“Pijama” ilə video çəkirəm” - TikTok-da aşsüzənlə mahnı oxuyan Raul Lent.az-a DANIŞDI
12 mart 2024 14:09 (UTC +04:00)

“Pijama” ilə video çəkirəm” - TikTok-da aşsüzənlə mahnı oxuyan Raul Lent.az-a DANIŞDI

Texnologiya inkişaf etdikcə insanların pul qazanmaq, məşhurlaşmaq üçün yolları dəyişir. Bir zamanlar televiziyaya çıxıb məşhurluq qazanmaq istəyənlər, indi “TikTok”da canlı açaraq gündəmə gəlirlər.

Amma danılmazdır ki, bu gündəmə gələnlər arasında həqiqi istedadı olan gənc nəsillər də var. Elə bu gənclər sırasında olanlardan biri də aşsüzəndə ritm tutaraq, öz səsi ilə insanları heyran qoyan 10 yaşlı Raul Hüseynovdur.

Lent.az “TikTok”da məşhurlaşan Raul Hüseynovla həmsöhbət olub.

Redaksiyamıza gələn Raul söhbətə özünü təqdim etməklə başlayıb. O bildirib ki, 2 yaşından mahnı ilə yatırmış:

“Mən, Raul Hüseynov. 10 yaşım var. Hazırda 200 nömrəli məktəbin 3-cü sinif şagirdiyəm. Lap balacalığımdan musiqi duyumum olub. Valideynlərimin dediyinə görə, 2 yaşımda ancaq mahnı ilə yatırmışam. Bundan sonra, qarşıda ancaq musiqi ilə məşğul olmaq istəyirəm. Düzü, anam pilot olmağımı istəyirdi. Amma mənim marağım musiqi sahəsinədi. Təhsilimi də bu sahədə davam etdirmək istəyirəm. Heç bir musiqi təhsilim yoxdur. Amma bir neçə aydır ki, Aybəniz Haşımovanın tələbəsiyəm”.

Deyə bilərik ki, Raul Hüseynov sosial şəbəkələrdə ritm tutarkən arxası əməllicə əzilən aşsüzənlə oxuduğu video daha çox diqqətləri çəkib. Elə özü də bunu vurğulayıb:

“Mahnı oxuduğum, ritm tutduğum videolar çoxdur. Amma ən çox pijamada, əlimdə aşsüzənlə oxuduğum video sosial şəbəkədə səs saldı. Anam meyvələri yuyub qoyurdu aşsüzənə, mən gizlincə gəlib boşaldıb, mahnı oxuyurdum. Elə o videodakı aşsüzənlə o qədər ritm tutmuşam ki, barmaqlarımın zərbəsindən əzilib. Evdəki qazan, qab fərqi yoxdur. İçi boş olan qab-qacaq tapan kimi, ritm tutub, mahnı oxuyuram.

Həm də özümdə aktyorluğu hiss edirəm. Baxanlar rəy bölməsində mahnı oxuyanda etdiyim mimiklərdən yazırlar. Musiqi ilə yanaşı bu sahədə də özümü sınamaq istəyirəm”.

10 yaşlı ifaçı yataq geyimi ilə video çəkməsini barədə çox sual verildiyini deyib:

“Hamı soruşur ki, niyə pijama ilə mahnı oxuyub, video çəkirəm. Bütün günü dərsdə, hazırlıqda olduğum üçün videoları ancaq axşamlar çəkə bilirəm. Axşam evdə də ancaq pijamada oluram. Videolarımı da elə çəkirəm. “TikTok”da paylaşdığım videoları anam seçir”.

# 4911
avatar

Fidan İlqar

Oxşar yazılar