"Kino ittifaqının vəsiqəsini çoxdan cırıb atmışam” - İstefa verənlər Lent.az-a danışdılar
26 yanvar 2023 12:14 (UTC +04:00)

"Kino ittifaqının vəsiqəsini çoxdan cırıb atmışam” - İstefa verənlər Lent.az-a danışdılar

Xəbər verdiyimiz kimi, bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina edib.

İttifaqdan istefa vermiş keçmiş mətbuat katibi Əli Vəliyevin Lent.az-a verdiyi məlumata görə, istefa verən şəxslərin getməsinə səbəb Şəfiqə xanımın onları saymaması, yeyintiyə yol verməsi, şəhid və qazi ailələri üçün əməkdaşların topladığı 2820 manat vəsaiti mənimsəməsi olub.

Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi İttifaqdan istefa verənlərin arasında Xalq artistləri Əbdül Mahmudov, Ramiz Məlikov, Tariyel Qasımov, Əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi Yavər Rzayev, həmçinin Yusif Quliyeva, Reyhan İsayeva, Yalçın Verdiyev və başqalarının adı var.

Xalq artisti Ramiz Məliklə əlaqə saxlayıb, nə üçün istefa verdiyini öyrənmək istədik. Ramiz Məlik çox əsəbi və kobud şəkildə bütün gecəni əsəbindən yatmadığını, bu barədə heç bir şey danışmaq istəmədiyini dedi. O, sadəcə istefa verdiyini təsdiqlədi.

Xalq artisti Tariyel Qasımov Lent.az-a bildirdi ki, Şəfiqə xanım Özbəkistandan onun adına gəlmiş dəvəti qəsdən gizlətdiyinə görə əsəbiləşib. Bu Şəfiqə xanımın etdiyi ilk xəta deyilmiş:

“Getsin teatrda işləsin, Kino ittifaqa rəhbərlik elədi, bəsdir, Mən istefanı dünən verməmişəm, AzTV-nin efirində çıxışım zamanı vəsiqəmi cırdım, bildirdim ki, ora mənim yerim deyil. Seçkiyə getməmişəm. Bu saxtakarlıqda iştirak etməmişəm”.

Xalq artisti Ənvər Həsənov da Şəfiqə xanımın rəhbərliyindən narazılığını bildirdi:

“Yalandan dedilər ittifaq mən xəstə olanda yardım üçün pul ayırıb. Heç bir yardım edilməyib, ümumiyyətlə bu qurum nə işə yarayır bilinmir? Kinomuzun inkişafında rolu yoxdur, ictimai təşkilatdır. Ehtiyacı olan, yaşlı aktyorların problemləri ilə məşğul olmalıydı. Biz heç nə görmədik. Bir kinoya iki ittifaq olmamalıydı”.

# 5526
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar