmədiyini deyir. 

- Gənc nəslin ən böyük səhvi nədir?

-  Azərbaycanlıların ən böyük bədbəxtliyi kitab oxumamaqlarıdır. Kitab oxumamaq nədir? Qanmazlıqdır da. İnsan necə kitab oxumaya bilər? Sonra haqqını tələb etməmək. Həqiqətə qarşı susmaq. İndiki gənclərin əksəriyyəti “bizim adamlar”dır. Hər hansı bir evi kitabsız təsəvvür edə bilmirəm. Mən indi belə, istədiyim kitabı tapanda sevincimdən uçuram.

- Amma siz də kitab oxudunuz, amma heç “ağ günə” çıxmadınız...

- Yeməyin var? Ət ala bilirsən? Qurtardı getdi də. Ayda 500 alıram, bəsimdir. Məndən yaxşı yaşayanlar cəhənnəm olsun. O qədər var-dövləti neyləyəcəm? Vəziyyətimdən çox razıyam. Ac deyiləm, dolanışığım ortadır. Bu da məni xoşbəxt edir. 

- Gənc yaşlarda hamının könlünü çalan biri olur. Sizin könlünüzü kim çalmışdı?

- Bakının bir nömrəli gözəlini sevirdim. Nüşabə adlı, polkovnikin qızı idi. Onu hər gün ötürürdüm evə. Sonra başa düşdüm ki, mən işsiz, kasıb, o, polkovnik qızı. Biz yola getmərik. 

Ondan ayrılandan sonra bir hekayə yazdım. Elə özüm də hekayənin qəhrəmanı oldum. Qızı vermədikləri üçün bütün şəhəri yandırır. 

- Yoldaşınız ötən il rəhmətə gedib. O da sizinlə burda yaşayırdı? 

- Yox, o, aşağıda oğlumla qalırdı. Mən buranı, bir deputat var, onun köməyi ilə tikdim. Bura mənim yazı otağımdı. Nərimanovda yaşayırdım, yaxşı evim var idi. Özüm bura qaçıb gəldim. Ən nifrət etdiyim, qorxduğum şey səs-küydür. Necə Allah orda oturub sakit, indi mən də oturmuşam sakit burda. 

Əlisa Nicatın həyat yoldaşı...

- Allaha inanırsınız? 

- İnanıram. Düzdür, bir zamanlar gəl-getli fikirdə idim bu barədə. Amma araşdırmalarım nəticəsində kəşf etdim ki, Allah kimdir. Kainatda enerji var. Bu da Allahın əlindədir. 

Divarın bir küncündə qoyulmuş taxta stolun üzərində isə Ludviq van Beethovenin diskləri, yüzlərlə film kasetləri və Əlisa Nicatın şəkər qabı...

Bu da belə... Ümid edək ki, Əlisa Nicat kimi yazıçılarımız diqqətdənkənar qalmasınlar.

# 14139
avatar

Fidan İlqar

Oxşar yazılar