Süleyman Abdullayev
21 iyun 2021 12:47 (UTC +04:00)

Süleyman Abdullayev

"Mütləq bu axşam kiminləsə yeyib-içəcəm" - Süleyman Abdullayev

Xanəndə, Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) APA-ya müsahibəsi

Bir neçə dəfə “narahat olmayın, ünvanı özümüz tapacağıq” desəm də, Dədə Süleyman bizi qarşılamaq üçün küçədə gözləyirdi. Mənim yanımda fotoqrafımız, Dədənin yanında qonşusu. Dədə bizi həyətə dəvət edir. Hal-əhvalımızı, necə gəldiyimizi soruşub cavab aldıqdan sonra üzrxahlıq edir. Deyir ki, tək yaşadığı üçün evdə bizə çay-çörək hazırlayacaq kimsə yoxdur. O, danışdıqca sözlərindəki səmimiyyəti hiss edirəm, bu sözlər şablon sözlər deyil, bu davranışın adı qonaqpərvərlik deyil, insanpərvərlikdir. Bizim özümüzü rahat hiss edib-etməməyimizi sorğulayan nigaran baxışlarını görəndə ağlıma ilk bu sual gəlir. İndiki dövrdə özü də bu yaşda Dədə bu saflığı bu təmizliyi necə qoruyub saxlaya bilib? Ağlıma gələni dilimə gətirib soruşdum Dədədən.

- Mən safam? (gülür) Bu, gendən gəlir, kökdən gəlir.

- Ancaq Habil də, Qabil də eyni atanın övladı idi.

- Əlbəttə, tək gen yox, başqa amillərin də təsiri var. Ancaq ən önəmlisi gendir, gen.

- Dədə Süleyman, tək yaşamaq çətin deyil ki? Sizə qulluq edən varmı?

- Hə, qızım gəlir tez-tez. Evimi təmizləyir, yeməyimi bişirir, paltarımı yuyur, bazarlığımı edir.

- Bəs, sənət yoldaşlarınız necə? Onlar gəlib gedirmi?

- Hə, Allah onlardan da razı olsun. Tez-tez gəlirlər, zəng edib halımı xəbər alırlar. Elə o gün Babək gəlmişdi. Bax, orda (manqalın yerini göstərir) qəşəng bir kabab çəkdi.

- Bəs əvvəlkilərdən?

- Əvvəlkilərdən kim qalıb ki? Bir Arifdir, bir Zeynəb. Ariflə elə dünən danışmışam. Arif demişkən, Arifin bizim həyətimizdə əkdiyi tut ağacı var.

- Zeynəb xanımla tələbə yoldaşı olmusunuz həm də...

- Hə, Seyid Şuşinski bəzi kurslara bir yerdə dərs keçirdi. Zeynəb xanım üçüncü kursda olanda, mən birinci kursda oxuyurdum, biz də birlikdə dərs keçirdik. O mənim xətrimi çox istəyir, elə mən də onun xətrini çox istəyirəm. Bir dəfə efirdən demişdi ki, Seyidin iki gözəl tələbəsi vardı, biri mən, biri də Süleyman. Niyə Süleymana ad vermirsiniz?

- Seyidin adını nəvənizə qoymusunuz. Bu sədaqət varsa, çox güman Seyid Sizin üçün bir müəllimdən daha artıq olub.

- Məni ağa kəşf eləyib. Biz tələbələri Seyidə ağa deyirdik. Deməli, mən onuncu sinifdə oxuyanda müəllimim dedi ki, Seyid gəlib, yaxşı səsi olan uşaqlar axtarır. Ağabala Abdullayev də sənin adını deyib. Hazırlaş, gedirik Seyidin yanına. O vaxt mən kənddə-kəsəkdə özüm üçün oxuyurdum deyə, səsimdən xəbəri olanlar vardı. Müəllim bunu mənə deyəndə düşüb müəllimimin yanına getdim Seyidin yanına. Gördüm, ağsaçlı, əlində çəlik, qəşəng geyinmiş bir kişidir Seyid. Uzun sözün qısası, mən oxudum, səsim xoşuna gəldi. Dedi ki, məktəbi qurtaran kimi gəl Bakıya. Elə də etdim. Məktəbi bitirəndən sonra gəldim Bakıya, Seyidi tapdım. Seyid təkcə mənim müəllimim olmayıb, sözün əsl mənasında dəstəkçim olub. Allah ona rəhmət eləsin.

- Sizə niyə Dədə deyirlər?

- Bu adı mənə insanlar verib. Heç bilmirəm birinci dəfə kim mənə Dədə deyib. Deməli, o vaxtlar mən toya gedəndə heç kimə qiymət oxumurdum. Məndən qiymət soruşanda deyirdim ki, nə verərsən verərsən. Həmişə qazandığımı kasıbla, ehtiyacı olanla bölüşmüşəm. Bu adı da mənə əliaçıqlığıma görə veriblər. Yəni ona-buna dədəlik edirsən, biz də sənə Dədə deyək. Heç mənim adım da əvvəl Süleyman olmayıb. Mənim əsl adım Rəvan olub - onuncu sinfə qədər... Onuncu sinifdə oxuyanda atamın dostunun oğlu qəzaya düşüb rəhmətə getmişdi. Onun da adı Rəvan idi. Atam da ondan sonra məndən xəbərsiz adımı dəyişmişdi. Mən bir də attestatımı alanda bilmişdim ki, atam adımı dəyişib. Atamın həmin dostu nə qədər deyib ki, dəyişmə, qoy qalsın. Atam qulaq asmayıb, deyib ki, səndən ayıbdır. Görün, o vaxt insanlar necə qanacaq-mərifət sahibi olublar.

Bildiyim qədəri ilə sizin kəndiniz - Füzuli rayonunun Qoçəhmədli kəndi varlı kənd olub. Sizin ailəniz necə, kəndin varlı ailələrindən idi?

- Bəli, bizim kənd varlıların kəndi olub. Seyid deyirdi ki, mən Qoçəhmədlidə toyda olanda çuvalla pul yığırdım. Mənim ailəm də əvvəllər çox varlı olub. Sovet hökuməti gələndən sonra bizimkilərin də var-dövlətini alıblar. Mən düşmüşəm dədəmin kasıb, çarıq yeyən vaxtına. Amma sonralar yaxşı qazanmışam, yaxşı da yaşamışam. Yaxşı yadımdadır, o vaxt yağın içində “QAZ-24” almışdım.

Yadıma düşmüşkən, bunu da danışım. Deməli, o vaxt Türkiyəyə konsertə getmişəm. Mən orda olanda bir azərbaycanlı məni öz qızının nişan mərasiminə dəvət elədi. Bu azərbaycanlı da İkinci Dünya müharibəsindən sonra vətəndən didərgin düşən soydaşlarımızdan idi. Deməli, bu azərbaycanlı Türkiyədə olduğu vaxt dünyaya gələn oğluna Azər, qızına da Baycan adı qoyubmuş. Məni də oxumaq üçün Baycanın nişanına dəvət etmişdilər. Nişan mərasimində başqa azərbaycanlılar da iştirak edirdi. Mən oxuduqca onların yadına Vətən düşürdü. Elə istəyirdilər ki, oxuyum... Uzun sözün qısası, oxudum, qavalım da pulla dolub daşdı.

Bir də ki, mən təkcə toylardan qazanmırdım, həm də Prezident təqaüdü alırdım.

Deməli, Heydər Əliyev 1993-cü ildə təqaüd veriləcək Xalq artistlərinin siyahısında mənim adımı görmür. Siyahını tərtib edənləri çağırıb deyir ki, Süleyman adında bir qara oğlan vardı e, bal kimi oxuyurdu, onun adı niyə yoxdu? Gedin, onu tapın. Bir də gördüm ki, məni axtarırlar. Mən o vaxt nə Əməkdar, nə də Xalq artisti idim. Amma adım Xalq artistləri ilə bir sırada idi.

- İndi də Xalq artisti deyilsiniz. Buna görə incik deyilsiniz?

- Yox, deyiləm.

- Yoldaşınız üçün darıxırsınız?

- Yoldaşım yuxuma gələndə fatihə oxuyuram. Düşünürəm, birdən məndən inciyər, darıxar. Deyirəm, darıxma, mən də gəlirəm. Nə qalıb ki?

- Təklik Sizi bezdirmir?

- Dostlar sağ olsun, tək qoymurlar məni. Bax, elə götürək bu günü. Mütləq bu axşam kiminləsə yeyib-içəcəm.

- Deməli, yeyib-içən adamsınız.

- Boy, bəs nə? Ancaq elə çox içən adam deyiləm. Çox nadir hallarda. İnanırsınız, mən 52 yaşına qədər dilimə içki vurmamışam. Səsimi qorumuşam.

- İndi də səsinizi qoruyursunuz?

- Görmürsən, necə oxuyuram? 82 yaşım var e, mənim. Səsimi qorumasam, oxuya bilərəmmi heç?

- Bu gün gənc xanəndələr içərisində səsini, sənətini bəyəndiyiniz varmı?

- Ehtiram, Qoçaq, Təyyar, Anar, Mirələm, Səbuhi, adların yadımdan çıxardığım hələ neçəsi. Hamısından razıyam. O vaxt bizim muğamımız beş-on ölkədə tanınırdısa, bu gün onların hesabına bütün dünya tanıyır.

- Bəs, pis oxuyanlar?

- Hə, pis oxuyanlar da var. Onları da pis edən çox vaxt toyxanalar olur.

- Siz də toya gedirdiniz. Bəs, bu toyxana sizi niyə “pis” eləmədi?

- Sən o vaxtın toyu ilə bu günün toyunu bir tutursan? Bu gün keçirilən toya toy deyirsən? Toy musiqiçi üçün ikinci məktəbdir. Biz o vaxt səhərdən-axşama toy oxuyurduq. İndi saat altıda toy başlayır. Müğənni iki-üç mahnı oxuyur, bu da olur toy. - Övladlarınız arasında davamçınız olmadı.

- Hə, heç biri oxumadı.

- Razısınız, övladlarınızdan?

- Yox deyiləm. Bircə qızımdan razıyam.

- Siz belə deyəndə incimirlər?

- Neyniyim, yalandan tərifləyim? Gərək mənim övladlarım alim olaydı, professor olaydı. Olmadılar. Bircə qızımdan razıyam.

- Bəs, özünüzü necə, yaxşı övlad hesab edirsiniz?

- Onu mən necə deyim? Məncə, pis övlad olmamışam. Hələ uşaq yaşlarından evdəkilərə can yandırmışam. Bir əlil qardaşım vardı. Sona qədər baxdım. Gətirib bir müddət Bakıda yanımda da saxladım. Öləndə də aparıb Beyləqanda basdırdım.

- Beyləqanda niyə?

- Beyləqan Füzuliyə yaxındır. Dedik, Füzuli alınanda məzarını ziyarət eləmək rahat olsun.

- Qoçəhmədli bu gün azaddır. Gördünüzmü kəndinizin görüntülərini? Sizin evinizi də erməni viran qoyub yəqin.

- Gördüm, gördüm. Neynəməli? Ev-eşik bir yana, əsas torpaqdır, torpaq. O da bizdədir.

- Yəqin bu yaxınlarda sizi Qoçəhmədlidə görərik...

- Bəs nə. Gedəcəm, mütləq gedəcəm. Atamın-anamın qəbrini ziyarət edəcəm, kəndimin bulaqlarının suyunu yenidən içəcəm. O torpaqda yenidən oxuyacam e.

- Hansı mahnını?

(qavalını əlinə alıb, oxumağa başlayır)

Qarabağlı olan, başla bir muğam,

Qurbanam səsinə, oxu, dilə gəl.

Füzuli qəzəli, Vaqif qoşması

Qoşulsun bu əsən həzin yelə, gəl.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3015
avatar

Oxşar yazılar